Kür sahilində balıqçılıq biznesi göbələk kimi artır: Əhali niyə susuz qalıb?

Kür sahilində balıqçılıq biznesi göbələk kimi artır: Əhali niyə susuz qalıb?

Kür qırağında yerləşən rayonlarda əhali su qıtlığından əziyyət çəkir. Sakinlər buna əsas səbəb kimi yağışdan sonra göbələk kimi peyda olan balıq hövzələrini göstərirlər.

Əsasən Salyan rayonunun sakinləri bildiriblər ki, əraziyə gələn su balıq saxlanan süni hövzələrə yönləndirilir. Nəticədə əhali susuzluqdan əziyyət çəkir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda respublika ərazisində 60 akvakultura fəaliyyəti rəsmi olaraq qeydiyyata alınıb:

“Onlardan heç biri Salyan rayonu ərazisində qeydiyyatda deyil”.

Məsələ ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

ASC-nin mətbuat katibi Dilqəm Şərifov Oxu.Az-a açıqlamasında bildirib ki, sahibkar müqavilə əsasında balıq su hövzəsi yaradırsa, qrafiklə onlara su verməmək kimi ixtiyarları yoxdur:

“Həmin şəxslər müqavilədə göstərilən şərtlərə əməl edir, su pulunu ödəyirlərsə, biz də onların dambasını su ilə təmin edirik. Vətəndaşların həyətyanı, əkin sahələrinə su verilməməsi barədə iddiaları düzgün deyil. 

Əksinə, pambıq suvarılması dövrü olduğu üçün balıq su hövzələrinə su verilmir. İnsanlar məhsullarını suvardıqdan sonra həmin dambalar su ilə təmin edilir. Kiminsə yerini qurudub, su verilməməsi əsassızdır. Əgər belə bir faktları varsa, bizə müraciət etsinlər, araşdıraq”.

“Bəzi insanlar var ki, özləri su pulunu ödəmirlər, amma iddia edirlər ki, ASC əməkdaşları suyu balıq su hövzələrinə verirlər. Araşdıranda haqsız olduqları aydınlaşır. Hazırda əkin sahələri suvarılır. Həmin sahibkarlar da başa düşürlər ki, bu gün kritik məqamdır, bu dəqiqə balıq hövzələrindən çox, əkin sahələri, insanların həyətyanı sahələri suvarılır”, – deyə o əlavə edib.

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov isə saytımıza açıqlamasında bildirib ki, son 15-20 ildə süni balıqçılıq təsərrüfatına həvəs artıb:

“İnsanlar istəyirlər ki, balıq yetişdirsinlər, pul qazansınlar. Çünki təbii su mənbələrində balıqların sayı çox azalıb. Təəssüf ki, buna görə də Kür çayından həddən artıq su götürülür. Bu da suvarma qıtlığı yaradır, yerli əhali susuzluqdan əziyyət çəkir. Kürdə suyun səviyyəsi azalır. Çaydan biznes məqsədi ilə su götürmək üçün ciddi araşdırma aparılmalı, ətraf mühit qiymətləndirilməli, müvafiq sənədlər hazırlanmalıdır. Eyni zamanda, onların götürdüyü suyun həcmi bilinməlidir”.

İlhamə Əbülfət

Share: