Çox insana əl tutub, kömək edib, heç bir təmənnası olmayıb. Sağlam həyat tərzi keçirməyi xoşlayan, səliqə-səhmana, nizam-intizama ciddi yanaşan, iti zəkalı, dərin təfəkkürlü, çox səbirli insandır. Müdriklərə xas olan zəruri keyfiyyətləri yetərincədir. Analitik düşüncə tərzi, hadisələri düzgün dəyərləndirmək bacarığı və ən başlıcası dövlətə, dövlətçiliyə sədaqəti onu daha əzəmətli göstərir. Ünsiyyətdə mehriban, şən və yumor hissinə malik adamdır…
1950-ci ildə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1968-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil alaraq, mühəndis, hüquqşünas ixtisaslarına yiyələnib.
Əmək fəaliyyətinə Kuybişev şəhərində tornaçı kimi başlayıb. Sonra üç il sovet ordusu sıralarında zabit kimi xidmət edib. 1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində işə düzələnədək Leytenant Şimidt adına Maşınqayırma Zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1975-1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-1992-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi vəzifələrində işləyib. 1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisidir…
…Ailəlidir. Necə deyərlər, gözünün ağı-qarası Murad adında bir oğlu var…
Heç bir nailiyyət əziyyətsiz başa gəlmir. Əzmkarlıq, iradə, zəhmət və Allahın uğuru qazanılan hər bir nailiyyətin əsasını təşkil edir. Min bir əziyyətə qatlaşaraq, addım-addım bu zirvəyə yetişib. Adi fəhləlikdən ali zabit rütbəsinədək yüksəlib. Daha doğrusu, leytenant, baş leytenent, kapitan, mayor, podpolkovnik, polkovnik və s. rütbələr onu zirvəyə qaldıran uğur pillələri olub. Bu gün o, Azərbaycan dövlətinin ən yüksək çinli zabitlərindən biri- general-polkovnikdir. Adı Azərbaycan tarixində öz əksini tapmış soydaşlarımızdandır…
Bəli, sizə Vaqif Əlibala oğlu Axundov haqqında danışırdım. Sentyabrın 16-sı onun doğum günüdür, 69 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Ad gününüz mübarək, cənab general-polkovnik!
Elman Eldaroğlu,
[email protected]