Azərbaycan hərbçiləri Gürcüstanda keçiriləcək “Noble Partner 2022” (“Layiqli tərəfdaş – 2022”) təlimində iştirak edəcəklər.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, çoxmillətli təlimlərə ümumilikdə 2400-dən çox hərbçi cəlb olunacaq.
“Layiqli tərəfdaş – 2022”nin məqsədi Qara dəniz regionunda sabitliyi və təhlükəsiz mühitini təmin etmək üçün regional tərəfdaşlar və müttəfiq ölkələr arasında uyğunluğu artırmaqdır.
Təlimlərdə ölkəmizlə yanaşı ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, eləcə də Litva hərbçiləri də iştirak edəcəklər.
Təlimlərin başlama tarixi açıqlanmayıb.
Qeyd edək ki, “Layiqli tərəfdaş” təlimləri artıq altıncı dəfədir Gürcüstanda keçiriləcək. İlk dəfə bu tədbir qonşu ölkədə 2015-ci ildə baş tutub.