Sevilir. Buna əsas səbəb, peşəkarlığı ilə yanaşı, Azərbaycan xanımına xas olan dəyərləri özündə ehtiva etməsidir. Onun bircə dəfə də olsun, birlikdə apardıqları televiziya verilişində həyat yoldaşının sözünü kəsdiyinin şahidi olmamışam, hətta veriliş boyu ömür-gün yoldaşı onun söylədiklərini yarımçıq qoyanda belə heç bir irad bildirmir.
Burada adamın yadına köhnə zamanların əsl azərbaycanlı ailəsinə xas olan milli dəyərlər düşür. Bilirəm, məni qınayanlar da tapılacaq, amma bu dəyər doğmadır, əzizdir. Necə deyərlər, baba və nənələrimizdən miras qalıb. Bax, məhz milli ənənələrimizi yüksəkdə tutduğu üçün insanların ürəyinə yol tapa bilib. Əlbəttə ki, söhbət İlhamiyyə Rzadan gedir…
Deyir ki- “Uzun zamandır ki, birlikdə veriliş aparırıq. Bir də görürsən ki, verilişdə ancaq özü danışır. İmkan vermir ki, mən də mövzu haqqında nəsə söyləyim. Əvvəllər susub-susub birdən partlamağım olurdu, amma indi buna adi hall kimi baxıram. Bir dəfə yadıma gəlir ki, Həmid mənə danışmağa imkan vermədi. Əslində, bu, normaldır. Amma həmin vaxt doğrudan da dəhşətli dərəcədə ağ elədi. Nə vaxt ağzımı açdımsa, sözüm ağzımda qaldı, Həmid danışmağa başladı. Bir neçə dəfə belə edəndən sonra elə efirdə dedim, Həmid, daha mən danışmayacam, sən danış, mən qulaq asım. Onda Həmid ayıldı ki, çox ağardıb. Sözünü deyib bitirəndən, o mövzuda deyiləcək bütün sözləri deyəndən, fikrini tamamlayandan sonra mənə dedi ki, buyurun, İlhamiyyə xanım, deyəsən axı siz də nə isə deyəcəkdiniz…”
Möhkəm iradəli, səbirli, səmimi, eyni zamanda təmkinli xanımdır. Özünü isbat edərək adamların rəğbətini qazanmağı bacarır. Etik normalara ciddi riayət edir. Onun üçün abır-həya insana xas olan ən müsbət xüsusiyyətlərdən biridir…
Deyir ki- “Bizim vaxtımızda söyləyirdilər ki, təvazökarlıq insanın bəzəyidir, insanın baş ucalığıdır. İndi təvazökar insana bilirsiniz necə həqarətlə baxırlar? Sadədil, avam, hətta axmaq kimi baxırlar. Səmimi olduğuna görə adama səmimiyyətini irad tuturlar. Təbii ki, dəyərlərin dəyişib, dəyişməməsindən asılı olmayaraq ölçü hissinin olması çox gözəldir. Səmimiyyətdə də ölçü olmalıdır. Amma bütovlükdə biz cəmiyyətdən danışırıqsa, mən bəzən özümə hesabat verməli oluram. Düşünürəm ki, filan yerdə çox səmimi danışsam, bu mənim əleyhimə işləyəcək. Lakin vaxt vardı ki, məni səmimiyyətimə görə sevirdilər. İndi isə misal üçün müsahibəyə gedəndə, yaxın adamlar mənə deyirlər ki, çalış, çox səmimi olma. O vaxt müğənnilərin, sənət adamlarının şəxsi həyatı indiki qədər insanlara maraqlı deyildi. Uzaq başı onların geyimləri maraqlı ola bilərdi. İndi isə əksinədir, adamın məişəti, ailəsi, həyat tərzilə də maraqlanırlar…”
Bəli, haqqında söhbət açdığım İlhamiyyə Rza insanlar arasında səmimiyyətin, sevginin get-gedə azaldığından gileylənsə də, içindəki insan sevgisi hələ də onu tərk etməyib. “Sağlam həyat uzmanları hər şeyi deyir, bircə bundan başqa: çox yaşamaq, özü də ağrı acısız yaşamaq istəyirsinizsə, xeyrə, ədalətə, sevgiyə, dostluğa olan inamınızı itirməyin.”- söyləyir…
Martın 26-sı, baharın bir xoş günündə dünyaya gəlib və yaradıcılığı ilə qoca dünyamıza yaz təravəti gətirib. Doğum günü münasibəti ilə İlhamiyyə xanımı təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!
Elman Eldaroğlu