Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi işdən çıxarılıb.
“Qaynarinfo”nun əldə etdiyi məlumatına görə, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə, dünən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.
Xatırladaq ki, general-mayor Mirqasım Vahabov sabiq Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Aydın Əliyevin adamı kimi tanınıb. O, sabiq komitə sədri Səfər Mehdiyevin də inamını qazanıb.
Qeyd edək ki, general-mayor Vahabov Mirqasım Fazil oğlu 31 dekabr 1955-ci ildə Lənkəranda anadan olub.
O, 1999-cü ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafiq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə verilib.
Xatırladaq ki, avqustun 4-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.
Zeynal Tarquluyev Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur.
Eyni zamanda, S.Mehdiyevin kadrlarından olan Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov da avqustun 5-də təqaüdə göndərilib.
Bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi, gömrük xidməti polkovniki Şükürov Muxtar Fazil oğlu işdən çıxarılaraq, təqaüdə göndərilib.