Zabux sakini: “Ermənilər evimi məktəb etmişdilər, altı il əvvəl dağıtdılar”

Zabux sakini: “Ermənilər evimi məktəb etmişdilər, altı il əvvəl dağıtdılar”

Laçın şəhəri, Zabux və Sus kəndləri avqustun 26-dan Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu barədə Prezident, Ali Baş Komandan İlham Əliyev “Twitter” hesabında paylaşım edərək növbəti dəfə xalqına şad xəbəri çatdırıb.

Oxu.Az bu əlamətdar hadisə ilə bağlı Zabux kənd sakini Əşrəfov Telman Abduləli oğlu ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Telman bəy, Zabuxdan necə çıxdınız?

– Laçın rayonunun Zabux kəndində 5 sentyabr 1949-cu ildə doğulmuşam. Laçından 1992-ci il 18 mayda anam, həyat yoldaşım və beş uşağımla birlikdə çıxmışam. O gündən bəri biz oraya gedə bilməmişik. Bu gün ailəmiz genişlənib, oğlanlarım evləniblər. Qızlarımın ikisi laçınlı, biri zəngilanlıyla ailə qurub. Səkkiz nəfər gəlmişdik, amma biz Zabuxa 18 nəfər qayıdacağıq.

– Zabuxdakı evinizi təsvir etməyinizi istərdik.

– Bizim Zabuxda ikimərtəbəli, səkkiz otaqlı, uzunluğu 16, eni 11 metr olan evimiz vardı. 2016-cı ilədək ermənilər mənim evimi məktəb ediblər. Çünki kənddəki ən böyük ev mənim idi. 2016-cı ildən sonra isə oranı darmadağın ediblər. Daşı belə qalmayıb.

– Orada nə işlə məşğul olurdunuz?

– Zabuxda mən briqadir, partiya komitəsinin katibi, kənd icra nümayəndəliyi yaradılandan sonra nümayəndə vəzifəsini icra etmişəm.

– Birinci Qarabağ müharibəsində iştirak etmisiniz?

– Bəli, 1991-ci ildə özünümüdafiə dəstələrinin tərkibinə qatılmışam. Torpağımız zəbt olunanadək orduda olmuşam. O vaxt sərhəddə olan, döyüşən biz idik. Tək mən yox, mənimlə bərabər yüzlərlə gənc ermənilərə qarşı döyüşürdü. Müharibə veteranıyam, ona görə də ayda 80 manat təqaüd alıram.

– Zabuxdan çıxandan sonra haralarda yaşamışınız?

– Vaxtilə dolanışıq üçün heyvandarlıqla da məşğul olmuşuq. Kənddən çıxarkən heyvanlarımızı Bərdəyə gətirdik və orada satdıq. Oradan isə Sarıqayaya gəldik, dörd-beş ay “Pioner” düşərgəsində yaşadıq. Daha sonra Sumqayıt şəhərinə göndərildik. Orada bizi yaxşı qarşıladılar, 10 nömrəli yataqxanada yaşamağa başladıq. Amma ailəmiz böyük olduğuna görə son olaraq bizi 1-ci mikrorayonda bir evə yerləşdirdilər. Biz gedənə kimi orada yaşayış yox idi. Bu günə qədər də elə orada yaşayırıq, amma qeydiyyatımız yoxdur.

– Hansı işlərdə çalışmışınız?

– Elə Zabuxdakı işimi davam etdirmişəm. 2012-ci ilə qədər Zabux kənd inzibati ərazi dairəsi üzrə nümayəndə kimi çalışmışam. Həmçinin 1993-cü ildən Laçın Rayon İcra Hakimiyyəti başçısının Sumqayıt şəhərində səlahiyyətli nümayəndəsi seçildim. Məcburi köçkünlərin kommunal xidmətləri, yaşayış yerlərinin düzəldilməsilə bağlı işləri mən gördüm. Bu gün də həmin işlərlə mən məşğul oluram.

– Zabuxun Azərbaycan Ordusunun nəzarətinə keçməsi xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

– Laçın şəhəri, Sus və Zabux kəndləri erməni silahlı quldurlarından təmizləndi. Artıq o torpaqlar azaddır. Mən 22-24 avqust tarixləri arasında Zabux kəndinə 30 il üç ay sonra ayaq basdım.  Dövlət dəstəyi ilə bizi apardılar. O dağı, çayı, dərəni, bulaqları görəndə yaşadığım hissləri təsvir edə bilmirəm. Sevincimin həddi-hüdudu yoxdur. Düzdür, kəndimizi viran qoyublar, altını üstünə çeviriblər, qəbiristanlığımızı traktorla düzləyib yerində qəsəbə salıblar. Özləri üçün ölülərimizin üzərində yaşayış yeri düzəldiblər. Amma biz bunların hamısına dözürük, çünki artıq torpağımız qayıtdı, bu hədiyyə ömürlük bəsimdir. 73 yaşlı bir kişi kimi deyə bilərəm ki, bu gündən yaxşı gün yoxdur mənim üçün. Prezidentimizə minnətdarıq! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin!

Sayad Həsənli

Share: