Avtomobilin açıq və ya tünd rəngdə olması onun salonunun qızmasında, demək olar ki, fərq etmir.
Bu barədə ABŞ-ın “Consumer Reports” nəşrinin eksperti açıq və tünd rəngli kuzovu, eləcə də interyeri olan avtomobillərin salonundakı temperatur artımının dinamikasını müqayisə edəndən sonra bildirib.
Məlumata görə, sınaqdan əvvəl hər iki avtomobilin kabinələrində temperatur təxminən 26° olub. Açıq havada bir saat keçəndən sonra həm açıq, həm də tünd rəngli interyeri olan avtomobilin içərisində temperatur 37°-ni keçib.
“Tünd avtomobil çox cüzi, ancaq bir neçə dərəcə artıq qızdı”, – deyə “Consumer Reports”un yol sınaqları məsələləri üzrə meneceri Mayk Montiçello bildirib.
“Avtomobilin böyük şüşə sahəsi var və qızmar Günəş altında salonu hansı rəngdə olursa-olsun, qızdıracaq. İstilik dərəcələrindəki cüzi fərqlər avtomobil və ya salon rəngi seçərkən müəyyənedici amil olmaq üçün kifayət deyil”, – deyə nəşrin eksperti qeyd edib.
Mütəxəssis avtomobillərlə bağlı daha bir mühüm amilə toxunub. O, cəmi bir saat sonra hər iki avtomobildə temperaturun 40 dərəcəyə yaxınlaşdığını və getdikcə də artdığını deyərək uşaqları salonda hətta qısa müddətə belə nəzarətsiz qoymamağa çağırıb.
“Kiçik uşaqlara xüsusi diqqət yetirilməlidir. ABŞ Pediatriya Akademiyasına görə, onların bədəni böyüklərdən üç-beş dəfə daha tez isinir”, – deyə Montiçello xəbərdarlıq edib.