Tükənməz həyat enerjisi var. Qərarlı davranışı ilə başladığı hər işi sonuna çatdırmağı bacarır. Güclü əsəb sisteminə, yaradıcı təfəkkürə, mahir idarəetmə qabiliyyətinə malikdir.
Həllini tapmamış problemlərə nifrət edir. Hər zaman yenilik arzusunda olması ən diqqət çəkən xüsusiyyətlərindən biridir. Sərbəst insandır, müstəqilliyinin məhdudlaşdırılmasını, fəaliyyətinə sərhəd qoyulmasını sevmir. Ona məmnun olmadığı nəyisə bəyəndirməyə çalışmaq olduqca çətin və yorucudur. Həssas təbiəti var, yardım etməyi, necə deyərlər, ehtiyacı olanlara əl tutmağı xoşlayır. Praktiki zəkası çox inkişaf etdiyindən mülahizə və təhlillərdə çətinlik çəkmir…
Uşaq yaşlarından çevikliyi, qoçaqlığı ilə fərqlənib. Böyüdüyü ailənin maddi problemlərinin həllində bacardığı qədər fəallıq göstərib. Ata-anasına yardımçı olub.
Deyir ki,- “Atam mühasib, anam isə evdar qadın idi. Böyük ailəmiz vardı- 7 qardaş, 2 bacı olmuşuq. Birinci sinifdən 10-cu sinifə kimi təhsil aldığım orta məktəbi əla qiymətlərlə bitirmişəm. Bütün bu 10 ildə “5”dən başqa qiymət almadım. Halbuki, çox çətin şəraitdə yaşayırdıq. 10-12 yaşımdan etibarən ailəmizin dolanışığına kömək etmək, çörəkpulu qazanmaq üçün dərsdən sonra meşəyə odun qırmağa gedirdim. Gətirib, həmin odunları kənddə satır, ailəmizin ehtiyaclarına xərcləyirdik. Bir müddət sonra böyük qardaşım Bakıda Tibb İnstitutuna daxil oldu. Artıq tələbə olan qardaşıma da maddi köməklik etmək lazım gəlirdi…
Kəndimizdə bütün ailələr bizim kimi yaşamırdı. Bəzi ailələrdə uşaq sayı az olduğundan həyat şəraiti normal idi. Bizim kimi çoxuşaqlı ailələrdə isə uşaqların hamısının geyinib-keçinməsi, oxuması maddi problemlərə səbəb olurdu. Evimizdən yalnız atam işləyirdi. Gəlir az, külfət çox olduğuna görə, bütün ailənin atamın maaşı ilə dolanması mümkün deyildi. İşləməsəydim oxumaq, Bakıda təhsil alan qardaşıma maddi kömək etmək imkanımız olmazdı…”
Haqqında söhbət açdığım Vahid Əhmədov 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində dünyaya gəlib. Qonaqkənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, Azərbaycan Politexnik İnstitutunda ali təhsil alaraq mühəndis-energetik ixtisasına yiyələnib. Dörd il indiki Səttərxan adına maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışıb. 1971–1972-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq orada beş il sex rəisi vəzifəsində işləyib. Daha sonra Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirib. 1981–1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışıb. 1983–1986-cı illərdə “Bakı fəhləsi” adına maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə “Bakneftmaş” İstehsalat Birliyinin baş direktoru olub. 1989–1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunda təhsilini davam etdirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülüb. Almaniyada təhsilini başa vurduqdan sonra, 1992- ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə baş nazirin müavini vəzifəsinə təyin olunub. Bir qədər bu vəzifədə çalışdıqdan sonra baş nazirin birinci müavini vəzifəsi ona həvalə edilib. İki il sonra bu vəzifədən azad olunub. Həyatının sonrakı hissəsi parlamentlə bağlıdır. Xidmətlərinə görə “Azərbaycan SSR əməkdar mühəndisi” fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb…
Göründüyü kimi aşağıdan yuxarıya uzun yol keçib. Kifayət qədər savadı və zəngin təcrübəsi var. Məhz bunların sayəsində iqtisadiyyatı güclü bilir, verdiyi proqnozlar doğru çıxır. Bir iqtisadçı millət vəkili kimi də fəaldır, xalqın mənafeyinə uyğun çıxışları ilə özünə rəğbət qazanıb. Mənəviyyata bağlı, ənənəyə sadiq adamdır. Heç vaxt insanlara yuxarıdan aşağı baxmaz. Necə deyərlər, uşaqla uşaq, böyüklə böyükdür. Kiminsə xətrinə dəymək, kobudluq etmək təbiətinə ziddir.
Bəli, haqqında danışdığım Vahid Əhmədov Azərbaycan xalqının sevimli ziyalılarından biridir və xalqını sevməyi bacarır…
Aprelin 2-də 76 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat, xoş günlər arzulayıram.
Elman Eldaroğlu