Atası Həbib Sadıq oğlu Fətəliyev Göyçaylı idi. Sadə, namuslu, zəhmətkeş bir ailədə doğulub boya-başa çatmışdı Orta məktəbi bitirdikdən sonra, o vaxtlar hər kəsin qəbul ola bilmədiyi Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdu. Sonralar isə Bakı Ali Partiya Məktəbini bitirmişdi. “Azərneftdövlətlayihə” İnstitutunda çertyojçu, texnik, bir sıra müəssisələrdə mühəndis-konstruktor, böyük mühəndis işləmişdi. 1965-ci ildən Yusif Qasımov adına maşınqayırma zavodunda sexin mühəndis-texnoloqu, böyük mühəndis texnoloqu, zavodun baş konstruktoru, “Bolşevik” zavodu direktorunun müavini və direktoru, eləcə də Y. Qasımov adına zavodun direktoru vəzifəsində çalışmışdı. 1975–1977-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsi rəisinin müavini, 1977–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləmişdi. 1980-ci ildə isə Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi təyin edilmişdi…
Həbib Fətəliyev 1987–1989-cu illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1989–1991-ci illərdə Azərbaycan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, 1991–1999-cu illərdə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışıb. 1999-cu ildə Bakıda vəfat edib.
Göründüyü kimi, o, heç bir adamı olmayan bir kasıb Göyçaylı balası olub və öz zəhməti, bacarığı sayəsində, Sovet dövründə hər bir adama aid olan perespektivin nəticəsində zirvələrə ucala bilib. Harın adam olmayıb və harada çalışıbsa yaxşı adam kimi tanınıb, hörmət qazanıb…
Qızı Sevinc Fətəliyeva isə 1979-cu il avqustun 17-də Bakı şəhərində anadan olub. 1996-cı ildə 160 №-li tam orta məktəbi bitirib. 1996–2000-ci illərdə Azərbaycan Dillər Universitetində tərcümə ixtisası üzrə ali təhsil alıb, 2000–2002-ci illərdə elə həmin universitetdə təhsilini davam etdirərək magistr pilləsinə yüksəlib. Sonradan aspiranturada oxuyaraq fiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2000-ci ildə “Mitsul & Co“ LTD-də tərcüməçi vəzifəsində çalışan Sevinc Fətəliyeva, 2003-cü ildə Slavyan Universitetində çalışır və Azərbaycan Respublikasının Milli Məclisinin Suraxanı rayonu üzrə deputatıdır. Ailəlidir, bir oğlu, bir qızı var…
Deyir ki,- “Ailə çox böyük məkandır. Əgər qadın işləyirsə, ailə bunun zərərini çəkməməlidir. Həyat yoldaşım bütün işlərimdə mənə dəstəkdir. Dəstək olmasaydı, bu qədər işi görə bilməzdim. Ümumiyyətlə, bu işin içinə girməzdim. Ona görə də həyat yoldaşım həmişə yanımdadır və məni həmişə dəstəkləyir. Başqa cür ola da bilməz. Bilirsiniz ki, səfərlərimiz çox olur. Buna baxmayaraq, daim evə tələsirəm. Ailəmin, övladlarımın yanında olmaq, birlikdə istirahət etmək mənim üçün adi hal olsa da müqəddəs borcumdur…”
Bəli, qadın lap baş nazir işləsə belə, evinə daxil olduğu andan anadır, həyat yoldaşıdır. Milli mentalitetə sədaqətlidir. Qürurlu və məğrur xanımdır. Sözü üzə deməyi bacarır. İşgüzarlığı nəticəsində qazandığı uğurları, əldə etdiyi müsbət nəticələr bədxahlarını çox qıcıqlandırır, ortada qısqanclq yaranır. Və….
Bu dünya Xeyirlə Şərin mübarizə meydanıdır. Habillə Qabildən tutmuş bu günə kimi bu mübarizə davam edir. Amma nə yaxşı ki, sonda Xeyir qalib gəlir…
Təsadüfən vikipediyada avqustun 17-sində anadan olmuş soydaşlarımızın siyahısına baxırdım. Onun da adını həmin siyahıda gördüm. Yadıma həzrəti Peyğımbərimizin gözəl bir kəlamı düşdü- “Cənnət anaların ayaqları altındadır…”
Hörmətli Sevinc xanım, haqq nazilər, amma üzülməz…
Ad gününüz mübarək!
Hörmətlə,
Elman Eldaroğlu