İrandan narkotik gətirən qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıblar, yaralanan var

İrandan narkotik gətirən qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıblar, yaralanan var

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından (İİR) Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX Mətbuat Mərkəzindən məlumat verilib.

Bildiirlib ki, avqustun 12-si saat 01:55-də Yardımlı rayonunun Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İİR-dən Azərbaycan istiqamətində hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub və sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

Sərhəd pozucularına sərhəd naryadı tərəfindən “Dayan” komandası verilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər.

“Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub. Nəticədə bir nəfər sərhəd pozucusu yaralanaraq saxlanılıb, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olub. Yaralanan sərhəd pozucusuna dərhal tibbi yardım göstərilib və xəstəxanaya təxliyə edilib. İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Nadirzadə Ağacan Nasir oğlu olması müəyyən olunub.

Ərazidə aparılan axtarış tədbirləri nəticəsində bir ədəd bağlamanın içərisində ümumi çəkisi 7 kq 935 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), bir ədəd tapança və ona məxsus patronlar aşkar olunaraq götürülüb.

Fakt üzrə Azərbaycan Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Share: