“Oğlum saxta ittihamlarla həbs edilib” — Qazi anası

“Oğlum saxta ittihamlarla həbs edilib” — Qazi anası

“Binə” ticarət mərkəzində uşaq geyimləri mağazasında satıcı işləyən Vətən Müharibəsi iştirakçısı Şəhriyar Musayevin anası Sevinc Musayeva oğlunun əsassız olaraq həbs edildiyini iddia edir.

O, “Qafqazinfo”ya müraciətində bildirib ki, övladı dələduzluqda ittiham edilərək türkiyəli sahibkarın şikayəti əsasında saxlanılıb və barəsində cinayət işi başlanıb:

“Şəhriyar 2019-cu ilin sonlarından “Binə”də Türkiyə vətəndaşı Necati Gürelə məxsus “Tintini” mağazasında satıcı işləyib.

Oğlum 2020-ci il sentyabrın 29-da Vətən Müharibəsinə getdi. Həmin vaxt Gürelin ona 1800 manat borcu qalmışdı. Şəhriyar İkinci Qarabağ Müharibəsi veteranı kimi geri qayıtdıqdan sonra Gürellə həmin mağazada faizlə işləməyə razılaşıblar. Satışdan əldə edilən gəlirə görə iş adamı oğluma 17 580 manat verməli idi, amma müxtəlif bəhanələrdə pulu ödəmədi. Bundan sonra Şəhriyar işdən çıxıb Necatiyə rəqib olan başqa dükanda işləməyə başladı. Necati də hər dəfə ona həmin dükanda işləməməsini deyərək onu cəzalandıracağını deyirdi. Bundan sonra Şəhriyar hüquq-mühafizə orqanlarına müraciət edərək borcunu tələb etdi”.

S.Musayevanın sözlərinə görə, Necati Gürel bundan sonra onu cəzalandırmaq üçün həmin dükanda işləyən bacısı oğlu Recep Konarın adından hüquq-mühafizə orqanlarına müraciət edərək Şəhriyar Musayevə qarşı 144 min manatlıq iddia qaldırıb: “Konar qeyd edib ki, guya Şəhriyar ondan uşaq geyimləri alaraq ucuz qiymətə satıb və pulu geri ödəməyib. Qaradağ Rayon Polis İdarəsi tərəfindən oğlum Şəhriyar Musayev barəsində saxta sübutlar əsasında Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıbmış.

Müstəntiq Rauf Məmmədov bu barədə oğluma nə yazılı, nə də şifahi məlumat verib. Qəsdən onu axtarışa verərək həbs edilməsi üçün məhkəməyə əsas hazırlayıb. Oğlumun axtarışda olmasından heç xəbəri olmayıb. Cinayət işi bir mütəxəssis rəyi əsasında başlanılıb. Həmin rəy də zərərçəkmiş kimi tanınan Recep Konar tərəfindən verilən qaimələr əsasında hazırlanıb. O qaimələrdə isə oğlumun imzası yoxdur. Qaimələr özü də saxtadır. Araşdırma zamanı heç bir mühasibatlıq sənədinə istinad edilməyib. Şəhriyar işdən çıxdığı gün təhvil-təslim ediblər və heç bir əskiklik aşkarlanmayıb”.

Sevinc Musayeva oğlu ilə bağlı qanunsuz və sifarişli qərar verildiyini iddia edib. O, bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etdiyini bildirib:

“Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanov ədalətsiz qərar verib. Şəhriyar həbs edildikdən sonra Necatinin dostu bizə dedi ki, onlar istintaqa da, məhkəməyə də təsir etmək üçün pul veriblər. Biz sadəcə öz haqqımızı tələb etdiyimiz üçün haqsızlıqla üz-üzə qalmışıq. Şəhriyarın atası Asif və əmisi Əzizağa Musayev Birinci Qarabağ müharibəsi qazisidir, babası Əzim Musayev də Böyük Vətən müharibəsi veteranıdır. Hazırda belə bir ailənin üzvü saxta ittihamlarla, sifariş əsasında qanunsuz olaraq həbs edilib. Bu məsələnin nəzarətə götürülməsini və ədalətli qərar verilməsini xahiş edirik”.

Qeyd edək ki, Şəhriyar Musayevin ev dustaqlığına buraxılması üçün verilən vəsatət təmin edilməyib. Qərar apellyasiya şikayəti verilib, işə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Amin Nəzərli


Share: