Abbasqulu NƏCƏFZADƏ Aslan KƏNANIN açıq məktubuna cavab verdi

Hörmətli Aslan Kənan!

Mənə ünvanladığınız, azpolitşinfo(10.06.2020) və stateq. az (11.06.20200 yayınladığınız tənqidi məqalənizlə tanış oldum. Əvvəla, öncədən deyim ki, tənqid olmasa, inkişaf da olmaz. Amma həmin tənqid obyektiv və qərəzsiz aparılmalıdır. İkincisi, məqalənizə başlığı olduqca uğursuz seçmisiz.

Deyə bilərsiniz ki, başlığı sayt bu şəkildə vermişdir. Hər halda bu sözlər sizin məqaləniz əsasında bildirilib və deyilən fikirlər də məhz sizə məxsusdur. Nə isə, başlıqdan bəlli olur ki, tədqiqatlarımdan bixəbərsiz. Məni tanıyan hər kəs hətta kiçik bir məqaləmin də yalan deyil, elmi əsaslar üzərində qurulduğunu gözəl bilir. O ki qaldı Firidun Şuşinskinin kitablarına, onun musiqi mədəniyyətimizdəki xidmətinə, bu işin ziyanı xeyirindən qat-qat çoxdur. İstənilən adama bunları sübut etməyə hazıram. F.Şuşinskinin kitablarında və telesöhbətlərində muğamşünaslıq və orqanologiya ilə bağlı yanlış olan yüzlərlə faktlar mövcuddur. Məsələn, bir neçəsini diqqətinizə çatdırım. Yazır ki, ilk Azərbaycan xalq çalğı alətləri orkestrini 1920-ci ildə erməni Avanes İoanesyan yaradıb. Mən isə yazılarımda bildirirəm ki, yanlışdır, ilk Azərbaycan xalq çalğı alətləri orkestri 1908-ci ildə Təbrizdə Azərbaycanın xalq qəhrəmanı Səttarxanın (1867–1914) dövründə, Məşrutə inqilabı zamanı yaradılıb. O yazır, ilk qrammofon valı Azərbaycan sənətkarlarından Cabbar Qaryağdıoğlının ifasında 1906-cı ildə istehsal olunub. Bildirirəm yanlışdır, xanəndə Əbdülqadir Cabbarovun səsi 1903-cü ildə ilk dəfə vala yazılıb. F.Şuşinski yazır: Tarı sinəyə ilk olaraq Sadıqcan qaldırıb, mən etiraz edirəm ki, Təbriz rəssamlarının XV əsr miniatür rəsm əsərlərində, eləcə də başqa mənbələrdə tarçalanın sinədə aləti ifa etdiyini görürük. O, “Arazbarı”nı zərbli muğam kimi təqdim edir, biz isə bunun zərbli muğam olmadığını elmi seminarlarda, konfranslarda dəfələrlə sübuta yetirmişik. O deyir, Üzeyir Hacıbəylinin təklifi ilə Abutalıb Yusifov diatonik qarmonda “Orta Mahur”u dəstgah şəklində ifa etdi. Cavab verirəm ki, fraqment çala bilər. Diatonik qarmonda dəstgah şəklində həmin muğamın ifası mümkün deyil. O deyir, kamançanı Bakıya erməni Arsen gətirib. Deyirəm, kamança bütün dövrlərdə Azərbaycanda, o cümlədən Bakıda ifa olunub.

Deyir, dördtelli kamaçanı ilk dəfə erməni Saşa Oqanezaşvili hazırladı. Razılaşmıram, axı hələ XVII əsrdə alman səyyah Engelbert Kempfer Azərbaycanda 4, hətta 5 telli kamançalar olduğunu yazıb. Kitabında bir neçə azərbaycanlı kamança ifaçısının adını çəkir, qalanları hamısı ermənidir, guya bu alət erməninindir və yaxud biz onlardan öyrənmişik. Bildirirəm ki, səhvin var, XII əsrdə yaşamış şairə Məhsəti Gəncəvi bir sıra alətlərlə yanaşı, kamançada da gözəl ifa etmişdir. XVI əsrdə yaşamış tarixçi İsgəndər Münşi əsərlərində dövrünün Mirzə Məhəmməd Kamançayi, Ustad Məsum Kamançayi kimi gözəl kamança ifaçılarının adını çəkir. Məgər özü də tarixçi olan F.Şuşinski bunları bilmirdi? Nə isə, yanlışlıqları sadalamaqla qurtarmır, F.Şuşinskinin kitablarında göstərdiyi bəzi qaynaqlarda ya fikir təhrif olunur, ya da mənbəni yoxladıqda belə bir yazının tamamilə olmadığını görürük.

Hörmətli Aslan müəllim, indi deyin, musiqi mədəniyyətimizi balalarımıza Firidun bəyin yazdığı kimi öyrətməliyik? Bununla belə, F.Şuşinskinin əməyini heçə endirmək fikrimiz də yoxdur. Lakin onun kitabları elmi üslubda yazılmayıb və əsasən də sənətkarlar haqqında portret oçerklər işləyib, onların da arasında ermənilər az  deyil. Bu baxımdan kitablarından yalnız XIX–XX əsr sənətkarları haqqında informatik billgilər əldə etmək olur, elmi əsərlərin siyahısına daxil edilir. Gənc tədqiqatçılara həmişə tövsiyə edirik ki, F.Şuşinskinin kitablarından ehtiyatla istifadə etsinlər, ilkin mənbəni yoxlasınlar, sitatları dəqiqləşdirdikdən sonra müvafiq fikri yazsınlar. Yazırsınız: “Azərbaycanda muğam tariximizin ilk və son tədqiqatı Firidun Şuşinskinin adı ilə bağlıdır”. Cümlənizdən bəlli olur ki, Azərbaycan muğamşünaslığından və ümumiyyətlə, muğam tariximizdən xəbəriniz yoxdur. Belə çıxır ki, Səfiyyədin Urməvi, Əbdülqadir Marağalı, Fətullah Şirvani, Mirzə bəy, Mir Möhsün Nəvvab, Ağalar bəy Əliverdibəyov, Üzeyir Hacıbəyli, Məmmədsaleh İsmaylov, Əfrasiyab Bədəlbəyli, Ramiz Zöhrabov, Rəna Məmmədova, Zemfira Səfərova, Gülnaz Abdullazadə, Sürəyya Ağayeva, Sənubər Bağırova, Rafiq İmrani, Cəmilə Həsənova, Faiq Çələbiyev və b. alimlərin muğamşünaslıqla bağlı yazdıqlarını inkar edirsiz…

Tənqidi yanaşdığınız məqaləmizdə məqsəd F.Şuşinskinin yaradıcılığını təhlil etmək deyil, “O xal nə xaldır” mahnısının yaranma tarixi, poetik mətnində olan uyğunsuzluqlara diqqət yetirmək və mövqeyimizi bildirməkdir.

Yəqin məqaləmi diqqətlə oxumamısınız. İradlarınızdan biri də məqalədə mənbələrin göstərilməməsidir. Adətən saytlarda verilən sitatlar və istifadə edilən qaynaqlar göstərilmir. Amma çalışıram saytlardakı məqalələrimdə mənbələri göstərim. Bəzən mətn uzun alınmasın deyə belə ixtisarlar edilir.

Bildirirsiz ki, “yazı görkəmli sənətşünas-alim Firidun Şuşinskiyə qarşı qərəz və düşmənçilik hissləri üzərində qələmə alınıb”. Əgər məqalə faktlara söykənirsə, burada hansı “qərəz və düşmənçilik”dən söhbət gedə bilər. Firidun Şuşinskini “sənətşünas-alim” adlandırırsız, sizə görə ola bilər, amma rəhmətliyin nə eimi adı vardı, nə də elmi dərəcəsi. Belə çıxır ki, hər kəs, o cümlədən siz də özünüzü alim adlandıra bilərsiz. Xahiş edirəm, alim sözünü dəyərdən salmayın.

Yazırsız: “Cabbar Qaryağdıoğlu” əsərinin işıq üzü görməsindən 60 ilə yaxın bir dövr keçir. Siz kitab haqqında fikrinizi bu vaxta qədər niyə bildirməyibsiniz?” Başa düşmürəm, yazdığınızı dərk edirsiz? Məgər mən bu kitaba fikir bildirməliyəm? Axı siz niyə başa düşmürsüz ki, həmin məqaləmizdə məqsəd F.Şuşinskinin hər hansı kitabını analiz etmək deyil, konkret bir xalq mahnısını araşdırmaqdır.

Yazırsız: “Məgər bu “çatışmamazlığa” görə artıq 25 il bundan qabaq dünyasını dəyişmiş muğam tarixinin tədqiqatçısı Firidun Şuşinski haqqında hədyan yazmaq qəhrəmanlıqdırmı?” Aslan müəllim, tədqiqatçıyam, məgər işlədiyim mövzularla bağlı sizlə məsləhətləşməliyəm? Alim üçün zaman, məkan anlayışı yoxdur, istədiyi dövrü, istədiyi mövzunu araşdıra bilər. 40 ildən artıqdır ki musiqi folklorumuzla məşğul oluram. Xalq artisti Baba Mahmudoğlunun bədii rəhbəri olduğu, Respulikada yaradılan ilk folklor ansamblı “Dastan”ın uzun illər musiqi rəhbəri olmuşam. Şəxsi vəsaitimlə bir sıra unikal çalğı alətləri hazırlatmışam. “O xal nə xaldır” mahnısını da 40 il əvvəl ifa etmişik. Rəhmətliklər – Hacıbaba Hüseynov, Baba Mirzəyev, Habil Əliyev, İslam Rzayev, Tələt Qasımov, həmçinin Allah canlarını sağ eləsin Əliababa Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Niyaməddin Musayev, Ramiz Quliyev, Polad Bülbüloğlu və başqalarına qarşı F.Şuşinskinin qərəzli mövqeyini hər kəs bilir. Əgər kimsə xalqa qarşı xəyanət edibsə, dünyasını dəyişibsə və yaxud kitablarında səhih olmayan yazılar yer alıbsa, susmalıyıqmı? Söhbət təkcə F.Şuşinskidən getmir, istənilən yanlış informasiya gənc tədqiqatçıları səhv istiqamətə yönəldir. Hər bir alimin də borcudur ki, tədqiqatlarında bu yanlışlıqları və problemləri aradan qaldırsın. Siz buna “qərəzli mövqe”, “qeyri-etik”, “müəllifi aşağılayan” ifadələr kimi yanaşırsınızsa, deməyə sözüm qalmır.

Məqalədə yazmışam: “Hansı ata toyda yad kişiyə, yəni xanəndəyə qızının gözəlliyindən danışa bilər, xanəndə də mahnı oxuyub gəlinə eşqnamə söyləyər, erotik ifadələr işlədər: “daha məndə hal qalmadı”, “ürəyimi üzən gözəl”, “bir öpərəm, bir dişlərəm” və s. Mahnının yaranmasının bu şəkildə təqdim olunması Azərbaycan kişisinin aşağılanması, təhqir edilməsidir”. Siz isə əvvəlki cümləni çıxararaq fikri təhrif edərək verirsiz: “… xanəndə mahnıda gəlinə eşqnamə söyləyib, erotik ifadələr işlədib. Guya, həmin mahnıda “daha məndə hal qalmadı”, “ürəyimi üzən gözəl”, “bir öpərəm, bir dişlərəm” ifadələrini işlətməklə, Firudin (adı düz yazın, Firidun – A.N.) bəy Azərbaycan kişisini təhqir edir”. Bəli, F.Şuşinski Cabbar əmiyə də böhtan atır, gəlin tərifi söhbəti onun uydurmasıdır. Hörmətli Aslan müəllim, görürsünüz, qərəzli mövqe tutursuz, üstəlik öz adınızı bizə vermək istəyirsiz. Elə bu cümlələrdən dərhal sonra məqalədə tədqiqatçı-jurnalist, rəhmətlik Maşallah Xudubəylinin (1950–2017), Xalq artisti Xan Şuşinskinin (1901–1979) oğlu Aslan Cavanşirovun fikirləri təqdim olunur. Onlar belə bir hadisənin olmadığnı, gəlin tərifi söhbətinin F.Şuşinskinin təxəyyülünün məhsulu kimi dəyərləndirirlər. Görünür, bu fikirlər sizə sərf etmir, ona görə “bir cümlə ordan, bir cümlə burdan” yazmaqla oxucunu çaşdırmaq istəyirsiz.

Yazırsız: “Əvvəla, bilin ki, sizin xoşunuza gəlməyən misralar Hümmət Əlizadənin 1938-ci ildə tərtib etdiyi “Aşıqlar” kitabındandır”. Nəyi bilməliyəm ki, elə həmin mətni və mənbəni məqalədə vermişəm də. Bu eyniadlı kitabın II cildidir, I cild isə 1932-ci ildə nəşr olunub. Xoşuma gəlməyən odur ki, heç bir Azərbaycan türkü qızının bu şəkildə təriflənməsini istəməz. Amma həmin sözlərin mahnıda oxunması heç də qəbahət deyil. Qəbahət o zaman olur ki, F.Şuşinskinin təsvir etdiyi “gəlin tərifi” mərasimində xanəndə qız atası üçün həmin sözləri oxusun.

Yazırsız: “Sizin iddianıza görə, guya, F.Şuşinski kitabında göstərir ki, “İrəvanda xal qalmadı” mahnısı 1924-cü ildə yox, 1910-cu ildə C.Qaryağdıoğlu tərəfindən ifa olunub”.

Mən bu məqamda F.Şuşinskinin heç adını çəkməmişəm, oxuyun necə yazmışam: “Faktları araşdırdıqda bəlli olur ki, bu mahnını Cabbar Qaryağdıoğlu 1924-cü ildə deyil, ən azı 1910-cu ildən əvvəl bilirdi. Çünki 1910-cu ildə Məşədi Hilal Zeynalovun ifasında “O xal nə xaldır” mahnısı qrammofon valına yazılmışdı. Görünür, o bu mahnını Cabbar Qaryağdıoğludan öyrənibmiş. Şübhəsiz, aşıq havası “O xal nə xaldır” mahnısını xanəndə yaradıcılığına ilk dəfə Cabbar Qaryağdıoğlu gətirib”. Sizə bir şad xəbər verim ki, Cabbar əminin həmin mahnını hələ 1907-ci ildə oxuduğu haqqında qaynaq əldə edilib. Bu fakt bir daha F.Şuşinskinin guya sovet dövründə baş tutan “gəlin tərifi” mərasiminin yalan olduğunu təsdiqləyir.

Məqalədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mahnı ilə bağlı arayışını (reyestr kodu: FM0203010002) təqdim etmişik: “Şifahi ənənədə mahnının sözləri ilə bənzərlik təşkil edən nümunələrin mövcudluğu, həmçinin “bu xal nə xaldır” misralı kərkük mahnısının olması vaxtilə xalq arasında belə bir mahnının mövcud olduğunu göstərir. “İrəvanda xal qalmadı” mahnısı da həmin mahnının (deməli, Cabbar əmidən əvvəl mahnı mövcud olub – A.N.)Cabbar Qaryağdıoğlu tərəfindən ustalıqla interpretasiya edilməsi nəticəsində meydana gəlmişdir. Başqa sözlə, Cabbar Qaryağdıoğlu yeni bir mahnının sözlərini “yazmamış”, yeni mahnı bəstələməmiş, sadəcə məlum mahnının yadında qalan bəzi parçalarını təkrar edərək ifa etmişdir”.

Bu qədər aydın şəkildə yazılmış cümlələr elə yazdıqlarımızın təsdiqidir də, yəni F.Şuşinskinin yazdığı kimi mahnının müəllifi C.Qaryağdıoğlu deyil, sadəcə, onun interpretasiyasında mahnı dəbə düşmüşdür.

Siz isə mötəbər qurum olan Mədəniyyət Nazirliyinin də fikrini təhrif edir, guya onlar da mahnının müəllifi Cabbar Qaryağdıoğlu olduğunu bildirdiyini yazırsız: “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri səhifəsində “İrəvanda xal qalmadı” ilə bağlı (nümunənin reyestr kodu: FM0203010002) fikirlərinə bu qurum da əməkdar incəsənət xadimi Firidun Şuşinskinin və bir çox görkəmli şəxslərin dediklərini əsas tutaraq, mahnı müəllifinin Cabbar Qaryağdıoğlu olduğunu bildirir”. Burada nəzərdə tutduğunuz həmin bir çox görkəmli şəxslər F.Şuşunskinin yazdıqlarını dilə gətiriblər, yeni bir söz deməyiblər.

Hörmətli Aslan müəllim, görürsüz, kiçik bir məqalənizdə nə qədər təhriflərə yol verirsiz, gərək məqaləni qərəzsiz və diqqətlə oxuyaydınız. Reyestr arayışında göstərilir ki, C.Qaryağdıoğlu mahnıya ikinci nəfəs vermişdir, yəni əvvəl də bu mahnı mövcud olmuşdur. Bizim dediyimiz də elə budur. Bir fikirnizlə tam razıyam, yazırsız: “Firidun Şuşinskinin yazdığını daha heç kəs yaza bilməyəcək”. Doğrudur, çünki kimsə cəsarət edib kitablarında erməniləri onun kimi təbliğ edə bilməz. Mən gözləyirdim ki, tənqidi məqalənizdə polemika aparacaqsınız, işimizin xeyrinə olan yeni fikirlər söyləyəcəksiniz. Amma mahnı bir kənarda qaldı, Firidun Şuşinskinin kimliyini izah etməyə çalışırsız. Həsənov Firidun Məmməd oğlu haqqında 1996-cı il 10 sentyabr tarixində Səbail Xalq Məhkəməsində qərar verilib. Qərarda Azərbaycanın korifey sənətkarlarını təhqir etdiyinə görə F.Şuşinskinin “Musiqişünasın düşüncələri” adlı kitabı ləğv edildiyi bildirilir. Hörmətli Aslan müəllim, siz isə bu yazınızda həmin kitabın adını bir daha gündəmə gətirir, bununla da məhkəmənin qərarını saya almırsız. Unutmayın ki, biz demokratik cəmiyyətdə yaşayırıq, hər bir vətəndaş kimi siz də Azərbaycan qanunlarına riayət etməlisiz.

Sonda icazə verin F.Şuşinskinin televerilişlərdəki bir saxtakarlığını da diqqətinizə çatdırım. Əməkdar artist Ədilə Əflakinin babası Ələkbər Nəzərli ötən əsrin əvvəllərində imkanlı və tanınmış qarmon ifaçısı olub. Onun haqqında “Muğam ensiklopediyası”nda da oçerk verilib. Ələkbər Nəzərlinin böyük həyətyanı sahəsi, güllü-çiçəkli bağçası olmuş, burada musiqi məclisləri keçirirmiş və zamanında bir çox unikal fotolar çəkdirirmiş. F.Şuşinski bundan xəbər tutur, Ədilə xanımgilə gələrək Ələkbərlə bağlı telesüjet hazırlayacağını bildirir və həmin şəkilləri götürüb söyləyir ki, bir neçə gündən sonra qaytaracağam. O gedən olur, şəkilləri qaytarmır. Üstəlik Ədilə xanım deyir ki, Cabbar əmi tez-tez bizə qonaq gəlirmiş, babam da zəngin kişi olub, fotoqrafı həyətə dəvət edib şəkillər çəkdirərdilər. Sonra F.Şuşinski həmin şəkillərdən televerilişlərdə istifadə edərək, tamaşaçılara guya Qarabağda hansısa bir bəyin həyətində çəkilmiş foto kimi təqdim edirdi. Təsəvvür edirsiz, Ədiləgilin ailə üzvləri nə vəziyyətə düşürdülər. Bu şəkillərdən biri yaxın qohumlarda təsadüfən qalıb və həmin şəkil “Muğam ensiklopediyası”nda yer alıb. Hörmətli Aslan müəllim, elmdə saxtakarlıq etmək olmaz, kimsə bu işi görəni müdafiə edirsə, özü də ən böyük saxtakar olur.

Abbasqulu NƏCƏFZADƏ                     

sənətşünaslıq elmləri doktoru, professor

Share: