Azərbaycanda əhalinin icbari müayinəsi aparılacaq

Fevral ayının 12-dən may ayının 12-dək ölkə əhalisi tibbi müayinələrdən keçiriləcək.

Müstəqil.az xəbər verir ki, bununla bağlı Səhiyyə nazirinin müavini Nigar Əliyevanın imzaladığı “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” sərəncamda qeyd edilib.

Sərəncamda respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılır.

Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılır.

Müstəqil.Az

Share: