Abşeronda da Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi — Fotolar

Abşeronda da Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi — Fotolar

Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı-Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində geniş ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “N” saylı Hərbi Hissənin Korpus komandiri – Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, ANAMA əməkdaşları, şəhid ailələri və qazilərin iştirakı ilə baş tutan aksiyada 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Daha sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında 27 sentyabr – Anım Gününə həsr edilmiş ümumrayon tədbiri keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Təbirdən sonra şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb. Qeyd edək ki, Birinci Qarabağ və Vətən Müharibəsi zamanı canından keçmiş bütün şəhidlərimizin məzarları üzərinə əklillər və gül dəstələri düzülüb, rayonun kənd və qəsəbələrində bütün şəhidlərimizin xatirəsinə ehsan süfrələri açılıb, şəhidlərimiz ehtiramla yad edilib.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, o cümlədən rayonun hüquq-mühafizə orqanları, idarə və təşkilatları tərəfindən 26-27 sentyabr tarixlərində Abşeron rayonunda yaşayan şəhid ailələri və qazilər ziyarət olunub.


Share: