Nə qədər təsadüfi görünsə də, kainatda elə bir hadisə yoxdur ki, Allahın iradəsindən kənar baş versin. Gələcəkdə, lap elə bu gün də baş verəcək hadisələrin hamısından Yaradanın xəbəri var…
Kim necə düşünür, qoy düşünsün, məncə vəzifə Allahın sevdiyi bəndələrinin qismətinə yazdığı bir fürsətdir. Elə bir fürsət ki, onun vasitəsilə həm özünə və həm də insanlara daha çox fayda verə bilir. Sadəcə, bu fürsətin əhatə miqyası fərqli olur…
Bu günkü söhbətimin də qəhrəmanı nə vaxtsa yüksək dövlət postunda çalışıb. Sevənləri də olub, sevməyənləri də. Necə deyərlər, əlindən tutduğu adamların arasında qədirbilənləri də var, nankorları da…
Adı da, soyadı da, atasının adı da İslam aləmində sevilən məsumlara məxsus olub. Daha dəqiq desəm, Əli Məhəmməd oğlu Həsənovdur. 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində dünyaya gəlib. Bütün uşaqlar kimi “aşıq-aşıq” da oynayıb, “gizlənqaç” da, hələ üstəlik, Novruz bayramlarında qapılara papaq da atıb. Məktəbə də gedib, orta təhsil də alıb. Sonra əsgərliyə çağrılıb. 1982-ci ildə hərbi xidmətini başa vuraraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1985-ci ildə təhsilini davam etdirmək üçün, onu göndərişlə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə(MDU) köçürüblər və 1988-ci ildə MDU-nu fərqlənmə diplomu ilə bitirərək, həmin universitetin tarix fakültəsinin əyani aspiranturasına qəbul olunub. “1917–1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsinə yiyələnib…
İlk görünüşdə qaraqabaq, adamayovuşmaz kimi görsənsə də çox mehriban adamdır. Uşaqlıqdan elmə, təhsilə olan marağı, onu həmişə tay-tuşlarından fərqləndirib. Elmi, təhsili yüksək tutduqca, yüksəldikcə yüksəlib…
1992-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 2000-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edir. Eyni zamanda, “Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə yüksələ bilib. 2005-ci ildən isə professor adını daşıyır. Beynəlxalq münasibətlər və geosiyasət mövzusunda 40-dan çox monoqrafiyası, 8 dərsliyi və yüzlərlə elmi məqalələri xarici dillərə tərcümə edilərək dünyanın ondan artıq dövlətində çap olunub…
Necə deyərlər, intizamlı, işgüzar adamdır. Zaman-zaman məsul vəzfələrdə çalışıb. Bu etimadı o, öz bacarığı, savadı ilə qazanıb…
Bir müddət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsinə təyin olunub. 2019-cu ilin noyabr ayında bu şöbə ləğv edildiyi üçün, prezidentin imzaladığı sərəncamla “Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi- şöbə müdiri” vəzifəsindən azad olunub…
Nədənsə, onun adı gələndə həmişə düşünmüşəm; bir vaxtlar mötəbər vəzifədə çalışan bu insanı özünə böyük qardaş bilən, çörəyə çatdırdığı, eləcə də onun hesabına ev-eşik sahibi olan adamlar niyə ona dönük çıxdılar? Niyə adı dillərində əzbər olan kəslər, indi onun adını heç yerdə səsləndirmək istəmirlər, haqqında xoşməramlı yazılar yazılmır. Axı 510 mətbuat işçisinə təmənnasız mənzillərin paylanmasının səbəbkarı o, olub. Axı bu xeyirxahlığın həyata keçməsində onun böyük xidməti var. Mətbuata maddi dəstək ideyası da ondan gəlməyibmi? Görün, nə qədər redaksiyalara onun təşəbbüsü ilə, fəaliyyət göstərmələrindən ötrü, illərlə maddi vəsait ayrılıb və hələ də ayrılır. Hanı o mənzillərdə yaşayan qələm adamları? Hanı həmin vəsaiti alan media orqanları? Axı niyə biri onunla maraqlanıb ad günündə xoşməramlı məqalə yazmır? Axı martın 10-u onun növbəti ad günüdür…
Gidi dünya, şair yalan deməyib ki? “Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı salam-əleyk qurtardı.” Belə çıxır ki, etdiyi bütün yaxşılıqlar qədirsiz olub…
Bəli, martın 10-u tarix elmləri doktoru, professor Əli Həsənovun doğum günüdür, 64 yaşı tamam olur. Bilirəm, dövlət vəzifəsində çalışan adamlar haqlarında məqalə yazılmasını xoşlamırlar. Yəqin ki, o da buna etiraz edəcək, haqqı var. Amma inanıram ki, boynunda heç bir haqqı olmayan bir müstəqil qələm adamı kimi, mənim də haqqıma etiraz etməyəcək…
Hörmətli Əli müəllim, sizi növbəti ad gününüz münasibətilə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, fəaliyyətinizdə uğurlar arzulayıram.
Çox yaşayın!
Hörmətlə, Elman Eldaroğlu