“Neftçi”nin baş məşqçisi: “Danışmaq çətindir”

“Neftçi”nin baş məşqçisi: “Danışmaq çətindir”

“İndi danışmaq çox çətindir. Matçdan əvvəl planlaşdırdığımız şeyləri yerinə yetirə və şanslardan yararlana bilmədik. İki sadə epizodda qapımızda qol gördük”.

“Report”un Vyanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avstriyada “Rapid”ə 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis asanlıqla qol buraxdıqlarını bildirib: “Başımızı dik tutmalıyıq. Birlikdə qalib gəlir və birlikdə məğlub oluruq. Bizdəki şanslar rəqibdə olmadı. Hesab 0:0 olan zaman oyunçumuz qapıçı ilə təktəbək çıxdı. Hesab 1:0 olanda da eyni hal yaşandı”.

Rumıniyalı baş məşqçi əlavə vaxtın planlarında olmadığını diqqətə çatdırıb: “Bəzi oyunçuların belə turnirlər üçün təcrübəsi yoxdur. Bu səbəbdən oynayan futbolçuları daha çox meydanda saxladım. Azər Salahlını tez itirdiyimiz üçün məcburi əvəzetmə oldu. Bizim oyunumuz pis deyildi. Kifayət qədər şanslarımız oldu. Rəqib də təzyiq yaradırdı. Bu cür qollar buraxmalı deyilik. Təkbətək epizodları qola çevirə bilmirsənsə və asanlıqla qol buraxırsansa, növbəti mərhələyə layiq deyilsən”.

Mütəxəssis hakimlik barədə fikir söyləmək istəmədiyini vurğulayıb: “Hakimlər haqqında danışmaq mənim işim deyil. Hamı görüşə baxıb və olanları görüb. Rəqibə bəzi sarı vərəqələr göstərilmədi. Amma biz bu gün hakimə görə uduzmadıq”.

Share: