ABŞ Konqresinin Senatı Konqresin yuxarı palatasında qanunvericilər üçün formal dres-kodu ləğv etdikdən bir həftə sonra kişi senatorların iclas zalında iş paltarı geyinməsini tələb edən qətnamə qəbul edib.
Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Verilən məlumata görə, kişi senatorların xarici görünüşü üçün vahid tələbləri nəzərdə tutan qətnamə yekdilliklə qəbul edilib. İndi qanunvericilərdən zalda pencək, qalstuk və uzun şalvar geyinmələri tələb olunur. Qətnamədə qadın senatorların necə paltar geyinmələrinə dair məlumat verilməyib.
Təşəbbüsün müəllifləri Co Mançin (ABŞ-nin Qərbi Virciniya ştatından demokrat) və Mitt Romni (ABŞ-nin Yuta ştatından respublikaçı) başçılıq etdiyi bir qrup qanunverici olub.
“Biz istəyirik ki, bu zalda işləyənlər etdikləri fədakarlığa və buranın gözəlliyinə uyğun ləyaqət və hörmət göstərsinlər”, – deyə Romni Senatın zalında çıxış edərkən deyib.
Senatda demokratik çoxluğun lideri Çak Şumer (ABŞ-nin Nyu-York ştatından) qeyd edib ki, ötən həftə baş verən hadisələr dres-kodun rəsmi formada olmasının düzgün seçim olduğunu göstərib. İşgüzar üslubdan imtina edərək, şort və gödəkçəyə keçməyi ilə dres-kodun ləğv edilməsinə səbəb olan Con Fetterman (ABŞ-nin Pensilvaniya ştatından demokrat) da, həmçinin kostyum geyinməyə razılaşıb.
Mənbə: The Washington Post