ABŞ-da Azərbaycan sevdası ilə yaşayan VƏTƏNPƏRVƏR…

ABŞ-da Azərbaycan sevdası ilə yaşayan VƏTƏNPƏRVƏR…

Əhalisinin bir milyonu azərbaycanlılardan ibarət olsa da, ABŞ-da heç zaman güclü diaspor təşkilatımız olmayıb. İndiyədək mövcud olan təşkilatların hamısı şəxsi əlaqələr hesabına fəaliyyət göstərib və çox az insanları ətraflarında birləşdirə biliblər.

Əslində, bu qrumlara təşkilat deyil, kiçik icmalar desək daha doğru olar. Sevindirici haldır ki, uzun illərin pərarkəndə fəaliyyətindən sonra, ABŞ-dakı azərbaycanlılar da Beyin Mərkəzinin yaradılmasına çalışırlar. Və bu mərkəzin səyi nəticəsində ümid edək ki, ABŞ-da da Azərbaycan diaspor təşkilatı tezliklə yaradılacaq. Sözsüz ki, diaspor təşkilatı müstəqil, sərbəst, azad fəaliyyət göstərməlidir…
Haqqında söhbət açmaq istədiyim Fərhad Ələkbərzadə bu istiqamətdə inamla irəliləyən gənc soydaşlarımızdandır. O, 1989-cu ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Azərbaycan Texniki Universitetini “Telekommunikasiya və kompüter elmləri” departamentindən sistem mühəndisi ixtisası ilə bitirib. Elə həmin il Azərbaycan Silahlı Qüvvələrində əsgəri xidmətə çağrılıb və o zamanlar işğal altında olan Füzuli rayonunun Horadiz qəsəbəsi və Aşağı Abdurrəhmanlı kəndlərində baş çavuş kimi vətənə qulluq edib…
Deyir ki,- “Hər 2 valideynim Azərbaycan Texniki Universitetini bitirdiyi üçün, mənim də uşaqlıqdan texniki sahəyə marağım böyük olub. Universitetdə təhsil alarkən isə, bu sahə ilə peşəkar səviyyədə məşğul olmağa başlamışam…”
Fərhad 2009-cu ildə tələbə olarkən “Azərbaycanca İnformasiya-Kommunikasiya Texnologiyaları terminlərin lüğəti” layihəsini ərsəyə gətirib. O zamanlar İKT terminlər lüğəti yox idi. Həm tələbəlik dövründə, həm də əsgərlikdən sonra Azərbaycanda bir çox sosial və maarifləndirici layihələri həyata keçirib. Eyni zamanda 2010-cu illərin əvvəlində çox məşhur olan “Aztagram” layihəsinin də müəllifidir. Bu layihə Azərbaycanda on minlərlə gənci öz ətrafına toplaya bilmişdi. Məsələn, 2013-cü ildə İçərişəhərdə yerləşən “Müasir İncəsənət Muzeyi”ndə keçirdikləri sərgiyə 2 gün ərzində minlərlə gənc gəlmişdi. O vaxt məşhur “Manpası” verilişinin bir buraxılışı məhz həmin sərgiyə həsr olunub. 2014-cü ildə Park Bulvar ticarət mərkəzində keçirdikləri “Magnebition” adlı sərgiyə isə daha çox insan qatılıb. Ümumiyyətlə yaratdığı “#aztagram” açar sözü üzrə instaqram platformasında 30 milyondan çox post var. Demək olar ki, instaqram istifadə edən hər beş azərbaycanlıdan biri həmin açar sözdən istifadə edib…
Bir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
2016-cı ildən Amerika Birləşmiş Ştatlarında yaşayır. ABŞ-a gəldiyi ilk vaxtlarda bir müddət Kolorado ştatının Denver şəhərində məskunlaşıb. Dediyinə görə, Denveri seçməkdə səbəb, qaynının orada yaşaması olub. Lakin maraqlı bir fakt da var- Fərhaddan öncə, 1993-cü ildə babası Hüseyn Zeynalov həmin şəhərdə ezamiyyətdə olubmuş. O zaman Azərbaycanın ən bilikli geoloqlarından olan Hüseyn Zeynalovu amerikalılar Denverə öz təcrübəsini bölüşmək və mühazirə keçmək üçün dəvət etmişdilər. O zaman hətta Amerikada qalmaq təklifi versələr də, babası imtina edib…
Deyir ki,- “Amerikaya köçdüyüm ilk aylarda burada fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə maraqlanmağa başladım. Çünki Bakıda bir dostum “Erməni məsələsi” üzrə mütəxəssis idi və o mənə tez-tez Fransa və ABŞ-da fəaliyyət göstərən erməni lobbisi barədə danışırdı. O zaman internetdə gördüm ki, Azərbaycan təşkilatlarının nəinki fəaliyyəti, hətta veb-saytları və sosial şəbəkə hesabları çox bərbad vəziyyətdədir. Qərara gəldim ki, elə bir onlayn platforma quraq ki, ABŞ-da yaşayan azərbaycanlıları və fərqli ştatlarda fəaliyyət göstərən təşkilatları bir yerə toplaya bilək. 2017-ci ilin fevral ayından etibarən 20-dən çox ştatda səfərdə olmuşam. Onlarla fərqli təşkilat sədrləri və icma liderləri ilə görüşmüşəm. “Azerbaijani Union”-un fundamenti məhz bu cür qurulub. Təəssüf ki bir çox təşkilat sədrləri bir çətir altında toplaşmağa razılıq vermirlər. Bunun müxtəlif səbəbləri var. Lakin biz ABŞ-da yaşayan bir çox azərbaycanlıları Facebook-dakı “Azerbaijani Union” qrupunda toplamağı bacardıq. 2-ci Qarabağ müharibəsi dövründə bu qrup nəinki ABŞ, həmçinin Kanada, İngiltərə və s. ölkələrdə yaşayan azərbaycanlılar üçün ən əsas məlumat mənbəyinə çevrildi. Onlar günün müxtəlif saatlarında qrupumuza daxil olaraq, hansı işləri görməli olduqları ilə bağlı məlumat alırdılar. Həm bizim təşkilatın komanda üzvləri, həm də qrupumuzun digər üzvləri fərqli zəng, email, tvitter kampaniyaları yaradırdılar ki insanlar kütləvi şəkildə qoşularaq siyasətçiləri, jurnalistləri, məşhurları və sadə insanları Qarabağda baş verənlərlə bağlı maarifləndirsinlər. Eyni zamanda Azərbaycanda müharibədən əziyyət çəkən insanlar üçün Azerbaijan Cultural Society təşkilatı ilə birlikdə 100 min dollardan çox məbləğ toplayıb Azərbaycana göndərdik. Qeyd edim ki, bu yardım digər həmyerlimiz Türyan bəyin şəhid ailələri üçün toplanan 200 min dollar məbləği ilə paralel toplanırdı…”
…Fərhad hazırda ailəsi ilə birlikdə Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində yaşayır. Ömür-gün yoldaşı Gülnarə xanım Azərbaycan İdman Akademiyasını bitirib. İndi də yaşadıqları ştatda “Erkən yaşlarda təhsil” sahəsi üzrə təhsilini davam etdirir. 5 yaşında Mikayıl adlı övladları var…
Fərhadın arzusu bütün dünyada yaşayan azərbaycanlıları bir platformada toplamaqdır. Bunun üçün sosial media platforması qurub. Bu platformanın veb və mobil versiyası da var. İyun ayında isə Apple telefonları və Android sistem əsasında qurulmuş telefonlar üçün mobil tətbiqi təqdim edəcəklər. Burada əsas məqsəd odur ki, dünyanın fərqli ölkələrində yaşayan azərbaycanlıları bir-biri ilə tanış etmək və müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən şəxslərlə bilik mübadiləsi aparmaq, eyni zamanda bir-birinə dəstək verməkdən ibarətdir…
“Amerikada yaşadığım dövrdə “Azerbaijani Union” ilə paralel olaraq, Azərbaycana fokuslu bəzi sosial layihələrim də olub. Bunlardan biri “Baba.az” adlı ucqar kəndlərdə yaşayan uşaqları təhsildə yüksək nəticələr əldə etməyə sövq etmək üçün Şaxta babadan yeni il hədiyyələri layihəsidir. 4 il davam edən layihədə Yardımlı, Lerik, Füzuli, Gədəbəy, Tovuz, Ağstafa, Zaqatala, Şəki, Yevlax, Quba, Şabran, Qəbələ, Xızı və digər şəhər və rayonların 20-dən çox kəndində yaşayan mindən çox uşağa hədiyyələr göndərib, onlardan Şaxta baba yolu ilə daha yaxşı təhsil almalaları ilə bağlı söz almışıq.
Eyni zamanda cümhuriyyətimizin 100 illiyi ilə bağlı “Azərbaycan Demokratik Respublikası – Xronoloji icmal” kitabını ərsəyə gətirmişik. Layihəni 2017-ci ildə Azərbaycanda yaşayan həmyerlilərimiz ilə birlikdə 10 ay aparılan işin nəticəsində ərsəyə gətirdik və 2018-ci ilin may ayında ictimaiyyətə təqdim etdik. Kitab azərbaycanca və rusca dərc olundu. İngiliscə nüsxəsi isə elektron formatda mövcuddur. Kitab ADR dövrünün demək olar ki hər gününü əhatə edir. Kitabda cümhuriyyətin qurulması və fəaliyyəti zamanı gündəlik baş verən hadisələr əks olunub. Məlumatları isə əsasən o zaman dərc olunan Azərbaycan qəzeti, eyni zamanda fərqli ölkələrdə və dillərdə dərc olunan kitablardan toplayıb, tərcümə etmişdik. Bütün bu işləri öz maliyyəmiz, eyni zamanda müxtəlif insanların dəstəyi ilə ərsəyə gətirmişik. Bu layihələrdə fəaliyyətimiz tamamilə könüllü əsaslarla baş verib.”- söyləyir.
Fərhadın arzuları çoxdur, ən əsası isə Azərbaycanın texnoloji mövzuda inkişafı və qanunların tamamilə düzgün işləməsidir. Düşünür ki, qanunvericiliyin düzgün işləməsi inkişafın ən vacib amillərindəndir. Eyni zamanda, əlbəttə ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların bir-birinə sevgi ilə yanaşmasını və dəstək verməsini istəməsidir…
Şahidi olduğunuz kimi, qərib yerdə yaşayan vətənpərvər soydaşımız Fərhad Ələkbərzadə uzaq Amerika qitəsində Azərbaycanla nəfəs alır, onun tərəqqisinə, təbliğinə bacardığı qədər töhfə verməyə çalışır.
Uğur olsun, Fərhad!
Elman Eldaroğlu
Share: