Çindən ABŞ-a xəbərdarlıq — “Ordumuz boş oturmayacaq”

Çindən ABŞ-a xəbərdarlıq — “Ordumuz boş oturmayacaq”

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszian ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinin “Çinin daxili işlərinə kobud müdaxilə” olacağını bildirib və bunun “çox ciddi hadisələrə və nəticələrə” gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Çjao brifinq zamanı deyib: 

“ABŞ-a bir daha bildirmək istərdik ki, Çin Xalq Azadlıq Ordusu heç vaxt boş oturmayacaq və Çin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün güclü cavab tədbirləri və əks tədbirlər görəcək”. 

Jurnalistlərin Pelosi Tayvana gedərsə, Çinin hansı tədbirləri görə biləcəyi ilə bağlı sualına isə Çjao “Əgər tayvana getməyə cəsarət edərsə,gözləyək və görək” deyə cavab verib. 

Çin ABŞ rəsmilərinin Tayvana səfərlərini adadakı müstəqillik tərəfdarlarının düşərgəsinə təşviqedici siqnal kimi qiymətləndirib. 

Vaşinqtonun Tayvanla rəsmi diplomatik əlaqələri yoxdur, lakin ABŞ qanunlarına görə adanı özünümüdafiə vasitələri ilə təmin etmək tələb olunur. Respublikaçı Nyut Qinqriç 1997-ci ildə Tayvana səfər edən Nümayəndələr Palatasının sonuncu sədri olub.

Tayvanın Xarici İşlər Nazirliyi Pelosinin səyahət planları ilə bağlı xəbərləri şərh etməyəcəyini bildirib. 

Ağ Ev Çinin ritorikasını əsassız və yersiz adlandırıb. Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bazar ertəsi səhər tezdən CNN-ə açıqlamasında deyib: “Konqres liderlərinin Tayvana getməsində qeyri-adi heç nə yoxdur”.

Ağ Evdən verilən açıqlamada isə deyilir: “Biz bu ritorika və ya bu potensial hərəkətlərdən qorxmamalıyıq. Bu, spiker üçün vacib səfərdir və biz bunu dəstəkləmək üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, ötən cümə axşamı telefon danışığı zamanı Çin prezidenti Si Cinpin ABŞ Prezidenti Co Baydenə xəbərdarlıq edib ki, Vaşinqton “vahid Çin” prinsipinə əməl etməlidir və “odla oynayanlar özləri onda yanacaq”.

Nuranə Abbasova


Share: