BMT-də Laçın dəhlizi ilə bağlı müzakirələr aparılıb və Qərb dövlətləri yenə də məsələyə birtərəfli yanaşaraq ikili standartlardan çıxış ediblər. Belə ki, Ermənistanın “əkiz bacı”sı olan Fransa Azərbaycanın Laçın dəhlizini bağlamasını pisləyib və ölkəmizi humanitar fəlakət yaratmamağa çağırıb. Təəssüf ki, ABŞ və Böyük Britaniya da təxminən eyni mövqe sərgiləyib. BƏƏ və Albaniya tərəfləri sülh yolu ilə razılığa gəlməyə çağırsa da, Rusiya və Çin Laçın dəhlizi ilə hərəkətin mümkün qədər tez bərpa olunmasının vacibliyini bəyan edib. Görünən odur ki, dünyaya demokratiya dərsi keçməyə çalışan Qərbin özünə sözün əsl mənasında “dərs vermək” lazımdır.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan ekoloqlarının Laçın yolundakı aksiyası konkret tələblə keçirilir: “Rusiya sülhməramlılarından öz missiyalarına uyğun fəaliyyət göstərmələri tələb edilir. Belə ki, Azərbaycan dövlət qurumlarının nümayəndələrinin Ağdərə ərazisində yerləşən qızıl və mis mədənlərində monitorinq aparmasına şərait yaradılması tələb kimi səsləndirilir. Rusiya sülhməramlıları onlara verilən təlimatlar əsasında Laçın yolunu bağlamaqla Azərbaycanın bu addımı atdığına dair görüntü yaratmağa çalışır. Yəni Kreml Ermənistanla birlikdə Azərbaycana qarşı beynəlxalq təzyiqi təşkil etməyə səy göstərir. BMT isə hazırda Təhlükəsizlik Şurasında sədrliyini həyata keçirən Hindistanın vasitəsi ilə toplantı çağırıb və burada Laçın yolundakı məsələ müzakirə olunub. Əslində, faktiki olaraq Azərbaycanın mövqeyinə zidd fikirlər səsləndirilib. ABŞ, Böyük Britaniya və digər dövlətlər məsələyə birtərəfli yanaşıblar. Rusiya təbii ki, bölgədəki maraqlarına görə, Ermənistan-Azərbaycan arasında sülhün yaranmasını istəmir. Ona görə də, Kremlin yanaşması təəccüb doğurmamalıdır. Təəssüf ki, Cənubi Qafqazda və Ukraynada Rusiya ilə geopolitik mübarizə aparan ABŞ və İngiltərə Kremlin qurduğu tələyə düşərək onun mövqeyini dəstəkləyir və rəsmi Bakıya təzyiq edir. Xarici dövlətlərin BMT-dəki çıxışları və Azərbaycan əleyhinə səsləndirilən bəyanatlar ikili standartların göstəricisidir. Ancaq burada Azərbaycan diplomatiyasının nöqsanlarını da qeyd etmək lazımdır. Çünki bizim diplomatik korpus bir çox ölkələrdə sistemli və məhsuldar işləyə bilməyib. Biz bunu Baltikyanı dövlətlər olan Estoniya və Litvanın bəyanatlarında da görürük. Hərçənd bu ölkələrdə çox güclü erməni diasporu mövcud deyil”.
Politoloq əlavə edib ki, Azərbaycan tərəfi daha ciddi işləməli, xüsusən də təbliğat, diplomatiya və informasiya sahəsində fəaliyyət intensiv xarakter almalıdır: “Ən azı Azərbaycana qarşı olan dövlətlər neytrallaşdırılmalı, bitərəf mövqe sərgiləyənlər isə tərəfimizə çəkilməlidir. BMT-də əleyhimizə bu cür çağırışların olmasına baxmayaraq hesab edirəm ki, Laçın yolunda aksiya davam etməlidir. Azərbaycanın tələbləri yerinə yetirilməlidir, əks halda sözügedən ərazidə sərhəd-keçid məntəqəsi qoyulmalıdır. Beynəlxalq müşahidəçiləri də bu prosesi izləməyə dəvət etmək olar. Yəni Avropa Birliyinin monitorinq missiyası Ermənistanda fəaliyyət göstərib. Azərbaycan da sərhəd-keçid məntəqəsini qurduqdan sonra orada müşahidəçi missiyası kimi BMT nümayəndələrinin iştirakını təmin edə bilər. Orada yalnız humanitar yüklərin buraxılması mümkündür. 10 noyabr razılaşmasında da Laçın dəhlizinin sırf humanitar məqsədlər üçün nəzərdə tutulduğu qeyd olunub. Buradan hansısa silah-sursat, mina və texnika daşınması qadağandır. Amma Ermənistan bundan isifadə edərək təxribatlar törədib və terrorçuları Qarabağa daşıyıb. Ümumiyyətlə, Azərbaycan gücləndikcə və yaratdığı reallıqlar özünü daha açıq şəkildə göstərdikcə, ölkəmizə qarşı hücumlar artacaq. Bunu təbii qarşılamaq lazımdır. Sadəcə olaraq təzyiqləri neytrallaşdırmaq üçün daha aktiv fəaliyyət göstərməyimizə ehtiyac var”.
Müstəqil.Az