Sus kəndinin sakini: “Düşmən doğmalarımızın məzarları üzərində ev tikib”

Sus kəndinin sakini: “Düşmən doğmalarımızın məzarları üzərində ev tikib”

“Doğma kəndimə qayıdanda ilk işim valideynlərimin məzarını ziyarət etmək olacaq. İllərdir baş çəkə bilmirəm. Məzarlarının nə vəziyyətdə olduğunu belə bilmirəm”.

Bunu Oxu.Az-a müsahibəsində Sus kənd sakini Vaqif Həsənov deyib.

Müsahibəni təqdim edirik:

– Vaqif bəy, Laçında keçən günlərinizi necə xatırlayırsınız?

– 1945-ci ildə Sus kəndində anadan olmuşam. O illərdə nəinki Susda, Zabux və Laçında da erməni görməmişəm. Laçından çıxanda mənim 44 yaşım var idi. Hazırda 75 yaşım var. Sakit həyat tərzi yaşayırdıq. Orada mühəndis kimi çalışırdım. Səkkiz övladım var idi – beşi qız, üçü oğlan. Çox gözəl günlər idi. Bir anda hər şeyi itirdik. 1992-ci ildə Bakıya gələndə Teleqüllədə 2013-cü ilə qədər işlədim. Hazırda pensiyadayam.

– Laçının işğal günü xatirinizdə necə qalıb?

Laçın Qarabağın alınmaz bir qapısı idi. Hamınız bunu bilirsiniz. Həmin günü sözlə ifadə edə bilmirəm. 1992-ci ildə 10 nəfər ailə üzvü ilə Bakıya gəldik. Ordu sıralarında qarovul çəkirdim. Növbə ilə qoruyurduq. Mənim öz oğlum Fariz top komandiri idi. Bütün hamı o müharibədə iştirak edib.

Bizdən sonra doğma torpaqlarımızda yadlar məskunlaşıblar. Onlar orada 30 il yaşayıblar. Ondan sonra bizim meşələri, ağacları yandırıb, dağıtdılar. Gözəl yerlərimizi pis vəziyyətə salıblar. Onların insanlığı yoxdur. İnsan deyillər.

– Nə qədər ağır olsa da, məcburi köçkün həyatınızdan danışmanızı istərdim.

– Susdan çıxandan sonra Bərdəyə gəldik. Daha sonra Bakıya, ən son Xaçmaza getdik. Uşaqlarım balaca idilər. Orta məktəbi bitirməmişdilər. Xaçmazda böyüyüb, boya-başa çatdılar. Daha sonra Bakıya qayıtdıq. Özüm də Bakıda işləyirdim. Daha sonra Qanlıgölün kənarında 263 nəfər qaçqın ev tikdi. Hazırda Yasamal rayonunda yaşayıram. Lakin qeydiyyatım Xırdalan şəhərindədir. Bizim camaat bina evlərində yaşaya bilmir. Təbii həyata daha çox öyrəşiblər. Bəlkə də, alışqanlıq halını alıb.

– Doğulub, boya-başa çatdığınız kəndin ordumuzun nəzarətinə qayıtması xəbərini eşidən zaman hansı hissləri keçirdiniz?

– Doğma kəndimin azad olunma xəbərini eşitmək məni çox xoşbəxt etdi. Oraları yenidən görmək arzumun reallaşacağı günü gözləyirəm. 30 il torpaqlarımız işğal altında olub. Bütün evimizi-eşiyimizi, hamısını yandırıblar. Amma yenə də çox xoşbəxtəm ki, torpaqlarımız alındı. Elə zənn edirəm ki, evlər hamısı necə var, elə qalıb.

Qazilərimizin canı sağ olsun. Şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm. Onların analarının qarşısında baş əyirəm.

– Vaqif bəy, sizin ən böyük arzunuz nədir?

– Doğma kəndimə yenidən qayıtmaq mənim ən böyük arzumdur. Ora minalardan təmizlənəndən sonra səfər edəcəm. İcazə verilən kimi ən öndə gedənlərdən biri də mən olacağam.

– Doğma kəndinizə qayıdan zaman ilk işiniz nə olacaq?

– Mənim atam-anam orada rəhmətə gediblər. Gedən kimi ilk işim məzarlarını ziyarət etmək olacaq. İllərdir ziyarət edə bilmirdim. Ermənilər çox vicdansız adamlardır. Zabux kəndində qəbiristanlığı traktorla dağıdıb, üzərində ev tikiblər. Bu qədər insafsızlıq olmaz. Heç doğmalarımızın məzarlarının qaldığını belə bilmirik.

Nəzrin Vahid

Share: