“Müğənnilər və dərzilər də gəlirlər…”

“Müğənnilər və dərzilər də gəlirlər…”

Son illər ölkədə ikinci əl paltarların satışı ilə məşğul olan mağazaların sayı olduqca artıb. İllərdir haqqında tənqidlərin səngimədiyi şəbəkənin, demək olar ki, Bakının hər rayonunda azı üç-beş mağazası var.

Alış-verişin səviyyəsini, qiymətləri, ümumiyyətlə, tənqidlərin mənbəyini araşdırmaq üçün üz tutduq mağazalara.

Oxu.Az-ın ikinci əl geyim mağazalarından reportajını təqdim edirik:

Mağazaya çatanda bizi satıcı xanım qarşıladı. Əlimdəki mikrofonu görən kimi mimikası dəyişdi. İlk sualı: “Tənqidi xəbər hazırlayırsınız?” – oldu. Biz isə öz növbəmizdə məramımızın fərqli olduğunu açıqladıq. Dediklərimiz qarşı tərəfi qane etmədiyi üçün danışmaq istəmədiyini bildirdi, lakin çəkilişə icazə verildi. Satıcı tövsiyə etdi ki, məlumat üçün mağazaya kassir olan vaxt yaxınlaşaq. Biz də razılaşdıq, sağollaşıb mağazanı tərk etmədən əvvəl isə qısaca qiymətlərə göz gəzdirdik və mağaza əməkdaşının dilindən bir-iki söz oğurladıq.

İlk olaraq qiymətlərdən söz açmalıyamsa, 25-30 manatdan ucuz ayaqqabı görmədik. Hərçənd bu qiymətə brend olmayan yeni ayaqqabı da almaq olar, amma satıcının sözlərinə görə, yaxınlıqda yaşayan insanların əksəriyyəti keyfiyyəti əsas götürdüyü üçün yeni məhsul almaq yerinə, buradan ikinci əl ayaqqabı almağı üstün tutur.

“Bu həndəvərdə yaşayan insanların əksəriyyəti bütün geyimlərini buradan alır”, – deyə satıcı əlavə edir, başqa da bir kəlmə demir.

Çəkiliş başa çatdıqdan sonra mağazanı tərk edirik. Yaxınlıqda yerləşən digər “second hand” mağazasına doğru irəliləyirik. Düzü, bu mağazada tamam fərqli ab-hava hökm sürür. Belə ki, həm satıcılar, həm də müdiriyyət bizi gülərüzlə qarşılayır. Üstəlik, burada alıcılar da bir qədər çoxdur. Foto çəkdirməyə razı sala bilməsək də, heç kim danışmaqdan çəkinmir.

Əvvəl alıcılarla həmsöhbət oluruq. Səbinə Quliyeva (ad şərtidir) adlı xanım mağazanın daimi müştərisi olduğunu və məhsul qiymətlərindən çox razı qaldığını deyir:

“Burada həm qiymətlər münasibdir, həm də keyfiyyət yüksəkdir. Doğrudur, bu qiymətə təzə məhsul da ala bilərəm, ancaq keyfiyyət eyni olmayacaq. Məni bura gətirən şey ilk növbədə keyfiyyətdir. Ailəmin bütün üzvləri üçün buradan geyim alıram”.

Digər bir qadın müştəri isə mağazanın endirim günlərini səbirsizliklə gözlədiyini və məhz həmin vaxtlarda alış-veriş etdiyi bildirir:

“Burada mütəmadi endirimlər olur. Əvvəllər bundan xəbərdar olmadığım üçün qiymət baha gəlirdi və heç nə almırdım. Amma indi ilkin tətbiq olunan qiymətə almıram, bir neçə gün sonra həmin məhsulu endirimdə görürəm və alıram, elə olanda ucuz düşür”.

Gördüyümüz ümumi mənzərə belədir ki, insanlar mağazaya heç də utanaraq, kimlərinsə onları görməsindən çəkinərək yaxınlaşmırlar. Hətta məhsulların arasında böyük məmnunluq hissi ilə dolaşırlar. Bir çoxları ikinci əl geyimlərin təmiz olmamasından gileyləndiyi halda, alıcıların bu yöndə heç bir şikayəti yoxdur.

Mağazanın meneceri də müştərilərin məhsullardan olduqca razı qaldıqlarını qeyd edir. Həmsöhbətimiz öncəliklə geyimlərin gətirildiyi ölkədən və gigiyena qaydalarının hansı şəkildə qorunmasından söz açır:

“Məhsullar Niderlanddan gətirilir. Avropa ölkələrindən oradakı fabrikə göndərilir, orada çeşidlənir və bizə gətirilir. Təmizlənmə prosesi orada olur və paltar sertifikatıyla birlikdə bizə göndərilir, burada heç bir kimyəvi təmizləmə aparılmır. Biz, sadəcə, qiymət tərtib edirik. Öz xərclərimizi çıxırıq və uyğun bir qiymət müəyyənləşdiririk”.

Menecer xaricdən hansı sıxlıqla mal gətirildiyini də diqqətə çatdırır:

“Mağazamızdakı məhsullar iki həftədən bir yenilənir. Lakin Niderlanddan buraya məhsul gətirilməsiylə bağlı dəqiq bir vaxt yoxdur. Belə ki, bəzən iki aydan bir, bəzən də hər ay geyim sifariş edirik. Ümumiyyətlə, biz əvvəldən tədbir görürük, yəni payız məhsulunu yayın əvvəlindən alıb saxlayırıq, qabaqcadan tələb formalaşdırırıq, mağazada geyimlər bitdikcə yenilərini satışa çıxarırıq”.

Onun sözlərinə görə, mağazada satılmayan paltar qalmır. Endirim günlərində hamısı alınır: 

“Çünki mərhələlərlə 90 faizədək endirim olur və endirim həmin həddə çatanda ümumiyyətlə, heç nə qalmır. Çünki 10 manatlıq məhsul bir manata düşür. Yarım kisə məhsul qala, ya yox. Onları da anbarda təmizlik vasitəsi kimi istifadə edirlər. Alıcılıq qabiliyyəti çox yaxşıdır. Çünki qiymətlər uyğundur. Hər məhsulun öz müştərisi var. Günə təxminən 150-200 nəfər gəlir. Onlar arasında qadınlar çoxluq təşkil edirlər”.

Mağazada azyaşlılar üçün də geyimlər mövcuddur. Müsahibimiz valideynlərin bundan heç bir narahatlıq keçirmədiklərini, tərəddüd yaşamadan övladlarına geyim seçdiklərini söyləyir. Çünki bura üz tutan insanlar mağazada ikinci əl geyimlərin satılmasından xəbərdardırlar.

İstəyən müştəri aldığı məhsulun keyfiyyətindən razı qalmadığı təqdirdə onu qəbzi ilə birlikdə rahatlıqla 14 iş günü ərzində geri qaytara bilər. Amma menecer belə hallarla rastlaşmadıqlarını da əlavə edir:

“Sadəcə, bəzən ölçü uyğun gəlmir, dəyişmək istəyirlər. Geyinmə müddətiylə bağlı da hansısa standart yoxdur, cırılana qədər geyinə bilərlət. Defekt olduqda isə onu endirimə qoyuruq, səbəb də müştəriyə bildirilir, istəyən alır, istəməyən – yox”.

Mağazada bu günə qədər satılan ən qəribə məhsulun 10 XL ölçüsündə köynək olduğu bildirilir. Satıcının sözlərinə görə, həmin köynəyi dərzi alıb. Ümumiyyətlə, buraya dərzilər özlərinə uyğun parça seçmək üçün sıxlıqla gəlirmişlər. Hətta vizajist və müğənnilərin də tez-tez qapısını açdığı bir məkandır.

Satıcının dediyinə görə, fərqli vaxtlarda müxtəlif formada köynəklər gətirilib ki, insanlar onlara baxanda hara geyinəcəklərini təsəvvür belə edə bilmirmişlər. Bir dəfə də çadır gətirilib. Qeyri-adi görünüşü varmış. Ancaq onlar belə, tez zamanda satılıb.

Nəhayət, qiymətlərdən söhbət açırıq. Burada artıq filial müdiri məsələyə müdaxilə edir. Onun verdiyi məlumata görə, yay geyimlərinin maksimal qiyməyi heç 40 manat olmur. Mövsümdən asılı olmayaraq bütün geyimlərin qiyməti 1-75 manat aralığındadır. Ancaq buraya kürklər daxil deyil. Belə ki, onların minimum qiyməti 300, maksimum qiyməti isə 600 manat təşkil edir:

“Yay geyimlərinin maksimal qiyməti 22-28 manat aralığındadır. Qadın və kişi geyimlərinin qiymətləri arasında fərq çox azdır. Məsələn, kişi köynəklərinin qiyməti 10-16, qadın köynəkləri 7-16 manat aralığındadır. Şalvarların qiyməti hər ikisi üçün eynidir, 12-18 manat civarındadır. Ətəklər 5-14 manatdır. Kurtkalar 20-44 manat arasında dəyişir. Uşaq geyimləri isə 1-14 manat civarındadır. Vergini də standart tətbiq olunan qaydada ödəyirik”.

Gördüklərimizə əsasən, bu mağazada qiymətlərin öncəkindən bir qədər ucuz olduğunu deyə bilərik.

Son olaraq qeyd etməliyik ki, Azərbaycanda ikinci əl məhsulların satışı, bəzi kəsimlərin böyük aqressiyasına səbəb olsa da, günü-gündən genişlənir. Bu ticarət növü Avropada ötən əsrin ikinci yarısından ortaya çıxıb. Belə ki, Avropanın zəngin təbəqəsi mütəmadi olaraq dəbə uyğun şəkildə geyimlərini yeniləməyi sevirmiş. İstifadə etmədikləri paltarları kasıblara paylamaq isə onlar üçün bir seçim deyilmiş, ona görə də paltarlarını daha ucuz qiymətə tacirlərə satmağı seçiblər. Beləliklə, “second hand” adlı ticarət növü yaranıb və yayılmağa başlayıb.

Bu dalğanın Azərbaycana sıçraması isə müstəqillikdən sonra baş verib, daha dəqiq desək, son 10-15 ildə. Amma bu mövzuda da bir çox ölkələrdən fərqli münasibət nümayiş etdiririk. Fəaliyyət səviyyəsini tələbin müəyyənləşdirdiyi bu mağazaların varlığını qəbullanmaqda çətinlik çəkirik. Yəqin, buna görədir ki, bizə görən kimi “Tənqidi yazı hazırlayırsınız?” sualı ünvanlandı.

Daha çox foto burada: Photostock.az

Sayad Həsənli

Share: