“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları döyüş hazırlığı poliqonunda “Üzən mina hədəfinə atış” çalışmasını yerinə yetiriblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çalışmanın şərtlərinə görə hərbi dənizçilər hərəkətdə olan gəmilərdən müəyyən məsafədə üzən mina hədəfini ümumilikdə 16 patron istifadə etməklə məhv ediblər.
Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırığı uğurla icra ediblər.
Sonda hədəfin məhv olunması və gəmilərin poliqonu tərk etməsi müddətinə əsasən, Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, Qazaxıstan komandası ikinci, İran komandası isə üçüncü yerdə qərarlaşıb.