Arktikada yerləşən Vrangel adası Rusiyaya yox, ABŞ-a məxsus olmalıdır, Vaşinqton onu geri almalıdır.
Bu sözləri “The Wall Street Journal”ın (WSJ) köşə yazarı, ABŞ-da Arktikanın Kəşfiyyatı Komissiyasının keçmiş rəhbəri Tomas Dans yazıb.
Onun sözlərinə görə, Rusiya bu ərazini 1924-cü ildən “Qırmızı Oktyabr” qayığı adaya gələrək sovet bayrağını sancdıqdan sonra qanunsuz olaraq mənimsəyib.
“Bir neçə Arktika adası Rusiyanın nəzarəti altında qalır və ABŞ onları geri almalıdır. Belə ki, adalar ABŞ-ın milli təhlükəsizliyini təhdid edə biləcək hərbi bazaya ev sahibliyi edir”, – deyə müəllif bildirib.
Dans onu da xatırladıb ki, 90-cı illərin əvvəllərində ABŞ-ın indiki prezidenti Co Bayden artıq bu məsələ ilə məşğul olub.
Qeyd edək ki, Qərb və Şərq yarımkürələrinin sərhəddində yerləşən Vrangel adası rusiyalı qütb tədqiqatçısı Ferdinand Vrangelin adını daşıyır. 1926-cı ildə adada “Uşakovskoye” adını alan ilk Sovet qəsəbəsi, 1976-cı ildə isə qoruq yaradılıb. 2004-cü ildən ada YUNESKO-nun Ümumdünya Təbii İrs Siyahısına daxil edilib.
Mənbə: TASS