Abdullah AYATA yaradıcılığı üzərində variasiyalar

Abdullah  AYATA yaradıcılığı üzərində variasiyalar

Avropalılardan 600 il öncə Yerin kürə şəklində yuvarlaq olduğunu, “dairə” adı ilə verdiyi xəritədə göstərmiş,türklərin yaşadığı 107 bölgəni cızmış,türk dilinin fonetik qanunlarınn,morfoloji xüsusiyyətlərinin,sintaksis quruluşunun ilk elmi izahınıvermiş Mahmud Kaşğari Abbasilər xəlifəsinə türkləri belə tanıtmışdı: “Güclü,qüvvətli düşməni dizə çökdürən  keyfiyyətləri ilə bərabər türklərdə  gözəllik,sevimlilik,ədəb,böyükləri ağırlamaq,verdiyi sözü yerinə yetirmək,sadəlik,igidlik,mərdlik kimi  öyünməyə dəyə bilən  fəzilətlər də görülməkdədir.

QƏLƏIMİN QÜDRƏTİ

“Dünya yaranandan qələmin ilkin sözü

Varlıq səhifəsində sözün özüdür,özü.”

Nizami Gəncəvi

Yaradıcılıq sirri qosqoca kainatın ilk  bağlanğıcından,antik filosofların substansiya təsnifatından,yəni sudan pərvəriş tapmış aləmin hüdudsuz okeanlarından ta göyün yeddinci qatına,ənginliklərə qədər,doğuş sancısından qəbir əzabına,qəlbin gözündən gözün sözünədək hər düşüncə süzgəcində,ya da lap elə gecə ilə gündüzün əvəzlənməsi alqoritmində,Ayla Günəşin vüsalsız sevgi dastanlarında təcəlla bəxşişini aydınlatmaqtəşnəsində olsa da…daha geniş bilgi  həlqələri ilə elm Günəşinin saçaqlarından yapışıb Həqiqəti seyr etmək çoxlarını öz ahənrübasına çəkdi.

…Həyatın sosial- fəlsəfi mahiyyəti,tərəddüdlər,şübhələr,təbəddülatlar,yetərincə antoqonist duyğular,ritorik sualların bolluğu bədii ədəbiyyat anlayışına zərurət libasını geyindirdi.Müqəddəs qələm sözlə bağrıbadaş,sözə ötürücü olaraq dərd ağacının aşıb- daşan yükünü yüngülləşdirməyə çalışdı. Bəzən sığal çəkən ələ,bəzən də qınından çıxıb havada parıldayan qılınca döndü…Və ədəbiyyat fotoqraf deyil,rəssamlıq rəmzini seçdi.

Ədəbiyyat,Çexov demişkən,ağrının özüdür.Çexov məntiqinə söykənsək,qələm də ağrıkəsicidir.Üçüncü sətirdən də belə anlaşılır ki,yazar – təbibdir.

Təbib neynər?Xəstənin zəhərini canına çəkib atar.Yənidərdlinin sitəm yükünü ürəyinə çəkib içindən keçirər.Təkcə dərdə şərik olmaz,həm də onun arınmasına vəsilə  missiyasını daşıyar.Yazıçı taleyi də eynən belədir.İllah da tarixi romanlar yazan,ictimai- siyasi gərdişlərin ağrı- acı kimi  saxladığı səhifələrə nüfuz edən yazar ola.

Zamanında Faruk Nafız Çamlıbel,Yəhya Kamal,Namiq Kamal,Məhmət Emin Yurdaqul  müasir türk təfəkkürünə  uzanan körpünün  quruculuğunda  zehniyyətləri şölələndirib,qaranlıq döngələrə işıq saldılar.

M.S.Ordubadi, İ.Hüseynov- Muğanna,Mahmud İsmayılov, F.Kərimzadə, Ə.Cəfərzadə, S.Əhmədli, S.Rüstəmxanlı sovet  dönəminin qadağa buxovlarına belə  baxmayaraq, milli məfkurənin oyanışına yönəlik tarixi romanlar yazdılar.

Nüşabə Məmmədli,Aqil Abbas,Fazil Günay,Salatun Əhmədova,Şərif Ağayar,poeziyada Qabil,Ə.Salahzadə, Nurəngiz Gün,Ədalət Əsgəroğlu, Sabir Sarvan, Məmməd İlqar Qarabağ acısını ciyərlərinə çəkib qələmə,ordan da kağıza köçürdülər.

ABDULLAH AYATA FENOMENİ

“Şairlərimiz əsaslı kültür sahibi olmalı və tarixi yaxşı bilməlidirlər”

                                                    ATATÜRK

Bir il öncə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin vəsilə olmasıyla Türkiyədə,Kayseridə yaşayan əməkli müəllim,tədqiqatçı- yazar, cəsur türkmən oğlu Abdullah Ayatanı tanıdım.”Son erməni” Və “Mühbir Mehmet” romanlarını oxudum…

Əndişəli dolanbaclarda təntiyib qalmış adamları,sazağa- borana düşmüş səhifələri,nagahan gülləyə tuş gəlmiş taleləri,sözünü deyə bilmədiyindən dodaqlarını dişinə sıxmış  və qanı ürəyinin başına  axıtmışların dastanını birər- birər topla,dünyanın hər yerindən,ikili standart monitorundan milli kimliyinə yönələn,humanizminə atılan şər- böhtan çirkabını təmizlə,nadan,dayaz  beyinlərə qafa tut,oğulsan, göz yaşlarıyla göyərmiş dərd ağacından ruhunu asan anaya toxtaqlıq ver, görüm necə verirsən?

…Abdullah Ayata 1958- ci ildə Kayseridə dünyaya göz açıb.Tomarza qəsəbəsində böyüyüb, müxtəlif Universitetlərdə,ayrı- ayrı  şəhərlərdə pedaqoq kimi çalışsa da, ürəyi heç zaman Kayseridən gen düşməyib.Ötən əsrin əvvəllərindən Rusiya  və Avropa dövlətləri  ilə eyni  vaxtda siyasi izdivaca girən  Osmanlı erməni ideoloqları Kayseridə, Vanda,Bitlizdə,Ərzurumda,Ərzincanda qanı su yerinəaxıtdılar. Çirkin niyyətlərinə çatmaqdan ötrü özününküləri, fağır- füqəranı,onların zəhərli ideyalarını qəbul etməyən soydaşlarını da qılıncdan keçirdilər,malikanələrinə,dükanlarına od vurub yandırdılar.Sonra da abır- həya  pərdəsini büsbütün  yırtaraq zarıdılar:

-Qoyma,gözüm Avropa,göz bəbəyim Rusiya,bizi türklər qırıb- çatdı.

Halbuki, ünlü rejissor- pedaqoq Memduh Yağmurun yazdığı kimi “Bizans dərəbəylərinin  ağır vergilərindən,  acımasız davranışlarından və məzhəb  dəyişiklikləri üçün  yapılan basqılardan bezən ermənilər Türklərin Anadoluya  gəlməsiylə rahatlıq tapmışdılar. “

Həqiqətin gözünün içinə baxa- baxa şeytanın barmağının işarəsinə “Ləbbeyk” deyənlərin  qırmızı sifətlərinə  qələm adamının şapalağı gərəkirdi…

Və cəsur türkmən oğlu əlinə qələm götürməyə vadar oldu.

Vətənpərvərliyi, Böyük Türk sevdası,həqiqət aşiqliyi Abdullah bəyin zehniyyətindən qələminə  süzüldükcə,bədii təfəkkürünü də ortaya  çıxardı.2003- cü  ildə yazdığı “Son erməni”nin ardınca “Mühbir Mehmet” gəldi.Sonra “Uzaqdakı  bayraqdarlar”, “Tanrılara kafa tutan adam”, “Keşkə o dəli mən olsaydım”, “Qartallar qəfəsə sığmaz” romanları  tarixi gerçəklərə güzgü tutdu.Yazdıqca həqiqət sandıqları açıldı.Azərbaycan el məsəlində deyildiyi kimi “açıldı sandıq,töküldü pambıq”.Erməni yalanları yer axtardı girməyə,tapammadı.Amma erməni genetikasına xilaf çıxmayaraq, Allahın onlardan əsirgədiyi məntiqi topa tutdular.Əvvəlcə əsərin Amerikada,ingilis dilində çapına  mane olmaq istədilər,bacarmadılar,sonra təqdimatını əngəllədilər.Evinə,mobil nömrəsinə təhdid zənglərinin ardı- arası kəsilmədi.

GERÇƏKLİYİN HƏQİQİ TƏSVİRİ

“İnsan insanın güzgüsü olsaydı onda büsbütün çirkinliklər aradan qalxardı.”

                                                        Şəms Təbrizi

Abdullah Ayatanın romanlarındakı obrazların əksəriyyəti gerçək insanlardır.O, “Son erməni” əsərində Tomarza qəsəbəsinin,Şıxbarak kəndinin  saf insanlarının davranış kodeksi konteksində dövrün ümumi siyasi – iqtisadi,sosial- mənəvi  xəritəsini cıza bilib.

Yazıçı siyasi kataklizmlərin paralelində talelərin mənəvi deqradasiyasını da mükəmməl rənglərlə  işləyib.Obrazın xasiyyəti,dəyərlərə münasibəti ilə bərabər,onun fizioloji göstəricilərini,oturuşunu- duruşunu,hadisələrə reaksiya manerasını da uyğunlaşdırır.

Ayatanın qələmindən çıxan təsvirləri,epitetləri çox rahat şəkildə göz önünə gətirə,görə bilirsən.

Abdullah bəyin qəhrəmanları müsbətiylə,mənfisi ilə  bütöv xarakterlidir,fundamental struktura malikdir.

Ayatanın romanındakı hadisələr canlıdır,rənglidir. Bu rəngin də özünün ağ – qara ibtidaisi (kino dilində desək fləş- back) var, qəhrəmanın  inkişaf  mərhələsinə, dramaturji ekspozisiyaya xidmət edir.

Onun romanlarının  dünyasında  soyuqdan tez- tez əsərsən də, günün qızmarında yanıb külə dönərsən də.Güllə yarasının ağrısını duyarsan da.Çünki ədib özünün zəngin  həyat bilgisi, qatqısı ilə gerçək hadisələrin təhkiyəsində ustadır.

Abdulah Ayatanın  tarixi romançılığı  “düzü- düz,əyrini – əyri” ədəbi şalqbaumundan  keçir.O,araşdırmaçı dürüstlüyünü, vicdan təmizliyini və ən əsası,yaradılışın əşrəfi  insan sevgisini bədii yazıya transfer etməyi bacarıb.

Yazıçının obrazlar qalereyasında  Aram Manukyan kimi Çar Rusiyasının agenti,qaniçən də var,Mühbir Mehmet kimi haqq işığına üz tutan erməni gənci də,ASALA – nın emissarlarına öz yerini göstərən, Türk dostunu təhlükədən qoruyan,son erməni Gazer əfəndinin oğlu Arsin də.Yəni  Ayata üçün ulu Nəsimi demiş,cahil insan,bir də kamil insan mövcuddur.Sadəcə,yazıçının  ortaya çıxartdığı tarixi həqiqətin işığı o qədər parlaqdır ki, min illərdi erməniləri  diringi oyun  havasında atılıb- düşməyə məcbur edən,hiylə torları toxuyan  siyasi dəllalların gözünü çox qamaşdırır.Onların oyunları isə qaranlıqları sevər.

Abdullah Ayata həqiqət aşiqidir.Sülh,barış carçısıdır.İnsan sərrafıdır.Ulu türk sevdalısıdır.Azərbaycan sevdalısıdır.Bir Türk – müsəlman birliyi təşnəsidir.

Ermənilərin  xislətinə dərindən bələd olan Abdullah Ayata  üçün  Qarabağ yarası da  vardı və  müqəddəs  Vətən  müharibəsi başlayandan  demək olar ki, hər gün mənimlə,Gülnarə Cəmaləddinlə danışırdı,ürəyi atlanırdı.Onunla birlikdə Azərbaycan  sevdalı aydınlar  Memduh Yağmur,Fethi Akın,Emrak Bekçi,Çinar Arıkan,Müberra xanım,Fatma xanım,Ayşe Kantaroğlu,Yusif Doğdu,Mustafa Doğan,Hülya Pekçioğlu,Murat Alper,Sabina Urfan,Yurttaş Şahbaz,Filiz Çelik,Mehtap Karakaya,Ayzer Büyüker, Ersin Baran kimi aydınlar və sənət adamları  peydərpey maraqlanırdılar, bizimlə birgə “Qarabağ- Azərbaycandır!” hayqırırdılar.Ayzer Büyüker  mərhum şairimiz, AYB Sumqayıt bölməsinin ideya müəllifi,yaradıcısı və ilk sədri Sabir Sarvanın “Qarabağlı uşaq”  şeirini notlara paylaşıb  mübarizə mövzusuna çevirmişdi,həmin günlərdə də iş adamı Öndər Oktayın dəstəyi ilə  “Ümid” albomunda yer aldı və yayıldı.

BİRLİK MƏQAMI

“Ağıllı adam söyldiyinin nəticəsini görə bilir”

                                                      Dostoyevski

…Və 44 günlük müharibə bitdi.Ali Baş Komandan İlham Əliyev qətiyyətinin kəsəri  korşalmış qılınclara bülöv verdi.

İllərlə düşmənin xeyrinə  formalaşmış mifin  dramaturji  strukturu darmadağın edildi.

İlham Əliyev perik ruhları sərkərdanlıq sərkisindən,xarı bülbülü qəfəsdən qurtardı.

Yurd həsrəti ilə öləziyən gözlərə nur gəldi.

Ali Baş Komandan  son 30 ilə yaxın müddətdə  ümumişlək sözlər sırasında rekord istifadə göstəricisi  ilə məşhur  “qaçqın” ifadısini qələbə  dili içində assimlasiyaya uğratdı. 21- ci əsrin müharibə taktikasını  qurmaqla, dünya hərb elmini öz səhifələrini yeniləmək məcburiyyətində qoydu. 44 gündə təkcə silahlar  danışmadı,həm də ürəklər dil açdı.Prezidentin ürəyinin odundan köz götürən  cəsur ürəklər.  Dünya kinosunun məşhur  “Cəsur ürək” filmi 25 il bundan əvvəl ekranlara çıxmış və sevilmişdi.

Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu isə cəsur ürəyi  natural formada, təbii şəkildə,kinoçəkiliş  texnikası, kaskadyor tryuk qrupu  olmadan anlatdı. Cəsur ürəklər sayəsində mümkünsüz mümkünə çevrildi.

… Və bütün həyəcan dolu məqamlarda Böyük Türklər Azərbaycanın yanında oldular.

MÜDRİK QARDAŞ

“Bil ki,əql düzgün tərəzidir.Onun hökmləri yalana yol verməyən doğru yəqinlərdir.O,adildir,ondan heç zaman haqsızlıq gözlənilməz.”

Eynəlquzat Miyanəçi.

“Həqiqətin məğzi” Tarktatından

Nəinki Türkiyəyə, hətta türk- müsəlman toplumunun yaşadığı bütün məkanlara qıcanmış dişləri  kəlməsinin qüdrəti ilə  vurub tökən,böyük Türkün  haqq ocağında qızınmaq  istəməyib də, xromokey alovlar yaratmaq  eşqinə düşənləri  dəmir siyasi məntiq  məngənəsində zəlil edən,məkrli niyyətlərin qısqanclıq toz- dumanından  yaranan siyasi  qasırğaları zəkasının işığı  və cəsarəti ilə  ram edən, düşmən arzularını puça çıxaran, Türk dünyasının böyük  diplomatiya meydanında  moderatoru  Rəcəb Tayyib Ərdoğan çətin,sınaq günlərini Azərbaycan  eşqi ilə keçirtdi.İlham Əliyevlə qardaşlıq əhdini şərəfləndirdi.

Türk ruhunun müdafiə qüdrəti,Türk mənəviyyatının  səngər- qalası Hulusi Akar,intellektindən zəfərlər doğuran Səlcuq Bayraqdar və digərlərini qələbəyə gedən yolun aydınlanmasına  əvəzsiz tövhə verdilər.

ZƏFƏR QÜRURU

“Millət- dil,din,əxlaq və gözəllik  duyğusu baxımından müştərək olan,yəni eyni  tərbiyəni almış  fərdlərdən yaranan topluluqdur. Türk kəndlisi onu sadəcə  dili dilinə uyan,dini dininə uyan”  formasında söyləyir.

  Ziya Göyalp

İyunun 15- də qoşa qanadın  zəfər ənginliklərindən  baxış günü oldu.

O gün həm də özündə əzəldən  bəri  fitvaların havacatına   boyun əyməyib, “birlik” silahına sarılmaqdansa, daş atıb başını  tutmuş  səxşlərə  iki dövlət başçısının,iki qüdrətli Ali Baş Komandanın  görkünü,  siyasi ibrət dərsini  ehtiva edirdi.

Bu mənzərəni izlədikcə ürəyim atlandı. Qosqoca Türk alplarının  havası qanımı coşdurdu.

15 iyunda  tarixin mistik- mifoloji  qatlarından,zamanın öz bağrından  qopdu Böyük Türk Birliyi.

Gücün,qüvvətin,ərliyin, cəsarətin,amma həm də  mərhəmətin törəsi bəyan edildi.

Türkün ayaq tutub yeridiyi,yürüdüyü,qılınc çaldığı,zəfər dalınca zəfər qazandığı Orta Asiyadan,Sibirdən Xəzərə,Qırmızı Dənizdən  Sibirə,  Baykaldan Balkanlara  qədər  torpaqlar qüdrət və qürurdan qabardı.

Şuşanın sıldırım qayaları ruhumu oxşadı,Cıdır düzündə Şuşa bəyannmaəsini  imzalayan  böyük Türk sərkərdələrinin  gözlərində Böyük Türkün  sabahına uzanan  üfüqləri gördüm.

Bir anlıq mənə elə gəldi ki,Bilgə Xaqan,Orxan- Yenisey,Güntekin,Tonyukuk abidələri, qayım- qədim ellərin genetik pasportuna çevrilmiş ulu  dastanlar  yenidən yazılır,düzən və qanun sahibi, dövlətə,vəhdətə bağlı olanTürk tarixi daş kitabələrə həkk edilir.

İLGİNC TARİXİ FAKT

Mahmud Kaşğarinin “Divani- lüğəti türk” əsəri Türkiyənin keçmiş maliyyə naziri  Nazif Paşanın həyat yoldaşı  tərəfindən İstanbulun   məşhur kitabçısı Bürhan bəyə verilir.O da kitabı yazar Əli Əmiriyə göstərir.O əlyazmanın  Kaşğariyə aid olduğunu bilib onu 30 lirəyə alır.Lüğətin sorağı yayıldıqdan sonra,Ziya Göyalpın,Tələt Paşanın  və Ədliyyə naziri İbrahim Əfəndinin  təkidləri ilə  lüğət 300 tirajla çap edilir.

Tələt Paşa bunun müqabilində  Əli bəyə 300 lirə göndərir,lakin  o, qəbul etmir,üstünə “Divani- lüğəti  türk” sədəqəsi yazılaraq yardıma ehtiyacı  olan əhaliyə paylanmasını istəyir.Bir müddət sonra qiymətli kitablarına görə  fransızların təklif etdiyi 300.000 ingilis  lirəsindən, üstəlik,  Parisdə adına açılacaq kitabxana təklifindən,yaxşı həyat  tərzi vədindən də boyun qaçıran Əli Əmiri – vətənsevər Türk övladı  nə söyləsə yaxşıdır?!

“Mən bu kitabları  dövlətin verdiyi maaşla topladım.Öldüyüm zaman millətimə qalması üçün  bir də belə təkliflə  gəlsəniz,sizi qovaram.”

Professor Buludxan Xəlilovun açıqlamasından

Azərbaycan oxucularının  çox yaxşı xoşladığı  bir əsər var: “Bir gəncin manifesti”.Görkəmli ədəbiyyatşünas alim,pedaqoa,yazıçı, Mir Cəlal Paşayev qələminin məhsuludur.Sona ana son anda  dəyərli xalçasını   ingilis tacirinə  verməkdən imtina edir. “İtə ataram,yada satmaram”deyir.

…Doğrudanmı, ermənilər  hələ də türklərdən  nəyisə,illah da  əlahiddə mənəvi dəyər  kəsb edən nəyi  almaq fikrindən daşınmırlar?!

Erməni demişkən,elə ermənilərin də,ermnipərəstlərin də ovqatlarını pozub qulaqlarını yenə də Mahud Kaşğari kəlamı ilə  cingildətmək  istərdim.

“Mən Hüseyn oğlu Mahmud  deyirəm: Tanrının səadət günəşini türk  bürclərində  doğulmuş olduğunu və onların ucsuz- bucaqsız  mülkləri üzərində  günəşin heç batmadığını gördüm.Onlara  Türk adını Tanrı özü verdi.Onları üstün yaratdı.İnsanların xöşbəxtliyinin səbəbini  onlarda gördü və əslində  hər zaman onlara yardımçı oldu.”

EPİLOQ YERİNƏ

“Çox qarışdırdın, mövzunu gərdin” deyənləri – ki, bunu mütləqa ya dilə, ya da azından ürəyinə gətirən olacaq – anlayışla qarşılayıram.Fəqət,ulu Türk ruhu bu gecə məni götürüb çox dolaşdırdı…Və Türkün qılıncı da geniş açılar….Türkün coğrafiyası da çox genişdir,həndəsi doqmanın 360 dərəcə əndazəsini  belə, aşacaq dərəcədə geniş…

Böyük coğrafiyanın  deyiləsi sözü çox vaxt alar. Həm də “Qədim türk abidələrinin  yaşam tərzini öyrən,öyrət və gələcəyə ötür” sloqanın  mənəvi həzzində  bəxtiyar olmağı bacaran Abdullah Ayatanın Azərbaycanla  bağlı bir arzusu gerçəkləşdi:  Şuşa azad oldu.Qalır ikinci niyyətinin hasil olması- Bir Şuşalı ailənin fonunda Qarabağ hadisələrindən roman ərsəyə gətirmək.

P.S.Digər tərəfdən  Şuşa bəyannaməsinin  fərəhini də bölüşmək  istədik.O üzdən variasiyalar uzun çəkdi.

Hafiz İmamnəzərli

 

 

Share: