Türkiyədə mayın 14-nə təyin edilmiş prezident seçkiləri bu ölkənin ABŞ ilə münasibətlərinə təsir etməyəcək, tərəflər onları dərinləşdirməyə davam edəcəklər.
Bu barədə bazar ertəsi jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.
“Biz türk xalqının seçdiyi istənilən hökumətlə əməkdaşlığı davam etdirəcəyik. Biz bu əlaqələri dərinləşdirməyə, əməkdaşlığın müxtəlif istiqamətləri və ümumi prioritetlər üzərində işləməyə davam edəcəyik”, – o deyib.
Dövlət Departamentinin sözçüsü Türkiyənin NATO müttəfiqi və Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsinə kömək edən ölkə kimi rolunu qeyd edib.
“Ümumiyyətlə, ABŞ seçkilərdə tərəf tutmur. Biz yalnız demokratik prosesə əsaslanan azad və ədalətli seçkilər görməyə ümid edirik”, – Patel əlavə edib.
Mənbə: TASS