Artıq danılmaz faktdır ki, Azərbaycan Avropanın enerji təhükəsizliyi məsələsində önəmli dövlətlərdəndir. Təbii qaz böhranının yaşandığı dövrlərdə qitə dövlətləri üçün Azərbaycanın əhəmiyyəti bir daha təstiqləndi.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycan ilə Avropa İttifaqının enerji əməkdaşlığının əhəmiyyətini qeyd edib: “Bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir”.
Bu gün isə Azərbaycan tarixində önəmli hadisələrdən biri yaşandı. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanıldı.
Yatağın əhəmiyyəti, ölkə iqtisadiyyatına və dövlətə qazandıracağı dividendlə bağlı Enerji məsələləri üzrə təhlilçi İlham Şaban “Qafqazinfo”ya danışıb.
İlham Şaban bildirir ki, “Abşeron” yatağından ilkin qazın alınması ölkəmiz üçün əhəmiyyətli hadisədir: “Azərbaycan yataq ilə bağlı hasilatın pay bölgüsü sazişini 2009-cu ildə imzalayıb. 2011-ci ilin avqust ayında “TotalEnergies” şirkəti böyük qaz ehtiyatlarının olmasına dair ilk kəşfiyyat quyusunu açdı. Quyudan əldə olunan məlumatlar öyrənildikdən sonra məlum oldu ki, yataqda 350 milyard kubmetr təbii qaz ehtiyati, 45 milyon ton kondensat var. Kondensat daha yüngül neftdir və bahalıdır”.
Ekspert vurğulayır ki, ildən ilə neft və maye karbohidrogenlər hasilatı azalan Azərbaycan üçün bu əlamətdar hadisədir: “Rusiya-Ukrayna müharibəsi nəticəsində enerji böhranının olması, ticari zəncirin qırılması və s. hadisələr fonunda “Abşeron” yatağında illik 1,5 milyard kubmetr qazın alınması ölkəmiz üçün yaxşı nəticədir. Bağlanmış müqavilənin kommersiya sazişinə görə birinci mərhələdən hasil edilən bütün təbii qaz Azərbaycanın daxili bazarına yönləndiriləcək. Yəni 30 il müddətində 45 milyard kubmetr (1,5 x 30) daxili bazara yönləndiriləcək. Yerdə qalan 300 milyarddan artıq hissə isə ixrac üçün lazım olacaq”.
İ.Şaban hesab edir ki, burada iri platforma tikiləcək: “Ən azı “Şahdəniz -1” gücündə qurulacaq bu platforma ilə 8 milyard kubmetrə qədər qaz hasil etmək olacaq. Bu qazı genişləndirilmiş “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya ixrac etmək mümkün olacaq”.
“2007-ci ildən daxili bazarı ödəmək üçün qaz alırıq. Cari il iyulun 1-nə 58 milyard kubmetr qaz alınıb. “Şahdəniz-1” layihəsindən daxili bazara 4-4,5 milyard kubmetr qaz gəlir. Nəzərə alsaq ki, “Abşeron” yatağından da daxili bazar üçün 1,5 milyard kubmetr qaz əldə olunacaq bu zaman “Şahdəniz”dən gələn qazın bir hissəsini “Abşeron” qazı ilə əvəzləyərək, “Şahdəniz”ində ixrac üçün imkanları artacaq. Bu il ötən illə müqayisədə Avropa bazarında təqribən 500 milyon kubmetr daha çox qaz satmaq planlaşdırılır. Ötən illə müqayisədə Türkiyə bazarında qaz həcmləri 1 milyard artırılacaq. Ölkəmiz mərhələli şəkildə “Cənub Qaz Dəhlizi”ni genişləndirməyə çalışır.
Prezident İlham Əliyev bildirmişdi ki, BP ilə birgə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarındakı qazın tezliklə bazara çıxarılması üzərində iş gedir. Bu gün Azərbaycan 35 milyard kubmetr əmtəəlik qaz hasil edirsə gələcəkdə bunu 45 bəlkə də 50 milyarda çatdırmaq imkanlarımız olacaq.
Qazın nefti üstələməsi. Bəli, qaz gəlirlərinin neft gəlirlərini üstələməsi artıq əfsanə deyil reallıqdır. 2023-cü ilin birinci rübünün nəticələrinə görə “Şahdəniz”dən gələn mənfəət qazından ödənilən vergi həcminə görə büdcədə qaz gəlirləri neft gəlirlərindən 1 milyard ABŞ dolları çox olub”, – deyə təhlilçi qeyd edib.