Abel Məhərrəmovu BDU-dan çıxarmaq mümkün olmayıb

Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov bu vəzifədən çıxarılsa da hələ də universiteti tərk etməyib. Çünki onun BDU-da “ehtiyat vəzifəsi” də var imiş.

Bu barədə unikal.org-a istinadla yerli KİV-lər yazır. Belə ki, Abel Məhərrəmov-akademik və deputat BDU-da həm də “Üzvi kimya” kafedrasının rəhbəridir. Beləliklə, o, Madriddə keçirilən dini tolerantlıq konfransında Azərbaycan nümayəndə heyətinin digər üzvləri ilə sərxoş halda qalmaqal törətməsinin ardınca rektor vəzifəsindən azad edilsə də kafedra müdiri kimi qalır.

BDU-nun mətbuat katibi Pərvanə İbrahimova təsdiq edib ki, akademik Məhərrəmov “Üzvi kimya” kafedrasının rəhbəri vəzifəsində qalır və hər gün işə gəlir

Abel Məhərrəmov barəsində ötən həftə mətbuata sızdırılan məlumatlara və işdən çıxarılmasına ilk dəfə dünən şərh verib. O, mətbuatı “şou yaratmaqda” günahlandırıb, bildirib ki, 19 ildir rektor kimi işləyirdi. İndi isə belə məsləhət olub ki, bir az dincəlsin…

Bununla belə keçmiş rektor Madriddə sərxoş vəziyyətdə dava salması və çəlləklərlə şərab aparması barədə deyilənlər haqda konkret danışmayıb.

Müstəqil.Az

Share: