Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bosniya və Herseqovina, Ukrayna, Ekvador, Rumınya, Gürcüstan və Türkiyədən olan üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyiblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzin yaydığı məlumat bildirilib:
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyirik. Diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkətlər qətiyyən yolverilməzdir”.
Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, Azərbaycan bayrağını endiriblər. Hücum “Mehdinin xidmətçiləri ittifaqı” (“The Mahdi Servants Union”) dini qrupunun üzvləri tərəfindən təşkil olunub. Polisin keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılıb.