“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi noyabrın 29-dan dekabrın 3-dək Fransada keçiriləcək Avropanın ən yaxşı qısa film festivallarından hesab olunan 40-cı “Festival Tous Courts” Beynəlxalq Qısa Film Festivalının “Beynəlxalq müsabiqə proqramı”na daxil edilib.
Kulis.az xəbər verir ki, Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edən “Açar” filmi sözügedən festival çərçivəsində Fransanın Aix-en-Provence şəhərindəki kinoteatrlarda nümayiş olunacaq.
Qeyd edək ki, premyerası Niderland Krallığında “Oscar”, BEFTA və Avropa Film Mükafatlarına vəsiqə qazandıran “Go Short – International Short Film Festival Nijmegen”də baş tutan “Açar” filmi oktyabr ayı ərzində İsveçdə “SAMA International Film Festival”, Makedoniyada “KineNova Skopje International Film Festival”, Türkiyədə “Accessible Film Festival” və Hindistanda “Goa Short Film Festival”da ölkəmizi təmsil edəcək.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, görüntü rejissoru Cavid Oruclu, quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.
Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.