Bu gün gənclər günüdür.
Fəqət gün keçirməyə bir gənc yoxdu.
Gənclik deyirəm sənə…
Şair Qismətin “Pobeda”sına minirəm: qıvrıla-qıvrıla gedib Təzə Pir məscidinə çıxan, çala-çuxur Mustafa Subhi küçəsinin darısqal bir həyətində dostlaşmış uşaqlar, yəni biz – Nicat, Hüseyn, Tural, Azik və mən, bir-birimizin xəbəri ola-ola eyni qıza aşiq olmuşduq. Axşam saat səkkizdə “Sara” radiosunda başlayan, adımızı oxuyan, sifariş etdiyimiz mahnını səsləndirən o əfsanəvi musiqi proqramının aparıcısı Ceyran xanım hamımızın doğması kimiydi. Çünki ilk dəfəydi ki, adımızı bizi tanımayan bir qadının dilindən eşidirdik və bizə elə gəlirdi ki, adımız çəkiləndə bütün Bakıdakı evlərdə hamı bizdən danışır.
Səadət sarayının yanındakı internetklubda çılpaq qız şəkillərinə baxmağın adını “ingilis dili”ni öyrənmək qoyan abilərimizin dövründə…
“Neftçilər” metrosu həndəvərindəki kafelərdə loto oynadırdılar, üstəlik, çuvaldan çıxan rəqəmləri meqafonla elan edirdilər. Marşrutdan düşürdün ki, kimsə qışqırır: “69”. Bir başqasının sevincək səsi gəlirdi: “Mən qurtardım!”
Amma o zamanlar ümid sadəcə partiya adı deyildi…
O zamanlar gənclik ancaq metrostansiya deyildi…
Gənclik deyirəm sənə…
Uşaq doğulur, doğulan kimi də qocalır.
Düş küçələn ölkədə bax gör nə qədər civzəli ahıl, əmzikli gənc var.
Əli qabarlı, ağzı əmzikli körpələr gəncliyin yanından quş kimi ötür.
Burda adam tələsik oyanır, tələsik yuyunur, tələsik yeyir: qaçaqaç… Metroya düşən sürtünə-yıxıla birtəhər minir qatara – qatarda qaçır. Çatır işə. Stolda – oturduğu yerdə qaçır. Gərginlik… Yeməyə tələsir. Tələsik yeyir. Yeməkdən sonra altıya qədər qaçır işdə. Təri qurumamış təzədən başlayır: yenə qatar – evə tələsir. Yeməkdən sonra da qaçır yatmağa.
O başdan zəngli saat zınq-zınq… Və budur, gün başladı. Yenə, yenə…
Beləcə yaşlanır adam.
Biz zamanı ömrə satıb qocalırıq.
Kimi zamanın ucuz satır, kimi baha. Adam da var, özünü ömrə nisyə yazdırır.
Ömür dediyin – mətbəxdən tualetəcən: basabasda sürtünür, tələm-tələsdə yırtılır – bir çimdik qalır. Bir azı toy, bir azı yas, gəl yaşa indi ölənəcən…
Sosial problemlərlə yaxalaşan gənclik rahat üzü görəndə 40 yaşı keçmiş olur.
Əlüstü ötüşdürdüyü gənclik bu yaşdan sonra – əli pula çatınca, dərindən bir “ah” çəkib rahatlayınca başlayır.
Bəziləri də gənclərin timsalında öz gəncliyindan qısas alır, sanasan. Daş olur, qaya olur gəncliyin yolunda.
Gəncliyini yaşamayan adam olmaz. Təfəkküründən içində öldürdüyü gəncin qoxusu yayılır, mənəvi infeksiya tək.
Əz-cümlə, əziz yaşlılar, əzizi-mənlər, sizi gənclər günü münasibətiylə təbrik edirəm!
Bizə vaxt verin, yaşayaq, bizə vaxt verin, vaxt verin, ölək…
Ömər Xəyyam