Azərbaycanın istedadlı şairi Qulu Ağsəs “”NÜVƏ BAŞLIĞI” VƏ YA FAİTES-EN BON USAGE” adlı yeni məqalə yazıb.
O, həmin yazını “Qafqazinfo”ya təqdim edib.
Müstəqil.Az sözügedən ədəbiyyat nümunəsini oxucuların ixtiyarına verir:
*
Yer Göyə nə göndərir:
– Raket,
Tüstü,
Zəhər…
Göy Yerə nə göndərir:
– Ay işığı,
Günəş şüası,
Bərəkət yağışı,
kasıb daxmasını Ağ evə döndərən Bəyaz qar…
Yerin Göyə göndərdiyinə bax!
Göyün Yerə göndərdyinə bax!
Yerlə Göy arasında Yerlə Göy qədər fərq var!
Bunu yazandan 2 gün sonra şəhərə qar yağdı…
*
2 gün demişkən. Fikir vermisizsə, adamlar cəmi 2 gün sevinir həyatda. 1 yanvar və 31 dekabr günləri. Cəmi 2 gün! 5 günlük dünyada 2 gün şadlanmaq pis göstərici sayılmamalıdı, məncə…
Yanvar – təqvimin “ətli” yeridi, dekabr – “cecəyi”. İlin son günlərini çoxu “cecəyinə” kimi sümürür. Dekabrdan yanvara təkcə 1 yaş yekəlmirik, həm də, ən azı, 1 kilo kökəlirik. Həkimlər bayram süfrəsindən sonra idman eləməyi məsləhət görür. İngilis Çörçill deyib ki, “mən bu yaşa çatdığıma görə idmana borcluyam, çünki ömrümdə onunla məşğul olmamışam”. Bizim Oqtay Rza deyirdi ki, “tay-tuşlarım səhər durub qaçanda mən oturub xaş yeyirdim. Onlar qaçmaqdan yorulub öldülər, mən hələ də öz yerimdə oturmuşam…” Bəlkə də heç biri belə söz deməyib, amma bu yazıda yerinə düşdü. Hər ikisinə rəhmət oxuyuram. Onlar da həkimə qulaq asmayıblar. Bizimki dietoloqdu. Hər evdə var. Bizdə bir dənədi. Adam var, 3 dietoloq saxlayır: birini mətbəxdə, birini qonaq, birini də yataq otağında. Televizoru deyirəm. Aç bax, ondan sonra nə qədər yesən də, çəkin artmayacaq! Teleşirkət rəhbərləri, maşallah, hamısı formadadı. Birinin forması normanı da keçib, deyəsən, çox baxır televizora. Proqramların hamısının adı Bazardı. Aparıcıların hamısının adı Ayzardı. O gün birini mən də izlədim. Tamaşaçılar hamısı gülürdü. Məndən başqa. Axırda şougöstərənin biri çıxdı irəli, başladı milli mentalitetdən məruzə oxumağa. Onda hamı ciddiləşdi. Mən güldüm…
*
Gülmək demişkən. Uşaq doğulanda ağlayar. Adəmdən bəri belə görünüb. Bəşər övladının bircəciyi anadan olanda gülüb – Zərdüşt peyğəmbər! Deyilənə görə, əslən azərbaycanlıdı. Zərdüşt peyğəmbər dünyaya gələndə gülməklə inqilab eləyib, ilahi qaydanı pozub. Görünür, biz ona çəkmişik gülməkdə. Amma bizim gülüşümüz, qaydanı bilmirəm, kefimizi pozur. Təkcə şou pozsaydı, nə vardı…
Adam var:
yay tətilini Skandinaviya meşələrində marallarla keçirir,
qış tətilini Cənubi Amerika karnavallarında ceyranlarla,
sonra da TV-yə çıxıb deyir:
Azərbaycanın yayına da qurban olum, qışına da,
tamaşaçılar da onun vətənpərvərliyinə baxıb kövrəlirlər…
Hətta eləsini sənə nümunə göstərmək istəyənlər də tapılır.
Onlara qızıl qaydanı xatırladıram:
imkan ver, sənə hörmət eləməsinlər,
amma imkan vermə ki, sənə hörmətsizlik eləsinlər!..
*
Sərlövhə – manşet – başlıq demişkən. Son vaxtlar erməni lobbisinin verdiyi “başlıq” Fransa mətbuatında Azərbaycanı “ittiham manşetinə” çevirib. Mənsə Parisə (ah, Paris, Paris!) burdan havayı başlıq yollayıram:
BİR AYDAN ÇOXDUR Kİ, LAÇIN-ŞUŞA YOLUNDAKI AZƏRBAYCAN SÜLHMƏRAMLILARI RUSİYA ƏSGƏRLƏRİNİ ERMƏNİ SEPARATÇILARINDAN QORUYUR!
Faites-en bon usage. Yəni sağlıqla işlədin…