“İkinci Çernobıl” xofu

“İkinci Çernobıl” xofu

Zaporojye Atom Eelektrik Stansiyası ətrafında vəziyyət kəskin şəkildə gərginləşib. Stansiyanın həyətinə düşən 3 mərmi hidrogen istehsal edən müəssisəni sıradan çıxarıb. Ukraynanın cənubunda yerləşən stansiya ətrafında toqquşmaların şiddətlənməsi bəşəriyyəti böyük nüvə fəlakətilə üz-üzə qoyub. 

Ukrayna ilə müharibədə uğursuzluqlar, müharibənin uzanması, canlı qüvvə sarıdan itkilər və beynəlxalq sanksiyalar Rusiyanı sərt və ağlasığmaz addımlar atmağa məcbur edir. Artıq bir neçə gündür ki, Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafında vəziyyətin kəskin şəkildə gərginləşməsi barədə xəbərlər yayılıb. Ölkənin cənubunda yerləşən stansiya ətrafında toqquşmaların şiddətlənməsi bəşəriyyəti böyük nüvə fəlakətinə gətirib çıxara bilər. Altı blokdan ibarət olan AES-də transformator mərkəzlərindən biri atəşə tutulub və nəticədə bir reaktor bölməsi sıradan çıxıb. Ekspertlər və mütəxəssislər xəbərdar edir – AES-in reaktorları qəsdən və ya təsadüfən vurularsa, 57 il öncə Xirosimaya atılan atom bombasından min dəfə güclü radiasiya effekti yaradan fəlakət baş verə bilər.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Ruslar Ukraynanı, Kiyev Moskvanı günahlandırır

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, AES Ukrayna ordusu tərəfindən Dnepr çayının qarşı sahilindən artilleriya atəşinə tutulub. Bildirilib ki, atılan 20 mərmidən 3-ü elektrik stansiyasının ərazisinə düşüb və AES üçün hidrogen istehsal edən müəssisə yararsız hala gəlib. Ruslar iddia edir ki, Kiyev hakimiyyəti öz hərəkətlərində artıq “qırmızı xətti” keçib. Rusiya Xarici İşlər Nazirliyi Avropada baş verə biləcək nüvə fəlakətinə görə Ukrayna administrasiyasının məsuliyyət daşıyacağını bəyan edib.

Ukrayna administrasiyası isə AES-də baş verənlərə görə Rusiya tərəfini günahlandırır. Mart ayında rus əsgərləri tərəfindən zəbt edilən elektrik stansiyasından müharibədə qalxan kimi istifadə edildiyini deyən Zaparojye fövqəladə vəziyyət qubernatoru Aleksandr Staruh rusların atom elektrik stansiyasını hədəfə aldığını bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Rusiya AES ətrafında gərginliyi artıraraq bütün Avropa qitəsini və dünyanın yarısını təhlükə qarşısında qoyur. Hadisələrlə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) də məlumat verilib. Agentliyin baş direktoru Rafael Mariano Qrossi bildirib ki, vəziyyət nüvə fəlakətinin real riskindən xəbər verir. “Agentlik təcili olaraq elektrik stansiyasına baxış üçün müşahidə qrupu göndərməyə hazırlaşır” – Qrossi deyib.

Beynəlxalq təpgi

Dünyada nüvə fəlakətinə səbəb ola biləcək böhranların artdığını ifadə edən BMT-nin baş katibi Antonio Quterreş 1945-ci ildə ABŞ-ın Yaponiyanın Xirosima şəhərinə atom bombası atdığını, on minlərlə insanın bir anda həyatını itirdiyi xatırladaraq qeyd edib ki, dünya bu vəziyyətdən dərs çıxarmalıdır.

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell də AES ətrafında hərbi fəaliyyəti pislədiklərini bildirib: “Aİ Rusiyanın Zaporojye AES ətrafında hərbi fəaliyyətini pisləyir”. O, nüvə təhlükəsizliyi qaydalarının ciddi və məsuliyyətsiz şəkildə pozulduğunu qeyd edib.  

Xatırladaq ki, 6 nüvə reaktoru olan və ümumi elektrik enerjisi istehsal gücü 5700 meqavat-saat olan stansiya Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir.

“Stansiyanı ruslar atəşə tutub”- ABŞ eksperti

Öz növbəsində Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) da Rusiya hərbçilərinin özlərinin nəzarət etdikləri AES-i atəşə tutduqlarını bildirib. AES-in atəşə tutulmasının nəticələri ISW-nin bu məsələ ilə bağlı yeni bəyanatlarına dair xəbərlərdə də qeyd olunub. Onların müəlliflərinin qeyd etdiyi kimi, düşən mərmilər nəticəsində AES-in dördüncü bloku enerji sistemindən ayrılıb. Eyni zamanda, ISW icmalından belə çıxır ki, Rusiya hərbçiləri özləri nəzarət etdikləri stansiyaya zərbələr endiriblər. Bütün bunların fonunda Ukrayna prezidenti Vladimir Zelenski də videomüraciətində bütün məsuliyyəti bir daha Rusiya tərəfinin üzərinə qoyub. “Təəssüf ki, bizdə Zaporojye AES ətrafında vəziyyət xeyli gərginləşib. Biz dünyanın diqqətini buna yönəldəcəyik və belə bir qlobal təhlükə yaratdığına görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində israr edəcəyik”, – deyə Zelenski bildirib.

Çernobıl və Fukusimadan da ağır qəza ola bilər

Bu arada Rusiya Federasiyasının Müdafiəyə Nəzarət üzrə Milli Mərkəzinin (NTSUO) rəhbəri Mixail Mizintsev bildirib ki, stansiyanın iki yüksək gərginlikli elektrik xəttinə artilleriya zərbələri nəticəsində hidrogen boru kəməri zədələnib. Zaporojye vilayətinin 10 mindən çox sakini işıqsız və susuz qalıb. Mizintsev bildirib ki, yalnız Rusiya Hava Hücumundan Müdafiə vasitələrinin effektiv hərəkətləri sayəsində AES-in kritik infrastrukturu zədələnməyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye AES-i qəsdən və müntəzəm olaraq atəşə tutur və bu, təkcə Ukraynanın deyil, həm də Avropanın nüvə təhlükəsizliyini təhdid edir. “Zaporojye AES-də qəza baş verərsə, radioaktiv çirklənmənin miqyası baxımından Çernobıl və Fukusima AES-lərində baş verən qəzaların nəticələrini xeyli üstələyəcək qlobal texnogen fəlakət baş verəcək”- deyə NCUO-nun rəhbəri vurğulayıb.

Eyni zamanda, “Vətən Arsenalı” jurnalının baş redaktoru Aleksey Leonkov “Ukrayna nümayəndələri iddia edirlər ki, Rusiya MAQATE müfəttişlərinin stansiyaya daxil olmasına icazə vermir. Halbuki onlar dəvət olunur – gəlsinlər və baxsınlar. Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələri atom elektrik stansiyasını aktiv şəkildə atəşə tutur, görünür, onu ikinci Çernobıla çevirmək riski var” – deyib.

Beləliklə, Ukraynada “ən ağır” mərhələnin başladığı şəksizdir. Nüvə stansiyası ətrafında gərginlik də bundan xəbər verir. Qərb mərkəzlərinin yeni kəşfiyyat məlumatlarına görə, Rusiya “Ukraynanın mümkün əks-hücumlarına” hazırlıq məqsədi ilə qoşunlarını “cənub istiqamətinə” yığır. Bundan əlavə, hər biri 800-1000 canlı qüvvədən ibarət olan batalyon taktiki qruplarının da Krıma cəmləşdirildiyi bildirilir. Britaniya hərbi kəşfiyyatı bu qüvvələrdən Xerson regionunda olan rus ordusuna dəstək məqsədi ilə istifadə ediləcəyi qənaətindədir. Ukrayna qüvvələri isə ölkənin cənubunda yerləşən strateji körpüləri, Rusiyaya məxsus sursat anbarlarını və dəmiryol xətlərini sıradan çıxarmağa fokuslanıb. Ukrayna bu yolla Rusiyanın cənubdakı qoşunlarına logistik dəstəyi kəsməyə çalışır.

Share: