ABŞ-ın Corciya ştatının sakinindən 50 min bitkoin və ya təxminən 1 milyard dollar dəyərində kriptovalyuta müsadirə edilib.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, o, rəqəmsal aktivləri oğurlamaq üçün fırıldaqçılıqda günahını etiraf edib.
Müstəntiqlərin fikrincə, cinayət 2012-ci ilin sentyabrında baş verib. O zaman şübhəli Ceyms Çjun “Silk Roud” ticarət platformasından 50 minə yaxın bitkoin oğurlayıb.
Açıqlamaya görə, o, kiçik məbləğlərlə saytda hesablar qeydiyyatdan keçirib və sonradan xidmətdəki boşluqdan istifadə edərək eyni anda həmin hesablardan bir neçə dəfə pul çıxarıb. Beləliklə də, Çjun yatırdığından daha artıq məbləğlər əldə edib. O, oğurlanmış bitkoinlər kimliyini və vəsaitin mənbələrini gizlətmək üçün müxtəlif pul kisələrinə köçürüb.
2021-ci ilin noyabrında oğurlanmış bitkoinlərin əhəmiyyətli bir hissəsi Çjunun evinin zirzəmisindəki seyfdə olan rəqəmsal daşıyıcıda tapılıb. Kriptovalyutanın daha bir kiçik hissəsi isə tualetdə saxlanılan kompüterdə aşkar edilib.
Çjun 2022-ci ilin martında istintaqla əməkdaşlığa başlayıb və mindən çox bitkoini könüllü olaraq təhvil verib. Hazırda onu 20 ilə qədər həbs cəzası gözləyə bilər.
Qeyd edək ki, “Silk Roud” bazarı 2011-ci ildən 2013-cü ilə qədər məxfi internet məkanında fəaliyyət göstərib.
Mənbə: gazeta.ru