Yenə qızımdır zəng edən və telefonun ekranında onun adını görən kimi ağlıma gəldi ki, axı mən, az qala, iki həftə əvvəl nədənsə məz bu gün üçün onu axtaracağımı demişdim, amma neynəmək olar, yadımdan çıxıb, buna görə də telefonu açıb da söhbətimi üzrxahlıqla başlamaq istəyirəm.
O isə salam-kalamsız, bir az da inciklik və özünəməxsus ötkəmliklə məni qabaqlayaraq söhbətə başlayır: Mama- deyir, belə də olur hə, daha mənə də vaxt tapa bilmirsən?
Hə, əməlli-başlı inciyib və mən həmişəki kimi, zarafata salıb, qızım, mama- yox, ana de- demirəm, onsuz da on illərdir ki, yarızarafat, yarıciddi o, belə deyir, mən isə düzəliş edirəm, amma onun müraciət forması dəyişmir, üstəlik zarafatlıq halı da yoxdur, deyəsən, ona görə də guya ki fəlsəfi, bir az da zarafatla:
– Vaxt qoyursunuz ki qala?- deyirəm.
Görünür, danışığımdakı zarafat tonunu tuta bilmədiyindən və yaxud tutmaq istəmədiyindən “İşdəsən? Bilmirəm- deyir, yarım saata gəlib səni götürürəm, gedib bir yerdə seçərik”- söyləyir və cavabımı gözləmədən danışığımızı bitirir. Yəni ki,qərar var, etiraz qəbul edilmir.
Əvvəl-əvvəl “bir yerdə seçərik” deməyindən bir şey anlamasam da az sonra xatırlayıram ki, bir-iki həftə əvvəl onunla əmim nəvəsinin toyuna getmək üçün mən həyətə düşəndə o, artıq maşının yanında gözləyirdi və uzaqdan-uzağa məni süzdü. Ağlıma haradan gəlsin, bu qız mənim geyim- gecimimi saf- çürük edir və nədənsə ona elə gəlib ki, çəkməm əynimdəki paltoyla qətiyyən düz gəlmir. O, həmin məqamda bir söz deməsə də, bu barədə artıq toydan qayıdanda həyətdə, həminki yerdə, bir az da pıçıltıyla bildirdi: “Mama- dedi və hansısa məşhur mağazanın adını çəkdi, arada vaxt elə, orada sənin üçün çəkmələr gözaltı etmişəm, gedib birini götürərik”.
Mən isə zarafata salıram, qızım- deyirəm, birincisi, axı sən ananı ayda bir dəfə qarderobunu yeniləyən biznes- ledilərlə səhv salırsan, bildiyin kimi, mən ali məktəb müəllimi və bir yazı- pozu adamıyam, ikincisi, elə bu çəkmələri keçən il səninlə bir yerdə xaricdə olarkən almadıqmı?
O isə ərkyana, bir az da nazlanaraq “Eee…, mama,- deyir, o gör nə vaxt idi və bir də demirəm ki, özün al, mən almaq istəyirəm”- söyləyir, mən isə onu sakitləşdirmək üçün “Yaxşı- deyirəm, arada vaxt edib gedərik”- deyirəm. O isə əl çəkmir, vaxtı dəqiqləşdirmək istəyir və mənim haradansa bu günkü tarix ağlıma gəlir, beləliklə də söz verməklə bu mövzuda söhbəti bitirmək istəyirəm.
İndi yadına düşür ki, mənim zəng eləmək fikrimin, ümumiyyətlə, olmayacağını yəqinləşdirərək özü gəlir. Əminəm ki, elə yarım saat müddətinə gələcək və məni də mütləq dediyi yerə aparacaq, ona görə də bəri başdan hazırlığımı görürəm. Stolumun üstündəki qeydlərə göz gəzdirirəm: rəhbərliyin yanında iclasdır- olub, Elmi Şura üçün xülasədir- hazırlanıb, əməkdaşların baxmağım üçün stolumun üstünə qoyduqları yazılara da baxıb qeydlərimi etmişəm. Bu isə Vilayət müəllimin təltifi ilə bağlı kiçicik bir hədiyyə götürüb otağında onu təbrik etməyimlə bağlı qeyddir, eybi yox, onsuz da üç gündür gecikirəm, bu gün də gecikə bilərəm, bir günlə nəsə dəyişməz. Vilayət müəllim kolleqalarımızın cərgəsində dayanmaqdan əlavə, həm də müəllimim olub, üstəlik, özünü dayımın dostları cərgəsində hiss etdiyini hər bir məqamda xüsusi vurğulayır, təbrik üçün özüm getməsəm, inciyər. Bu yaxınlarda prezidentimizin sərəncamı ilə ona orden verilib və təsəvvür edirəm ki, həmin sərəncam haqqında eşidəndə müəllimimiz uşaq kimi necə sevinib! Bilirəm ki, məni görən kimi, özünü saxlaya bilməyəcək, bir az qürurlu, bir az da kövrələrək “Bacıqızı, mən bilirdim ki, bizim hörmətli cənab prezidentimiz nə vaxtsa əməyimi qiymətləndirəcək, o, atası kimi alicənab adamdır”- deyəcək, mən isə sadəcə olaraq gülümsəyəcək və Vilayət müəllimin “hökmən qiymətləndirilməli olacaq” əməyini yadıma salmaq istəyəcəm. O isə, deyəsən, ürəyimdən keçənləri nəinki üzümdən oxuyur, deyəsən, heç bunun fərqində də olmur. Təxminən 20-25 dəqiqə danışır, hətta mənim tələbəlik illərimi yadına salır, deyəsən, xatırlamadığım hansısa hadisə zamanı mənim, “gələcəyinə böyük ümidlər bəslənən tələbəsinin” necə müdafiəsinə qalxdığını, “lazım olarsa, rektora qədər gedib çıxacağını” dediyini bildirir. Tərs kimi, hər dəfə onu təbrikə gedərkən hansısa tədbir ortaya çıxır və sonacan qala bilməyəcəyimi nə iləsə hiss etdirmək məcburiyyətində qalıram.
Hə, Vilayət müəllimin sevincini bölüşmək əla olardı, amma neynəmək olar, bu gün ona qulaq asmaq imkanım olmayacaq, qalsın sabaha.
Bu isə nəşriyyatdakı kitabımla bağlı qeyddir, istəyirdim işdən çıxanda özüm ora dəyim, kitabın yeni, yeni dizayndakı tərtibatını görüm, amma o da qalası oldu. Eybi yox, şənbə günü gedərəm və qərarımdan sonra telefonu götürüb qızdan məni kimsənin gözləyib-gözləmədiyini soruşur, 20 dəqiqəyə çıxacağımı deyirəm. Bu, həm də o deməkdir ki, on gündən bəridir, işdən sonra dəniz kənarında həkimin tövsiyəsi ilə başladığım ardıcıl gəzintim zamanı yol yoldaşım olmuş əməkdaşımız Mirvari xanım da bilsin ki, bu günkü gəzintimiz təxirə salınır. Beləcə də qızım gələnə qədər hazırlığımı görürəm. Əminəm ki, dediyi vaxt ərzində o, indi-indi özünü yetirəcək və söhbətinə də hay-küylə başlayacaq. Bilmirəm, bu, haradan xalasına çəkib, dədə-babadan eşitmişik ki, qız, bibisinə çəkir, o isə eynilə Xalidə xalasıdır. Təxminən söhbətə necə başlayacağı da məlumdur: “Mama- deyəcək, gərək mən deyəm, bir özün də fikir ver, gör nəyin vaxtı keçib, nə dəbdən düşüb… Heç özünə diqqət eləmək estəmirsən, e…”- deyəcək.
Birinci dəfə deyil ki…
O, belə deyəndə isə mən, adətən, gülümsəyirəm: gözümün qarşısına gəlir ki, oturub dəb jurnallarını vərəqləyir, paltarların, ayaqqabı və əl çantalarının modellərinə baxıram və sözün açığı, ildən- ilə dəyişən forma və rənglərin hansı prinsiplər əsasında seçildiyini də indiyəcən müəyyənləşdirə bilməmişəm. Buna görə də ilin rəngini, məsələn, ötən ilin, inişilin rəngləri ilə müqayisə edirəm və təbii ki, həmin “ilin rəngləri”ni müəyyənləşdirən insanların niyə məhz bu rəng üzərində dayandıqları barədə isə baş sındırmıram. Bunların üzərində baş sındırmamağım, əlbəttə, istənilən cavabla razılaşa bilməyəcəyimdən mənim üçün mənasız görünür. Formalar ola bilər, amma rənglər…? Şəxsən mən hesab edirəm ki, hər bir insanın özünü biləndən bir rəngi olur.
İndi isə “çəkmə” söhbəti… Əlbəttə, məndə vəziyyət qətiyyən qızımın dediyi kimi deyil, çəkmələrim isə kifayət qədərdir və yüzə-yüz əminəm ki, mağazada gördüyü çəkmə onun diqqətini formasına görə çəkib və hesab edib ki, həmin formadakı çəkmə mənim paltarımı tamamlayar- o, detallara fikir verməyi və həmin detalların yeri- yerində olmasına maksimum ciddi riayət edir və bunu bizdən də gözləyir.
Belə baxanda, bütün zamanların gəncliyi eynidir- onlar birmənalı olaraq reallıqları qəbul etmir, onunla razılaşmaq fikrində olmurlar. Nə olsun ki, şəxsən mən arabir elə bu qızıma təlqin etmək istəyirəm ki, hər zamanın öz reallıq ölçüləri olur.
Onsuz da onlara zamandan başqa nə dərs verə bilir ki… İndi mən qızımı gözləyirəm və haradansa öz gəncliyimin unuda bilməyəcəyim bir xatirəsi yadıma düşür…
Onda mən kifayət qədər böyük qız idim- demək olar, 8-ci sinifdə oxuyurdum (o zamanlar, deyəsən, elə indi də, həmin yaşdan sonra qızların qapısına elçi ayağı açılmağa başlayır). Ailəmizi, hətta o vaxtların ölçüsü ilə, çox böyük hesab etmək olardı- ağam, nənə (yəni atam və anam), 11 uşaqdan ibarət bu böyük ailədə, indiki dilnən desək, saat kimi bir mexanizm yaratmışdı. Həmin mexanizmin isə necə yarandığını demək çətindir, bəlkə lap ağamla nənə qarışıq, hamımız gözümüzü açıb özümüzü onun içində görmüşük.
Böyüklərin vəzifələri məlum idi, onlar öz işlərindən əlavə, həmin vəzifələri can-başla yerinə yetirirdilər, bizim isə dərslərimizə hazırlaşmaqdan əlavə, hər birimizin məxsusi iş “öhdəliyimiz” vardı və həmin “öhdəliklərin” necə yarandığını xatırlaya bilməsəm də o yadımdadır ki, həmin “öhdəliklər” az hallarda pozulardı. Həmin “az hallar” isə müəyyən ekstremal şəraitlər zamanı baş verirdi və deyim ki, o ”eksteimal şərait” nadir hallarda olsa da ortaya çıxırdı, məsələn, qardaşım Vəlinin ərik ağacından yıxılması kimi… “Vəzifə bölgüsü”ndə otlaqdan qayıdan qoyun-quzunun, mal-qaranın qarşısına Vəli çıxardı, çoban və yaxud naxırçıdan evimizin heyvanlarını alar, qarşısına qatıb gətirərdi. Kəndimizin çoban və naxırçıları sürü və naxırı adətən axşamlar, qaş qaralmağa az qalmış kəndə endirərdilər və hər evdən bir nəfər kəndin o başına gedirdi, bizdən də bu iş nədənsəVəliyə həvalə olunmuşdu, ya o özü boynuna götürmüşdü, bunu xatırlamıram, amma hamımız bilirdik ki, bu, iş Vəlilikdir. O biri qardaşlarımız da “vəzifə bölgüsü”ndən kənarda qalmamışdılar və insaf naminə deyək ki, hər biri ona tapşırılan işi, xasiyyətnamələrdə yazıldığı kimi, “qüsursuz yerinə yetirirdi”. İşlərin belə rəvan getdiyi məqamlarda, günlərin birində, axşamtərəfi, mal-qaranın örüşdən enən vədələri, yəni Vəlinin artıq evdən çıxmalı olduğu vaxtlarda qardaşım Məhəmməd hövlənak özünü içəri atdı ki, Vəlini yuxudan oyada bilmirəm. Məhəmməd bu xəbəri gətirəndə pendir tutmaq üçün maya qatdığı süd qazanı nənənin əlində idi və “Vəlini yuxudan oyada bilmirəm”- sözlərini eşidən nənə əvvəl bir şey başa düşmədi, Məhəmmədə tərs-tərs baxıb, “yuxudan oyada bilmirəm nədir, a bala”- dedi. Məhəmməd isə guya ki, peşəkar “yuxudanoyadanlar” kimi, hətta bunu bacarmadığını mızıltı ilə belə ifadə etdi: “nə bilim, qaldıra bilmədim də”- dedi. Onun yerə baxaraq belə mızıldanmağı təsadüfi hallarda özünü itirən nənəni belə, həyəcanlandırdı, onun əlləri boşaldı, süd dolu qazan yerə düşdü. Qarışıqlığın həddi hara çatmışdı ki, özgə vaxtı oxuduğu kitabın üstündən kotanla çəksək belə, qaldıra bilməyəcəyimiz, məndən böyük qardaşım Əli belə, bircə anın içində həyətdə, ərik ağacının yanında oldu. Evdəkilər hamısı həyətə qaçışdı və gördük ki, hə, Vəli “xalamın əriyinn” altında yatır.
Bizim böyük həyətimizdə otuza yaxın ərik ağacı vardı və biz həmin ağaclara ad qoymuşduq: “xalamın əriyi”, “əmimin əriyi”, “dayımın əriyi”, “bibimin əriyi” və sairə. Həmin ağacları ona görə elə adlandırardıq ki, adlarından da göründüyü kimi, o ağacların məhsulu bizim o doğmalarımız üçün yığılıb saxlanılardı, heç birimiz, hətta nə qədər “ramolunmaz” olsa belə, Vəli də həmin meyvələrə toxunmazdı.
İndi isə “xalamın əriyinin”nın altında Vəli mığıl-mışıl yatırdı və ayaqlarını yığması, qollarının bükülməsi də onu göstərirdi ki, bu adam elə bil quru yerdə- otluğun üstündə deyil, öz yorğan- döşəyində yuxuya gedib.
Nənə, həmin təmkinli nənə, elə bil ki, özünə nəzarəti itirmişdi, əllərini dizlərinə çırparaq astadan “Vəli!, Vəli!”- deyirdi, guya ki məsləhət alırmış kimi, üzünü bizə tutub, “bala, buna nə oldu”- soruşurdu, biz isə hamımız, xüsusilə, qızlar donub qalmışdılar, Əli donuxmuşdu, xəbəri gətirən Məhəmməd, ora- bura vurnuxurdu, arada onu qucağına götürmək istədi, nənə “gözlə”- dedi.
Həmin gün qoyun-quzunu gətirmək üçün sürünün qabağına Məhəmməd gedəsi oldu, düzdür, bunun onun ürəyincə olmaması açıq-aydın görünsə də neyləməliydi və eləcə deyinə-deyinə getdi.
Ehtimal ki, o, Vəlinin qarasınca deyinirdi.
Ağam da gəlmişdi, artıq nənə sağını bitirmiş, südü də maşında çəkib qurtarmışdı, biz isə yerdəcə uzanıb yatan Vəlinin yanında idik, nə etdiyimizi bilmədiyimiz həmin dəqiqələrdə nənə deyinə- deyinə gəldi və tərs-tərs bizə baxıb “bunlara bax, usagı içəri də aparmayıblar”- dedi və Vəlini ehmallıca qucağına götürərək evə, yatağına apardı.
Nənə əhvalatı necə var, eləcə də agama danışdı, o isə əvvəl-əvvəl deyilənlərdən bir şey anlamadı, özü Vəli yatan otağa keçdi və bir-neçə dəqiqədən sonra geri qayıtdı, aramla “ağacdan- filandan yıxılmayıb, hə?”- soruşdu. Təbii ki, onun bu sualına hamı birdən “yox”- dedi, ağamsa, bir şey anlamayaraq “yatır, qoyun yatsın”- söylədi, bir tikə yeməyini yedi və yatmağa getdi.
Nənə həmişəki kimi səhər o başdan durub həyət- baca ilə işini bitirmişdi və birdən ağlına nə gəldisə mənə səsləndi, “o uşaq ayılmayıb?”- soruşdu və mən başımı yellədim: yəni ki, yox. “Bir azdan içəri isti olacaq, gətirim onu ağacın altına”- deyən nənə içəri keçdi və bir azdan oğlunu qucağında gətirib həmin ərik ağacının altında, məxsusi Vəli üçün salınmış xırda kilimin üstünə uzatdı.
Gün xeyli əyilmişdi k, nənə yenə gəldi ağacın yanına və bir xeyli, zəndlə Vəliyə baxandan sonra Validəyə Şərəf arvadın dalınca qaçmağı tapşırdı, Validə isə elə bil bunu gözləyirmiş kimi, artıq sual vermədən həyətdən qaçaraq çıxdı. Əli isə Vəlinin yanında diz üstə oturub onun qolunu, qıçını, boynunu “müayinə” edirdi və “müayinə”dən sonra nəsə bir şey tapmadığını elə təəccüblə dedi ki, sanki “baxış”da nəsə tapmalıydı.
Onda mən ilk dəfə əmin oldum ki, bəd xəbər quş kimidir və nənənin çağırtdırdığı Şərəf arvaddan qabaq ağam gəldi, amma ağam gələnə qədər artıq həyətimiz qonum-qonşu ilə dolmuşdu. Hamı nənəyə təskinlik verməklə bərabər, hökmən
qurban kəsməli olduğumuzu xatırladırdı və mən təəccüblənirdim ki, nəyə görə qurban kəsilməlidir idi. Ağamdan bir az sonra Şərəf arvad gəldi. Ucaboy, qadınlarda nadir hallarda rast gəlinən qartalburunlu Şərəf arvad, görünür, yol boyu Validədən lazım olan məlumatları almışdı deyə, kiməsə əlavə sual vermədən ərik ağacının altında, xırda kilimin üstündə uzadılmış Vəliyə yaxınlaşdı. O, kiməsə bir söz demədən ilk əvvəl arxası üstə uzanıqlı huşsuz Vəlinin köynəyini çıxartdı, gömgöy damarları çıxmış əlinin uzun barmaqlarını onun sinəsində gəzdirdi, sonra ehmalca onu üzü üstə çevirib kürəyində əlini dolandırandan sonra qardaşımın qollarını aramla yoxladı, qıçını, topuğunu nöqtə-nöqtə “öz rentgenindən” keçirdi. Az qala başının üstünü kəsdirib durmuş adamlar sanki nəfəs almadan Şərəf arvadın əllərinin hərəkətinə baxırdı və qəribəsi budur ki, onun, demək olar ki, bir dəri və sümükdən ibarət ətsiz sifətində heç bir ifadə yox idi, barmaqlarına zillənmiş soyuq baxışları isə, elə bil, bu arvadın qulaqlarına nəsə pıçıldayırdı. Vəlinin “müayinəsini” bitirdikdən sonra təmkinlə ayağa duran Şərəf arvad elə bil harasa zillənmiş baxışları ilə üst-üstə düşən soyuqqanlılıqla “İmkan verin yatsın, özü nə vaxt ayılarsa, ayılsın”- söyləyərək kənara çəkildi. Qadın o qədər inamlı və birmənalı danışdı ki, ağam hansısa sual verməyi artıq bildi, “Sağ ol, Şərəf ana”- dedi və iki-üç metr o tərəfdəki ağacın altındakı stola tərəf gedib “Gəl bir stəkan çay içək”- söylədi.
Diqqətimi çəkən cəhət bu idi ki, heykəl kimi dümdüz dayanan, sifətinə daş soyuqluğu hopmuş Şərəf arvadı həyətimizdəki ərik ağacının altına toplaşmış bu boyda qadınların heç birinə bənzədə bilmirdim. Ağlıma gətirə bilmirdim ki, bu arvad gülə bilər, və yaxud nənə kimi arada bayatı deyəndə ağlaya bilər… O isə əlbəttə, mənim və yaxud kimsənin nə fikirləşdiyini bilmək fikrində olan adama oxşamırdı, ağamla üzbəüz oturub çay içirdi.
Nənə isə qupquru qurumuşdu, handan-hana, heç Şərəf arvada təşəkkür eləmədən keçib oturmuşdu Vəlinin böyründə və ağlaya-ağlaya onun boynunu, sinəsini ovcalayırdı. Ağam arabir gözucu Vəli tərəfə baxsa da Şərəf arvadla söhbətini kəsmirdi və görünür ki, bu söhbətin mövzusu kəndimizin loğmanı kimi hamının inanıb ehtiram göstərdiyi Şərəf arvadın da ürəyincə idi- onun bayaq mənə ifadəsiz görünən sifəti xeyli canlanmışdı.
Qonşu qadınlar hərəsi bir tərəfə söykənmişdilər və canı dildən Allahın kərəminə şükür edir, nənəyə təskinlik verir, arada da qurbanın hökmən kəsilməsinin vacibliyini yada salırdılar. Vəlinin belə qəfil yuxuya getdiyini eşidib gələn qonşu uşaqlar da hərəsi bir tərəfdə dayanaraq gözlərini bərəldib heyrətlə Vəliyə baxırdılar və mən açıq-aşkar görürdüm ki, onlar Vəlinin bir sutkadır ki, yuxuya getdiyinə və hələ də ayılmamasına heç cür inana bilmirlər. Tərs kimi, onların inanıb, inana bilməmələrinə baxmayaraq, Vəli elə bil huşsuz vəziyyətdə uzanmışdı . Sözün açığı, şəxsən mən özüm uşaqların heyrətini başa düşürdüm, bu Vəli allah saxlamışın birdən- birə bu cür yuxuya getməyinə heç özümüz də inana bilmirdik.
Biz Vəlini beləmi görmüşdük? Bax, indi altında uzandığı ağacın üstündən onu düşürtməkmi olurdu? Onun birinci dəfə ağacları budaq-budaq edəndə neçə yaşında görmüşəm, yadımda deyil, amma o aydın məsələdir ki, Vəlini harada axtarsaydın, ağacların üstündə tapa bilərdin.
Allah tərəfi desək, Vəli də ağaclara ağ günündən çıxmazdı, adətən qonşu qadınlardan, ya kəndin o başından durub gələn arvadlı- kişili insanların şikayətindən sonra ağamın qorxusundan qaçıb ağaclarda gizləndiyini birinci nənə təşərrüf etmişdi, bunu da mən təsadüfən bildim. Bir dəfə ağamın üstünü yolda kəsib Vəlinin onların uşağını, özündən iki yaş böyük oğullarını döyməsi ilə bağlı nə cür şikayət etmişdilərsə, o, evə gələn kimi qəzəblə Vəlinin harada olduğunu soruşdu, lakin təkidlə soruşmağına baxmayaraq bir nəfər onu “gördüm”- deyən olmadı, guya bu uşaq yağlı əppək olub göyə çəkilmişdi. Ağam xeyli deyinəndən sonra qəzəbi soyumadan yatmağa getdi və anam bayıra çıxıb ağacların yanına gedəndə onun oğlunu necə səsləməsini açıqca eşidirdim: “Vəli, düş bala, atan yatmağa getdi, düş”. Vəli isə deyəsən hansı ağacın üstündənsə çəmkirərək düşmək istəmirdi, bu zaman nənə az qala ona yalvarırdı: “Vəli, tərslik eləmə, düş, axı sənin camaatın uşağında nə işin var, hərə yüz zülümlə övlad böyüdür, sabah ağandan rayona şikayətə gedərlər, raykoma deyərlər…”
Nənənin oğlunu dilə tutmağı nəticəsiz qalmadı və o, pişik kimi ağacdan yerə tullandı. Sözün açığı, anasının oğlunu astadan səsləməsində mən onu da hiss etdim ki, nənə Vəlini danlamaq və yaxud kötək vurmaq üçün aşağı düşürmür, əksinə, Allah günahımdan keçsin, nədənsə elə gəlirdi ki, bu arvad hələ bir az da qürurla onu çağırır.
İndi həmin Vəli, sonra məlum olacaq ki, düz altı gün gecələr evdə, səhərlər ərik ağacının altında fasiləsiz olaraq yatacaq, ən pisi budur ki, həkim çağırmağı da lazım bilmirlər, hamı onun bir azdan duracağını gözləyir. Əlbəttə, qonşu arvadlar dəstə-dəstə gəlib- getməkdədirlər və onlar gözaydınlığı da verirlər və guya sezdirməməyə çalışdıqları narahatlıqla uşağı özü ayılmayana qədər oyatmamağı bərk-bərk tapşırırlar. Belə “gözaydınlıqlarının” səbəbini də mən sonra biləcəyəm.
Ziyarətçilər dəstəsinin içində bir dəfə də kəndimizin mollası Qədiməli kişinin arvadı Pəri gəlmişdi və digər arvadların söhbətini eşitmirmiş kimi, çarpayısında yatan Vəliyə baxıb dodağının altında pıçıltı ilə hansısa duanı oxuyurdu. Pəri arvad dua zənn etdiyimiz zikrini bitirdikdən sonra əlinin işarəsi ilə nənəni çağırdı və guya ki astadan, amma hamının eşidəcəyi səslə ona üz tutdu: “Ay Nazlı, and olsun Həzrət Abbasın kəsilən qollarına ki, sənin bu uşağına vergi verilib!”
Pəri arvad öz qənaətini elə qətiyyətlə elan edirdi ki, onun yan-yörəsindəki qadınlar indi görürmüşlər kimi dönüb Vəliyə təzədən və xüsusi zənd ilə baxdılar, mən özüm də o dönənlərdən geri qalmadım və sifəti azca ağarmış Vəliyə diqqət yetirdim. Maraqlısı budur ki, mollanın arvadı deyəndən sonra çönüb baxdığım Vəlinin sifətində qeyri- adilik diqqətimi çəkməsə də onun sağ qolunu sinəsinin üstünə atarkən əlini düyünləməyi mənə bir az qeyri- adi gəldi. O da fikrimə gəldi ki, axı, deyəsən, Vəli əvvəllər belə yatmazdı, bəlkə bu Pəri xala düz deyir?
Anamsa bu xəbərdən həyəcanlandığını titrək səsi ilə bildirirdi: “Ay Pəri, allah atana rəhmət eləsin, bircə balam sağ-salamat ayağa dursun, inşallah, sənin nəmərini elə onun özü ilə göndərəcəyəm”.
Beləcə, altı gündən sonra Vəli həmin ərik ağacının altında yuxudan ayıldı və bu zaman hamımız onun başının üstünü kəsdirib maraqla baxırdıq, anam özünü saxlaya bilməyib ağlayırdı, o isə nə baş verdiyini anşırtmaq istəyən insanlar kimi, təəccüblə bizə baxırdı. Tərs kimi, oğlanlardan heç biri evdə yox idi və Vəli əvvəlcə bir müddət bacılarını maraqla süzdü, sonra ya sifətimizdəki ifadədən bir şey anlamadı, ya nənənin ağlamağı onu darıxdırdı, bilmədik, lakin qəfil səsini eşitdik: “Nədir e, nə olub, gözlərinizi niyə bərəldib baxırsınız?”
Təbii ki, onun bu bəlkə də özü üçün haqlı sayıla biləcək sualına hansımızsa cavab verəsi halda deyildik, ona görə də yenə nənə qabağa düşdü: “Boy, ay bala, sənə qurban olaram, yadında deyil nə olub?”. Vəli nənənin sualına təbii ki, cavab vermədi, heyrətamiz şəkildə cəldliklə, heç nə baş verməmiş kimi yerindən sıçrayıb ayağa durdu və nənəyə yox, bizə tərəf qışqırdı: “Nə baxırsınız e…, acından ölürəm, adam görməmisiniz?”
Bu sual o qədər yerində verilmişdi ki, artıq gəlin köçsə də iki günlüyə ata evinə gələn, sonradan Vəlinin ayılmağını gözləmək üçün bizdə qalan Tahirə tələsik yemək dalınca qaçdı, nənə oğlunun saçlarından öpüb gəl bir tikə yeyək- deyirdi.
Həmin gündən Vəli ayıldı və maraqlıdır ki, onun yuxuya getməsi xəbəri kimi, ayılmaq xəbəri də sürətlə kəndə yayıldı və yenə qonum-qonşu, kənd adamları dəstə-dəstə bizə üz tutdular. Gələn qadınların hamısı anama gözaydınlığı verir, arabir kəsməli olduğumuz qurbanı isə hökmən yadımıza salır və heç nə olmamış kimi həyətdə gəzən, arada sərçələrə daş atmağı da yaddan çıxarmayan Vəliyə guya ki, gözucu, amma əslində diqqətlə baxırdılar, onların hər biri yüzə-yüz, Pəri xalanın dediyi “vergi”nin əlamətlərini onda tapmağa çalışırdılar.
İki-üç gündən sonra Vəlinin sağ-salamat ayağa qalxması münasibəti ilə əhd elədiyimiz qurban kəsildi və təbii ki, son tikəsinə qədər qonum-qonşuya paylanıldı.
Vəli ilə bağlı qurbanın kəsilməsindən iki gün keçmədi ki, molla Qədimalının arvadı Pəri həyətimizə gəlib çıxdı və açıq-aydın görünürdü o, gözaydınlığına gələnə oxşamır.
“Gəldi”- deyəndə ki, axşamtərəfi Pəri arvad alaqapıdan anamı harayladı və nənə qapıdan boylanıb “Ay Pəri, orada niyə durubsan, içəri gəl”- dedi, Pəri arvadın isə, deyəsən, içəri keçmək əhvalı yox idi: “Yox, ay Nazlı, pendir tuturdum, onu yarımçıq qoyub gəldim deyəm ki, o allah saxlamışa başa sal, Qədimalının xasiyyəti pisdir, birdən salar onu ayağının altına, aramızda söz- söhət olar.”
Nənə bu təqdimatdan bir söz anlamadı, tələsik sual verdi: “Kimi deyirsən, ay Pəri?”
Pəri arvad anamın bu sualına bir az da əsəbi cavab verdi: “Sizin o Vəlini deyirəm, uşaqlarla daşlaşır, gedib başqa yerdə daşlaşsın, pəncərəmizdə hal qoymayıb, şüşələri qırıb- töküb…”
İndi nənə bilmir nə cür dil-ağız edə… “Ay Pəri- deyir, özün bilirsən də uşaq o boyda yatandan sonra birtəhər olub, dəyişib, sən allah bağışla, üzrlü say, Nağı (ağamı deyir) adam göndərib şüşələrinizi saldırar…”
Pəri arvad isə, görünür, nənənin bu cavabından razı qalmadığından qaşqabağını tökdü: “Rəhmətliyin qızı, guya uşağın o yuxuya getməmişdən əvvəl nə idi ki…”- dedi və hirslə də cavab gözləmədən getdi.
Pəri xalanın gedişindən sonra nənə həyətimizdəki ları xoruzu tutdurub ayaqlarını bağladı, Vəlini çağırıb onu Pəri arvadgilə aparmasını nə illah təkid etdisə də Vəli “getmirəm”- deyib yerindən tərpənmədi, sonda nənə əlacsız qalıb o işi Məhəmmədə tapşırdı…
İndi Vəlinin altı günlük yuxuya getməsindən 20 gün keçib, məktəbin açılmasına isə bir həftə vaxt qalıb. Nənə ərik ağacının altındakı stolun ətrafındakı stulların birində oturub da uşaqlardan hansınınsa köynəyinin qopmuş düyməsini tikir, qırımından hiss olunur ki, sözlü adama bənzəyir və nəhayət ki, intizarımıza son qoyaraq sözünə başlayır: “Sabah şəhərə gedirəm- deyir, artıq bir həftə qalıb məktəbin açılmasına, ağanız pul verdi ki, şəhərə get, uşaqlar üçün əyin- baş al”.
Nənə əyin- baş- deyəndə bilirəm ki, ilk növbədə ayaqqabılarımızı nəzərdə tutur və buna görə də ötən ildən ürəyimdə qalanı dilimə gətirirəm:
– Nənə, mənə sandal almazsan!
Sözümü o qədər birmənalı və ötkəm deyirəm ki, görünür, nənə də çaşıb qalır, mən isə bir az əvvəl oxuduğum kitabı ikiəlli tutub sinəmə sıxmış vəziyyətdə dayanmışam və o sözləri deyərkən əsəb qarışıq həyəcanım duruşumdan açıq-aydın oxunurmuş.
Nənə isə duruşumdan bir şey başa düşmür, axı, o, nə bilsin ki, mən artıq bu ilin yazından sandal ayaqqabılarını özlüyümdə baykot etmişəm. Əslində “sandal” elə də pis ayaqqabı deyil və mən onu hətta bəyənirəm də, amma… Amması odur ki, ikinci, dəyişək ayaqqabın olanda sandal gözəldir, lakin mən təcrübəmdən bilirəm ki, palçıq bir tərəfə, yerə qar düşənə qədər o sandal ayaqqabını geyinməliyəm və qar yerdə oturandan sonra isə həmin ayaqqabıları səliqəyə salıb qaldırmalı, qar əriyən kimi, təzədən çıxartmalıyam. Mən isə elə istəmirəm, birincisi, oktyabr gəldimi, həmin sandalla nə cür corab geyinirsən geyin, fərqi yoxdur, ayaqlarım üşüyür, ikincisi isə həmin sandalı növbəti ilin sentyabrında da geymək lazım gələcək və nəticədə belə məlum olur ki, sənə iki ilə bir ayaqqabı alırlar. Olsun, buna da razılaşmaq olar, amma ən pisi odur ki, arada getdiyimiz toylara da həmin sandalı geymək lazım gəlir, bu isə bilirsiniz nə deməkdir?
Siz bilməsəniz də mən bilirəm və ona görə də nənənin “Niyə, qızım?”- sözlərini guya ki eşitməyib evə qaçıram.
Nə cür yatdığımı da xatırlamıram, amma səhər mən yuxudan duranda bildim ki, nənə artıq şəhərə gedib. Bizim kənddə belə idi, hər gün bir dəfə səhər o başdan kəndimizin altındakı yoldan avtobus keçib o tərəfdəki kəndlərə gedir, şəhərə getmək istəyənləri yığıb aparar və axşamtərəfi saat 5-6-da həmin yolla qayıdardı. Asfalt yolun kəndimizin altından keçən hissəsi elə yaxın olmasa uzaq da deyil, azından uzaqdan nəinki avtobusu, hətta avtobusdan düşən adamları da görmək olurdu. İndi biz həyətdə, ağacların ətrafında guya ki, hərəmiz öz işimizlə məşğul idik, lakin nigarançılığımızı ötəri baxışla görmək olardı. Əlbəttə, uşaqlar hamısı, elə mən də nənənin nə vaxt qayıdacağı ilə bağlı sual vermirdik, amma hər birimiz artıq saat 4-dən avtobusun keçəcəyi yola boylanırdıq və budur, adəti üzrə ağacların başında olan Vəli muştuluqlayırmış kimi, ucadan qışqırdı: avtobus gəlir!
Vəlinin qışğqırmağı ilə ağacdan düşməsi, qapıdan sürətlə avtobusun dayanacağı yerə qaçması o qədər ani oldu ki, ondan əlavə nəsə soruşmağa macal belə tapa bilmədik. Artıq 20-30 dəqiqədən sonra nənə Vəli ilə birlikdə həyətə girdi və maraqlıdır ki, mən birinci dəfə nənənin gözəlliyinə diqqət edib heyrətləndim. Adətən evdə ora-bura qaçan, gah təndirdamı, gah tövlədən çıxan, nehrə çalxayan, toyuq-cücə dalınca qaçan nənəni elə bil birinci dəfə idi ki, geyinmiş- gecinmiş görürdüm. O, hansısa ənlik-kirşandan istifadə də etməmişdi, lakin o qədər yaraşıqlı görünürdü ki…hətta gətirdiyi yükün ağırlığından alnında yaranmış puçurlanan, silməyə macal tapmadığı tər damcıları belə ona elə yaraşırdı ki… Nənə həmin yükü ilə də ərik ağacının altına gəldi və Alidəyə səsləndi: ay qız, bir stəkan su…
Alidə su dalınca qaçdı və uşaqlar nənəni dövrəyə aldılar, mən isə bir az kənarda dayanmışdım, amma hiss edirdim ki, nənə baxışlarını məndən gizlətməyə çalışır. Alidə suyu gətirdi, nənə bir-neçə qurtum içəndən sonra stolun üstünə qoyduğu iri bazarlıq çantasını açaraq çıxartdığı ayaqabı və paltarları göstərir, sonra kimə aldığını deyirdi. Uşaqlar alınan paltarları götürüb sevincək kənara çəkilirdilər.
Nənə yenə əlini çantaya saldı və bir sandalla, məktəbli formasını çıxartdı, lakin bunu kim üçün aldığını demədi və bu zaman heç kimə yox, yerə baxdı: Qızım, bunlar sənindir, amma ürəyinə salma, ağana demişəm, arada pul verər, şəhərə gedib sənin üçün gözəl bir ayaqqabı alaram.
Bu zaman o, səsindəki qəhəri gizlətməyə çalışırdı və elə bil ki, bu sözləri deyəndə utanırdı.
Mən isə qəhərləndim və anama heç bir söz demədən qaçıb on metr kənardakı ağacın altına getdim, bir az əvvəl uzanıb kitab oxumağım üçün yerə saldığım kilimin üstünə üzüqoyla düşdüm. Bilmirəm, nə qədər eləcə qalmışam, amma birdən özümə gəlib artıq havanın qaraldığını gördüm, saçlarımda isə onun əlininin istiliyini hiss etdim, onu da hiss etdim ki, onun nəinki əli və elə səsi də titrəyir: “Qızım- deyirdi, axı sən ağıllı balamsan, dayının canına and olsun ki, ağanın imkanı çatmadığından sənin dediyini edə bilmədik, amma mütləq istədiyini alacağam!”
Qaranlıqda mən onun üzünü görə bilmirdim, amma nədənsə mənə elə gəlir ki, anamın gözləri yaşarıb və bunda özümü günahkar bilirəm, ürəyim çırpınır, üzüstə uzanmağıma baxmayaraq, əllərimlə üzümü örtür və “Bir azdan gəlirəm”- deyirəm.
Mən dediyim kimi etdim, bir azdan evə getdim və nə onda, nə də sonra o mövzuya qayıtmadıq- nə mən, nə də nənə.
Gör, bunlar nə vaxt olub, üstündən neçə illər keçib, amma indi xidməti otağımda bunları bir anda niyə xatırlamağımı anlamaq istəyirəm ki, qapı sürətlə açılır, gələn odur- qızım: “Beləmi olur, mama- deyir, mənə vaxt tapmırsan, hə?”
Mən isə günahkarcasına gülümsəyirəm və daha sonra əməkdaşlardan birinə xahiş edirəm ki, sürücümə giriş qapısının yanına gəlməsini tapşırsınlar…