Cəlilabad şəhərində 43 il bundan əvvəl tikilmiş ikimərtəbəli yaşayış binası qəzalı vəziyyətə düşüb.
Bu barədə “Report”un yerli bürosuna bina sakinləri məlumat veriblər.
Bina sakinlərinin sözlərinə görə, bir neçə ildir ki, qəzalı vəziyyət yaranıb:
“Mənzillərdə yaşamaq təhlükəli hal alıb. Tavanlar uçur, başımıza tökülür. Binanın əsas sütunları aşmaq üzrədir. Əksər bina sakinləri artıq qorxudan mənzillərini tərk ediblər. Beş-altı ildir ki, demədiyimiz yer qalmayıb”.
Günbəgün təhlükəli vəziyyətə düşən binanın sakinləri hər an qorxu içərisində yaşadıqlarını deyirlər:
“Dəfələrlə aidiyyəti üzrə qurumlara müraciət etsək də, şikayətlərimizə baxan olmayıb. Bir neçə il əvvəl dam örtüyü yenilənsə də, bina heç bir zaman əsaslı təmir edilməyib”.
Qeyd edək ki, sözügedən yaşayış binası 1979-cu ildə tikilərək istifadəyə verilib. 16 ailənin yaşadığı binadakı mənzillərin hamısında eyni hal hökm sürür.
Problem ilə bağlı Cəlilabad Mənzil İstismar Sahəsindən bildirilib ki, sözügedən binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlanıb:
“Binaya baxış keçirildikdən sonra müvafiq qərar veriləcək. Bina sakinlərinə xəbərdarlıq da edilib”.