Soyuq bir qış səhəri idi. Kənd camaatı evlərində odun sobasının qırağında oturub qızınırdı.
Çöldə tək-tük insan gözə dəyirdi, onlar da işə tələsirdilər. Qışın sərt keçməsi insanların qayğısını artırmışdı. Odun – ocaq dərdi çəkənlər çox idi. Qonşular bir yerə toplaşır, dərdləşir, dolanışıqlarının ağır olmasından gileylənirdilər.
Bu qonşuların içərisində Yasəf müəllimin vəziyyəti yaxşı idi, yeri gələndə qonşulara da əl tuturdu.
Yasəf müəllim məktəb direktoru idi.
Həyat yoldaşı Həcər xanımı çox sevirdi.
Ailə həyatı qurandan sonra uzun müddət övladları olmasa da, bir- birlərinin xətrinə dəyməmişdilər. Evləri gəlimli- gedimli olmuş, hamıya xoş münasibət bəsləmişdilər. Bir gün Yasəf müəllimin əmisi oğlu Fərhad, onlara qonaq gəlir və sözarası təklif edir ki, Mirmövsüm Ağanın ziyarətgahına getsinlər, dua etsinlər, qurban kəssinlər. Allah onların dualarını cavabsız qoymaz, tezliklə sevindirər.
Qonşuları dindar Xosrovdan bir quzu aldılar, ziyarətgaha getdilər, qurbanı kəsdirib kasıb- kusublara payladılar və evlərinə qayıtdılar.
Səbrlə oturub Allahın onları sevindirəcəyi günü gözləyirdilər. Aradan az bir müddət keçmişdi ki, Həcər xanımın ürəyi turşu istədi, Yasəf müəllim ürəyində sevindi, bazardan turşu alıb gətirdi. Bir gün Həcər xanım özündə narahatlıq hiss etdi, ürəkbulanması başladı. Yasəf müəllim onu rayon mərkəzinə, xəstəxanaya apardı. Simuzər həkim onu müayinə etdi və sevincək bildirdi ki, Həcər xanım, hamiləsən. Yasəf müəllim, sevincindən uçmağa qanad istəyirdi. Həkimin cibinə 100 dollar basdı.
Aylar keçdi. Bəşirovlar ailəsi arzusuna çatdı, bir qız övladları dünyaya gəldi.
Yasəf müəllim qızına anası Zəhra xanımın adını qoydu və Allaha şükürlər etdi.
Bəşirovlar ailəsini təbrikə gələnlərin sayı-hesabı yox idi.
Balaca Zəhra böyüdükcə, ailənin sevinci artırdı. Yasəf müəllim qızını çox ərköyün etmişdi. Xüsusi dayə də tutmuşdular.
Məktəb yaşına çatanda Zəhra artıq yazıb- oxumağı bilirdi. Qızın qeyri -adi istedadı müəllimləri heyran etmişdi.
Zəhra ay parçası kimi gözəl bir qız idi. 7-ci sinifdə oxuyanda həddi – büluğa çatmış qız kimi görsənirdi.
Məktəbli olsa da indidən elçilər qapını döyməyə başlamışdılar. Valideynlər isə daş atıb, başlarını tuturdular ki, gözümüzün ağı – qarası bir qızımız var. Biz ona Ali təhsil verəcəyik.
Ancaq Zəhranın Ali təhsil almağa heç meyli yox idi. Sinifdə 11 qız, iki oğlan oxuyurdu.
Oğlanlardan biri ucaboylu, yaraşıqlı idi. Adı Eltac idi. Eltac Zəhraya vurulmuş, qızlardan birinin vasitəsilə məhəbbətini ona çatdırmışdı. Zəhranın da Eltacdan xoşu gəlirdi. Ancaq atasının adına xələl gəlməsin deyə, ondan uzaq durmasını bildirmişdi. Eltac isə fikrindən dönmürdü. Eltacın ailəsi çox kasıb idi, zorla dolanırdılar.
Zəhra bilirdi ki, atası onu Eltaca verməz, çox fikirli gəzirdi. Qızının bu halı Həcər xanımın gözündən yayınmadı, səbəbini soruşdu. Zəhra nə qədər gizlətməyə çalışsa da, anası əl çəkmədi, axırda, məcbur olub Eltacı sevdiyini bildirdi.
Anası Eltacın onların evinin ətrafında dolaşmağından çoxdan şübhələnmişdi.
Qorxduğu başına gəldi. Qızına qəti surətdə bildirdi ki, Eltac sənin tayın deyil, aca veriləsi qızımız yoxdur.
Zəhra otağına çəkilib ağladı, məsələni Eltaca bildirdi. Eltac isə öldü var, döndü yox, dedi.
Eltac ailəsinə sevgisini açdı ki, Yasəf müəllimgilə elçi getsinlər. Eltacın valideynləri çox pərişan oldular. Onlar bilirdilər ki, Yasəf müəllim onlara qız verməz, ancaq oğullarının sözünü yerə salmayıb, Zəhraya elçi getdilər. Yasəf müəllim qonaqpərvər adam idi. Eltacın valideynlərini çox mehriban qarşıladı. Fikirləşdi ki, yəqin ehtiyacları var, pul üçün gəliblər.
İstədi ki, soruşsun nə qədər pul lazımdır?
Bu zaman Həcər xanım çay gətirdi. Elçilər çaya toxunmadılar. Adətə görə “ hə” cavabı verilməmiş, çay içməzdilər. Yasəf müəllim, çayınızı için dedikdə , Eltacın atası işimiz düzəlsin, içərik, dedi. Yasəf müəllim: – Çayınızı için, bilirsən ki, mənim qapıma gələn boş qayıtmayıb, nə qədər pul lazımdır? – Dedi. Bayaqdan söz açmağa çəkinən Tərlan kişinin dili açıldı, biz pul üçün gəlməmişik, bura elçi gəlmişik, dedi.
Yasəf müəllimi elə bil ildırım vurdu, sizə veriləsi qızımız yoxdur, deyib, elçiləri yola saldı.
“Yox” cavabı sevənləri ayıra bilmədi, Eltac Zəhranı qaçırmaq qərarına gəldi, Zəhra da razılaşdı. Qızının Eltaca qoşulub qaçması xəbəri Yasəf müəllimə çatan kimi , kişi infarkt keçirdi və 14 günün içərisində həyatla vidalaşdı. Həcər xanımı da dərd ikiqat etmişdi, həm ömür-gün yoldaşını itirməsi, həm də qızının hərəkəti onun belini bükmüşdü. Az vaxt içərisində Zəhra da elə bil qocalmışdı. Atasının ölümündə özünü günahkar bilirdi. Həm də varlı – hallı bir ailədə, yağ – bal içərisində böyüyən Zəhranı ehtiyac sıxırdı. Eltacın üzünü də çox az görürdü. Eltac çörək pulu üçün hər gün dostları ilə balıq tutmağa gedir, tutduqları balığı bazarda satır, ailənin ehtiyaclarına xərcləyirdi. Bədbəxtçilik gələndə dalbadal gəlir. Bir gün Eltac dənizə balıq tutmağa gedəndə, fırtına qopdu, yoldaşları ilə birlikdə dənizdə qərq oldu.
Beş ayın gəlini olan Zəhra kor- peşiman atası evinə döndü, anasının ayaqlarına düşdü. Anası onun bu halına dözmədi, qızını qucaqlayıb hönkürdü. Zəhra vicdan əzabı çəkirdi və fikirləşirdi ki, ata-ana xeyir duası ilə qurulmayan ailə xoşbəxt ola bilməz.
Müəllif: Fuad BİLƏSUVARLI