ABŞ müharibə ilə hədələdi: “Trampla oynamağa çalışsalar…”

“Pxenyan ABŞ prezidenti Donald Trampı gözlənilən danışıqların gedişatında aldatmağa çalışarsa, Koreya Xalq Demokratik Respublikasının nüvə probleminin hərbi həlli yeganə mümkün variant olacaq”.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, belə xəbərdarlıqda Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem “Fox News” telekanalına müsahibəsində çıxış edib.

“Əgər Koreya Xalq Demokratik Respublikasının nümayəndələri danışıqlarda ortaya çıxmasa, bu, diplomatiyanın sonu deməkdir. Əgər onlar Trampla oynamağa çalışacaqlarsa, bu, o deməkdir ki, hərbi münaqişə yeganə mümkün variant olacaq. Əgər Şimali Koreya ilə hərbi münaqişə olarsa, onda biz deyil, onlar uduzacaqlar”, – Qrem bildirib.

Senatorun sözlərinə görə, Tramp ona deyib ki, prezidentliyinin birinci müddətində Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə problemini həll etmək fikrindədir: “Prezident Tramp üç gün əvvəl mənə dedi ki, o, problemi hər iki tərəf üçün uduşlu olacağı şəkildə həll etmək istəyir. Prezident hesab edir ki, bu, mümkündür”.

Senator həmçinin iddia edib ki, ABŞ KXDR lideri Kim Çen Inın devirilməsinə və ya bu ölkədə demokratiyanı yaymağa hazırlaşmır.

“Biz onları nüvə silahının yaradılması üzrə proqramdan imtinaya məcbur etməyə çalışırıq”, – respublikaçı vurğulayıb.

Qeyd edək ki, Kim Çen In və Donald Trampın planlaşdırılan görüşü baş tutmaya bilər. Pxenyan mayın 15-də Vaşinqtonu ABŞ-KXDR sammitini ləğv etməklə hədələyib. Sammitdən imtinaya səbəb kimi Seul və Vaşinqtonun birgə hərbi təlimləri göstərilib. KXDR həmçinin bildirdi ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edir.

Tramp KXDR-in lideri ilə görüşünün tarixi və yerini açıqlamış, görüşün iyunun 12-də Sinqapurda olacağını bildirmişdi.

Daha əvvəl Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçısının birinci müavini Kim Qe Qvan bildirib ki, Pxenyan ABŞ-la o şərtlə danışıqlar aparacaq ki, Amerika prezidenti Donald Tramp yalnız nüvə problemini həll etməyi deyil, həm də Pxenyanla münasibətləri qaydaya salmağı istəsin. O həmçinin əlavə etdi ki, Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında birtərəfli tələblərlə dialoqda maraqlı deyil.

Pxenyanda hesab edirlər ki, danışıqların nəticələri Şimali Koreya iqtisadiyyatının inkişafına impuls verməlidir. Eyni zamanda, Kim Çen In böyük risk qarşısındadır. Axı hərbçilər nüvə proqramından imtinanı məğlubiyyətə bərabər hesab edəcəklər və bu, onun nüfuzunda mütləq təsir edəcək.

Buna görə də Şimali Koreyanın Xarici İşlər Nazirliyi xəbərdarlıq edir: “Ağ Ev bizi küncə sıxışdırmağa çalışacaqsa, biz danışıqlara marağı itirəcəyik”.

Share: