Adanada dörd gün – Həcərdən səfər təəssüratı

Adanada dörd gün – Həcərdən səfər təəssüratı

HƏCƏR

Tədbirə qatılmaq təklifi gözlənilməz oldu. İki il əvvəl də təklif almışdım. Getmək sevdan olsa, bəhanələr küncə qısılar. Nədənsə, getməmişdim. İndi öz-özümə “İş-güc o yana dursun, hücrəndən çıx bir, doqquzuncu mərtəbəndən yer üzünə en”, – deyib yolu tapşırdım Bakıdan Ankaraya uçacaq təyyarənin  qanadlarına- şassilərinə. Hava proqnozuna baxdım: Ankara soyuq, Adana isti olacaqdı. Bizi qucaq dolu sevinclə, isti qarşılayan Ankara, həqiqətən, soyuq idi. Bu şəhər mənə Rəsulzadəyə görə əzizdir. Ankara sözünü eşidəndə ilk olaraq xəyalıma Əsri qəbristanlığı və Məhəmməd Əmin Rəsulzadə gəlir. Bir də paytaxt olduğuna görə sevirəm Ankaranı. Paytaxt sözünün özündə bir ehtişam, əzəmət, liderlik və qüdrət var. Əvvəlcə Anıtkabirdə  M.K.Atatürkü andıq. O dünyaya təşrif aparanda keçmiş dünya fatehlərini ayağına qaldıran Atatürk.  Ziyarətçilər çoxdur, lap çox. Bu qədərini gözləmirdim. Onlar  Mustafa Kamal paşanı, həqiqətən, ürəkdən sevirlər, bəzəksiz-filansız. Anıtkabir möhtəşəmdir. Hündür təpəliyə qalxan pillələrlə içəri daxil oluruq. Geniş, hündür sütunlu böyük movzoley adamla doludur. Birtəhər imkan tapıb üstünə çələng qoyulmuş qəbirə yanaşıram.  Heç bir ziyarətə bənzəməyən maraqlı duyğudur.  İnsanın böyüklüyü, ölməzliyi, vətən, ölkə üçün etdiyi əməllə ölçülür. Fatehlər, böyük şəxsiyyətlər çox olub. Hamısının qurduğu imperiya qanlar-qırğınlar üzərində bərqərar olub. Mustafa Kamal fərqlidir. O, ölkəsi, xalqı üçün, dünya üçün elə bir nümunə oldu ki, zamanın gücü çatmaz unutdurmağa. Bilirsən ki, bu insan əbədi yaşayacaq.

Anıtkabirdən sonra Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarətə yollandıq. Düzünü deyim ki, bu məni daha çox çəkirdi. Bu ziyarətdə qəriblik sıxıntısı çəkən əzizinin, doğma birinin görüşünə getmək kimi bir hiss vardı içimdə. Bunu çox arzulamışdım. Hava artıq alatoranlayırdı. Qəbiristanlığı hərəmiz bir tərəfdən ələk-vələk elədik. Qaranəfəs, görüşə yubanan adam tələskənliyi ilə axtardıq. Bələdçi götürmədiyimizə peşman idik. Nəhayət, budur, Azərbaycan bayraqları ilə bəzənmiş qəbri tapırıq. Susuruq. Ona tərəf yüyürürk. Hər kəs daha tez çatmaq istəyir. Bir tərəfə çəkilib Fatihə surəsini oxuyur, ona aid olan, yadıma düşən nə varsa, pıçıldayıram: “Rahat yat. Azad Azərbaycan var! Hərə bir tərəfdən didmək, parçalamaq istəyir, başımız daşdan-daşa dəyir, ancaq döyüşəcəyik, dayanacağıq. Azərbaycan həmişə var olacaq!..”

Həmin günün axşamı atobuslarla Adanaya yola düşürük. Adana Türkiyənin cənubunda, Aralıq dənizinin sahilindədir. Xəritəyə baxanda sevindim. Hardandır, bilmirəm, rast gəldiyim hər dəniz və göldə, çayda əl-üzümü yumaq kimi anlaşılmaz vərdişim var.  “Aralıqda da əl-üzümü yuyacam”- deyə sevindim. Bir neçə şəhəri qoynuna alan və 5.62 milyon əhalisi olan bölgə Çukurova adlanır. Çukurova sözünü yaxa kartımda oxudum: “Çukurovada uluslararası türk dünyası VI şiir ve müzik festivali”.  Kartın sol və sağ tərəfində üzüaşağı düzülmüş on altı türk dövlətinin bayraqlarının şəkilləri. Möhtəşəm bir hissdir. Bu görüşü, tədbiri düşünənlərə min alqış düşür. Festival Türkiyədə Çukurova Ədəbiyyatçılar Dərnəyinin başkanı Halise Tekbaşın rəhbərliyi ilə keçirilir. Azərbaycanda isə  onursal başkan İlqar Türkoğludur. Tədbirin keçirilməsində məqsəd türkdilli ölkələrin ədəbi-mədəni əlaqələrini möhkəmləndirmək, Turan birliyi yolunda  söz, sənət adamlarının birliyini örnək olaraq nümayiş etdirməkdir.

Şəhər bizi sevinclə, gülərüzlə qarşıladı. İlıq bir təbəssüm vardı sanki hər yerdə. İlk dəfə idi ki, bir qrup adamla bu cür səfərə çıxırdım (tur səyahətlərindən başqa). Adamlara gec yovuşanam. İrəli atılıb burnunu hər yerə soxan, bütün şəkillərdə sinəsini qabağa verən adamlardan xoşum gəlmir. Yerimi bilir və qoruyuram. Amma elə ki isinişdim, sonra çətin unuduram. Qərib durnalar kimi bir kənarda büzüşüb dayanmışam. Kənarda dayanıb müşahidə aparmaq şakərimdir.  Sonalayır, öyrənir, nəticə çıxarıram. Yavaş-yavaş buzlar əriyir. Qrupdan olanlar başqa ölkələrdən gələnlərlə, yerli türk şairləri ilə məni tanış edirlər. Kərkükdən, Orta Asiya respublikalarından, Kıbrızdan,  Almaniyadan, İsveçrədən, Hollandiyadan, Türkiyənin müxtəlif bölgələrindən gəlmiş nümayəndələrlə tanışlıq rəsmidir. Eqom baş qaldırıb, güclə sezilən narın təbəssüm, vəssalam. Qızlar öz aralarına dəvət edirlər.  Bu, altıncı görüşdür. Onlar çox gəliblər, elə bil, öz evlərindədirlər, mən isə ilk dəfədir gəlirəm. Oteldə otaqlarımıza keçib dincəlmək istəyimiz təbiidir. Dünəndən ayaqüstəyik. Özbəkistandan olan Dilbar xanımla bir otaqda qalası olduq. Xoş, gülərüz, çevik bir xanımdır. Bir-birimizlə rusca anlaşmalı olduq. O, arada özbək sözləri, mən türk sözləri qatırıq danışığımıza. Həmin gündən səfərlərimiz başlandı. Əvvəlcə Karaisalıya getdik. Yol uzunu tanış mənzərələrdir sanki. Bizim yerlərə çox bənzəri vardı. Dərənin üstündə, hündür dayaqlar üzərindən çəkilmiş dəmir yoluna, qayaların arasından çapılaraq, sanki mağaradan keçirmiş kimi açılmış avtomobil yoluna baxıram. Laçını, Şuşanı xatırlayıram. Buradan çox gözəldir: keçilməz meşələri, çatal-çatal ağacları, rəngarəng təbiəti ilə. Ah, Laçın!.. Xanımlara deyirəm, təəccüblənirlər. “Ah, doğrudanmı burdan daha güzel?”- deyib bir-birinə baxırlar. “Buralar da çox gözəldir, meşə isə seyrəkdir, çox azdır. Sizdə həm də yollar var, yollar. Hər yerə var. Orda isə yox idi, çətin idi. İndi isə olacaq. Hər yerə yollar olacaq. Sizi dəvət edəcəm. Gəlin, gəzin, özünüz görün” – deyirəm. Sevinirlər, “Gələrik”- deyirlər. Günortadan sonra tədbir başlayır. Şeirlər oxunur. Aydındır ki, Türkiyə türkcəsi bizim şivəmiz kimidir, hər şey anlaşılır. Kərkük də ki, elə tamam bizik. Orta asiyalıların çıxışlarını anlamağa çalışıram. Bir neçə çıxışdan sonra qavramaq daha da asanlaşır. Doğma sözlər çoxluq təşkil edir axı. Bizi qarşılayan bələdiyyə başqanları, ilçe müdirlərinin gözlərində, üzlərində elə böyük sevgi və mehribanlq, səmimiyyət var ki. Şəhəri dolaşırıq. Azərbaycandan olduğumuzu biləndə üzlər-gözlər gülür, “Can Azərbaycan” – deyə söhbətə tuturlar. Danışmağımız xoşlarına gəlir. Hara gediriksə, çay, kofe təklf edirlər. Qarabağı, buradakı vəziyyəti soruşurlar. Danışıqlarından məlum olur ki, onlar bizim haqqımızda hər şeyi bilir, izləyirlər. Uğurlarımıza  ürəkdən sevinirlər.

Sabahı gün cənnət Kozana yola düşürük. Şəhərə çatanda avtobuslardan düşüb kiçik ölçülü mikroavtobuslarla dolama yollarla Kozanın ən hündür yerinə – təpəliklərə qalxırıq. Bizdən yuxarıda – zirvədə tarixlər görmüş qala divarları görünür. O daşları ora necə qaldırıblar, sıldırımın döşündə qalanı necə tikiblər, çox təəccüblənirik. Burdan bütün şəhər ovuc içi kimi görünür. Hündürlüyü sevirəm. Ucadan, zirvədən baxmağı sevirəm. Ürəyim Tanrıya, doğma qardaşlara minnətdarlıq, sevgi hissi ilə dolub-daşır. Geri qayıdanda yolumuzu köhnə fırının yanından salırlar. Fırının üzərində xatirə lövhəsi var. Burada ermənilər – lənətliklər kozanlıları diri-diri yandırmışlar. Dərdimiz – tasalarımız da eynidir, eyni taleni yaşamışıq.

Fasilələrdə etdiyimiz söhbətlər tanışlığımızı, dostluğumuzu, münasibətlərimizi daha da dərinləşdirdi. Utkirbek Muxamedov, Axilbek Şayaxmet,  Dilbar xanım, Cahit Günay, Halise Tekbaş, Savaş Sarıkaya, Sıtkı Demir, Ceyhun İpteş, İçlal  xanım və oğlu Coşkun, Yehya Azeroğlu,  Riyaz Dəmirci və başqaları ilə olan söhbətlərimiz yaddaqalan oldu.

Qonaqpərvərliklərinə görə Çukurova Edebiyyat Derneginin rəhbəri  Halise Tekbaşa,  Çukurova Edebiyyat Derneginin onursal başkanı İlqar Türkoğluna,  Karaisalı, Sarıçam, Kozan bələdiyyə başkanlarına, bütün adanalılara təşəkkürlərimizi, sevgi və ehtiramımızı bildiririk.

Növbəti tədbirin 2022-ci ildə Azərbaycanda – Şuşada keçirilməsi planlaşdırırlır. Belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsini çox istərdim. Həm də istərdim ki, tədbirlər Türkiyədəki kimi mütəşəkkil, lazımi səviyyədə keçirilsin.

P.S. Artıq üç gündür, Adananı avtobuslarla dolaşırdıq. Çəkməm ayağımı incidirdi. Fikir vermirdim. Axşam otelə qayıdanda corabım qəpik boyda dərimlə birlikdə ayağımdan çıxdı. Zəhrim yarıldı. Bildim ki, daha gəzməyə çətinlik çəkəcəm. Səhər Rəbiqə ilə yaxındakı mağazadan yüngül krasovka aldıq. Bir ölçü böyük aldım ki, rahat gəzim. Sən demə, elə ayağın ölçüsündə almaq lazımmış. Yaranı daha da dərinləşdirdi. Məcbur qalıb çəkələk aldıq və o çəkələklə dolaşırdım. Kompleksə yer yoxdur daha. Ayağıma baxmamağa çalışırdım. Kiçik bir nəzm də qoşuldu:

Adananı dolaşdın
Ayağında çəkələk
Necə dolaşırsınız
Belə zülm çəkərək?…

Axsadıqca qaziləri, ayağını o torpaqlarda – Qarabağda qoyub gələnləri xatırladım,  gözlərim doldu. “Bir qırıq yaraya dözmürsən, onlar nə yaralar alıblar, bədənləri neçə yerə bölünüb. Hələ də sağalmayanlar var. Döz, keçər”, – deyirdim.

Şəkil çəkdirəndə xatırladır, yadıma salırdılar ki, elə yerdə dayan, çəkələklərin düşməsin fotoya. Bu yumorlu xatirə Adana ilə bağlı xatirələrimə bir başqa cür rəng qatdı. Buna görə Adanaya olan planlarım yarımçıq qaldı: şəhəri yaxşı gəzə bilmədim, dənizdə əl-üzümü yuya bilmədim, mağazalara gedə bilmədim. Növbəti səfərlərə ümidim çoxdur. İnşallah, Tanrıya təvəkkül…

27 noyabr 2021-ci il. (525-ci qəzet)

Share: