Həyətdə bitən göyəm,
bostana gələn su arxını…
Bir yandan qırxlıq,
o biri yandan qoyun qırxını…
Əlim, dizlərimə niyə döyürsən?!
Nə yatan kimi yatanam,
nə oyaqtək oyaq.
Nə ölü kimi ölüyəm,
nə də sağ kimi sağ…
Əlim, dizlərimə niyə döyürsən?!
Baxıram aynaya – məəttəl qallam,
nə görünən mənəm, nə bu aynadı.
40 günün acı da mən ola bilməz,
bir belə içimi yedim doymadım.
Əlim, dizlərimə niyə döyürsən?!
Hərdən sağa-sola yayındırıram
neyləyim gözlərim nəmli yerdədi.
Səni də qınamaq olmur hardasa –
bilirəm dizlərim çəmli yerdədi
Əlim, dizlərimə niyə döyürsən?!
İçim dəniz kimi, sözlər balıqdı, –
sahilə çıxırlar sətirlər məndən.
Baxdılar bir dərdə dərdkar deyiləm
yüz illik dərdlərim gedirlər məndən.
Əlim, dizlərimə niyə döyürsən?!
Gəldi xəyalıma bu axşam çağı –
yazda Həkərinin axması düşdü.
Bir dosta söz dedim süfrə üstündə
hönkürdü, ağzından loxması düşdü.
Əlim, dizlərimə niyə döyürsən?!
Əldən qaçırtmışıq bəxt deyiləni
daha indən belə hara yüyürək?!
O qədər dərd çəkdi döyənək oldu,
ya çöllərin daşı, ya da bu ürək…
Əlim, dizlərimə niyə döyürsən?!
Bir ahıl ah çəkir yönü dağlara
ahılın həsrəti, o ahı nədi?!
Nə olsun dizlərim əlçatan yerdi,
əlim, dizlərimin günahı nədi?!
Əlim, dizlərimə niyə döyürsən?!
Söz oğrularına
Telli balam,
Canlı balasını tanıyan kimi
şair sözünü, kəlməsini tanıyır…
Bar ağacı meyvəsindən, nübarından,
Deyim əyninə geydiyi
fikir paltarından tanınır.
Sərraf yaxşı bazarı malından,
Döyüşdən başsız qayıdan əsgəri
arvadı xalından tanıyır.
Adamın əhvalı gözlərindən,
bənizindən bəlli olur,
Sözünün başını tutanda
mənə gülmə – şair dəli olur.
Qulağına pıçıldayanda
eləsi var daş atır başını tutur, –
oğurluğu danır, telli balam.
Açıb ağartmaq olmur, –
üz üzdən utanır, telli balam.
Ayrılığın sabahı
Pəncərədən baxıram,
dilim adını pıçıldayır…
Adın dilimə gələndə
dodağım yüz yerdən çat verir,
dodağım uçuqlayır.
Sən gedəndən ölmüşəm
görünən də şəkildi, –
bunun niyəsi yoxdu!
Xəncərin qını, sapı var,
ağzı, tiyəsi yoxdu.
Eşq kor əlində çəlikdi,
o çəliyi apardın.
Aşiqə Haqdan mükafat
köləliyi apardın.
Qırmızı gey, nəzir de –
qaragünlü qarabəxt
hələ sənə əsirdi…
Sevgidən söhbət düşəndə
məni belə xatırlama –
“Bədbəxt oğlu, bədbəxt,
sevgi üstə əsirdi!”.
Pəncərədən baxıram,
dilim adını pıçıldayır…
Adın dilimə gələndə
dodağım yüz yerdən yarılır,
dodağım uçuqlayır.
Tapşırma
Əlim əlindən üzüldü,
Ya qismət, görəm-görməyəm.
Eşidirsən? Bir mənə bax!
Hərdən güzgüyə baxanda
Mənim gözümlə sənə bax!
Çiyələkli şeir
Çiyələk çiçəkləyir,
ləçəyində gülüşün.
Deməzlər oğurlayıb
təbiətin “əl işin”?!
Qırğın irəlidədi –
allanacaq yanaqlar.
Birindən dadmaq olar,
o birinə qınaq var.
Tellim
Şairin pay boğçasına
Qələmi söz deyər, tellim.
Sevən sevənin yolunu
Qaydadı gözləyə, tellim.
Barmaq sayında yaşam var,
Göydə Tək, Yerdə qoşan var…
Hər işi düzüb-qoşan var,
Nə deyim düzgüyə, tellim?!
Baş qırıldı künə qaldı,
Qalan ağzıgünə qaldı.
Hər xatirən mənə qaldı,
Sən özün özgəyə, tellim.
Gözəl və qoca
Bir gözəl görən qocanın
tutduğu ilk tədbir
hisslərinin həbsidi.
Gözələ baxmaq onunçün
rəqqasın qəbri üstündə
çalınan “Tərəkəmə” rəqsidi.
Bilmədim
Ayrıldıq – yenə başımdan
Səni çıxarda bilmədim.
Əvvəli ayıq olmadım,
Nə var axırda bilmədim.
Gecəni eşqə çalxadım,
Əyildim gülün qoxladım…
Mən ömrümü yağmaladım –
Qış da, bahar da bilmədim.
Təzə səfərdən düşmüşəm,
Atdan, yəhərdən düşmüşəm.
Elə bir dərdə düşmüşəm
Açıb ağarda bilmədim.
Gəraylı
Tellim, sevən yanındasan,
Aç könlünü – pərdələmə.
Sevən umacaqsız olmaz,
Ayıb tutub pərt eləmə.
Daş nə edir – şüşə bilər,
Can nə çəkir – köşə bilər.
Dərdlər gözdən düşə bilər,
Hər bir dərdi dərd eləmə.
Adı saxlayan urvatdır,
Saxlaya bilsən sərvətdir.
Şair quruca bir addır,
Adımı çox vird eləmə.
Fərqanənin ölümünə
Elegiya
Narıngül, Şəfəq, Məlahət,
Faiq, mən, Aləmzər, Qiymət…
Əyləşdik yan otaqda
ölümünü qarşılamağa.
Ayıbımıza gəldi, ölüm olsa da,
dost adını deyib gəlir.
Axı o da bekar deyil,
hardasa işini qoyub gəlir.
Faiq dözmədi, çıxdı…
Bilirsən, Faiq dildən pərgardı.
Bəlkə də, ölümü dilə tutmağa,
Bir hovur ləngitməyə,
başını qatmağa çıxdı.
Ondan olsa, ölümün
gələn yolunu düyə bilərdi,
Ölümün üzünə qırmızı
burda yoxsan deyə bilərdi.
Ölüm də ölümdü ee…
Gələndə heç nəyə baxmaz,
gözaltısını buraxmaz.
Qəfil sən olan otaqdan şivən qalxdı,
Elə bil əlahəzrət gəlmişdi
əsgər kimi ayağa durduq.
Aləmzər titrəyirdi əsim-əsim,
Öz aramızdı, hesabınan gərək
ölümün bizdən inciməsin.
Səninki də belə yazıldı,
dərgaha oxunmağa o yazı getdi,
Narahat olma, yaxşı pay apardı,
ölümün bizdən razı getdi.
2
Zalım, sağlığında inanmazdın…
İlqar büzüşüb bir sifətə düşdü,
üzünə baxmağa gücüm olmadı.
Yəqin, ona yanırdı siqaretiynən –
sənə qıyan ölümə öcü olmadı.
Bu necə ölümdü, Fərqanə, –
mağarın qurulmadı, üçün olmadı?!
“Bacın qurban!” deyərdin…
Yaxşı qardaşın bu şeiri yazmağa əli gəlməz.
Allah görür – sənin ölümünə də
pis deməyə dilim gəlməz.
Adını çəkirəm, Fərqanə,
Bəlkə, bir işim düşüb elə,
adam bir haya çıxmazmı?!
Qardaş deyən bacı qardaş gələndə
durub qapıya çıxmazmı?!
Doğrandın bıçaqlara,
bıçaqlar ağzında getdin.
Ona yanıram – qışa dözdün,
fəslin yazında getdin.
Doğrandın bıçaqlara,
dözümünlə sirr oldun,
Can, ay bacım! Sağalmaq umuduna
Təbrizin yollarında yesir oldun.
Fələk bir oyun oynadı,
bağlanmayan yer qalmadı…
Yaxşısı bağlandı, pisi bağlandı.
Səni gördü dünya qarışdı,
umudunun qapısı bağlandı.
Özünü xəstəliyə də sevdirdin,
Çox xəstəliyin altın çəkdin,
Çox xəstəlik başına gəldi.
O qədər sadə idin,
Nicat da ürəkləndi, yasına gəldi.
Bir dəvətdən qalmırdın,
hər dəvətə varırdın…
Yarımcanla, ağrıyla,
yenə məclis aparırdın.
“Ulduz”da hamıya istisi çatan,
korun yanan ocaqdın.
Dəfninə çata bilmədim,
qəbrinə qələm qoyacaqdım.
Yarpaqdan tutulan ipək misallı,
nə darda, nə möhnətdəsən, şair.
Qəşəm ünvan soruşurdu,
dedim cənnətdəsən, şair!