ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib.
Bu barədə ABŞ administrasiyasının iki nümayəndəsinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Müstəqil.Az bildirir ki, ABŞ Müdafiə Nazirliyində bu məlumatı təsdiqləyiblər.
Pentaqondan onu da vurğulayıblar ki, bu, İraqda Amerika obyektlərinə bir neçə gün əvvəlki hücumlara cavab zərbəsi idi və Amerika tərəfinin hərəkətləri Suriyanın və İraqın şərqində vəziyyətin deeskalasiyasına yönəldilib.
Məlumata əsasən, Pentaqon belə cavabı “mütənasib” hesab edir. Həmçinin əlavə olunub ki, bununla paralel olaraq diplomatik tədbirlər də tətbiq edilib.
Xatırladır ki, fevralın 22-də Bağdadın “yaşıl zona” adlandırılan hissəsi raket atəşinə məruz qalıb. Şəhərin bu hissəsində dövlət idarələri və xarici diplomatik nümayəndəliklər, həmçinin ABŞ səfirliyi yerləşir. Əraziyə azı üç reaktiv mərmi buraxılıb.
Müstəqil.Az