Ceyhun Səlimov və Abdulvahab Salamzadə küçələrinin kəsişməsində (8 noyabr m/s, Papanin körpüsünün yanı) yolda yarım qalmış təmir işləri ilə əlaqədar problemlər yaşanır.
Oxu.Az xəbər verir ki, yol təmir olunan zaman səkinin 12-15 metrlik hissəsi yarımçıq qalıb.
Bu hissədən keçən piyadalar toza, yağış zamanı isə palçığa batmamaq üçün üç istiqamətdən gələn avtomobillərin yoluna enmək məcburiyyətindədirlər.
Sakinlər səkinin bu hissəsindəki çatışmazlığın aradan qaldırılması üçün sosial şəbəkədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanlayıblar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ nəzarətə götürülsə də, yolun səki hissəsinin təmiri məsələsi AAYDA-nın səlahiyyətində deyil.