Müstəqil.Az – ın “Söz adamı” layihəsinin ilk qonağı tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı Adilə Nəzərdir.
-Necəsiz, yaradıcı əhval-ruhiyəniz necədir?
-İndiki vaxtda nə qədər yaxşı olmaq mümkündürsə o qədər yaxşıyam. Şairin əhval-ruhiyyəsi cəmiyyətin əhval-ruhiyyəsi ilə eyni olur.
– Yeni şeirlərinizi oxuyuram, mütəmadi olaraq feysbukda yayınlayırsız.
– Bəli, bu aralar pandemiya səbəbilə işlərin dayandırılması yaradıcılığa daha çox vaxt ayırmağa imkan verir. Demək olar ki, bir kitablıq şeirlər yazılıb bu aylarda. Bununla bərabər günün tələbinə uyğun statuslar, məqalələr, bir də elmi əsər-monoqrafiya yazmışam. Nəsr, publicist yazılar gözə və ağıla xitab edir, arada bu yöndə də qələmi işlədirəm. Ümumilikdə isə qəlbə xitab edən şeirlər yazıram. Bu həm stressdən uzaq olmaq üçün yaxşıdır, həm də sosial sifarişlərin həllində şairə kömək edir. Şairlik zamana və zamanın problemlərinə qarşı gəlmək sənətidir. Bu baxımdan şair üçün ictimaiyyətin fikrini də nəzərə alaraq, qarşıdakına şeirin dili ilə şillə vurmaq əvəzsiz vasitədir. Feysbukun geniş imkanlarından yararlanmaq isə ayrı bir zövq.
– Deyəsən səyahətə çıxmaq hobbinizdir, müxtəlif mənzərəli yerlərdən foto sesiyalarınız olur.
–Səyahət etməyi sevirəm, təbii ki, maddiyyat və vaxt baxımından imkanım əl verdiyi qədər bu istəyimi yerinə yetirirəm. Adətən, fotoları şeirin ruhuna uyğunlaşdırmaq, bir bütövlük yaratmaq məqsədilə paylaşıram. Heç vaxt şəkli şeirsiz paylaşmamışam. Bilirsiniz ki, mən həm də QHT- də “Kitab Evi” İctimai Birliyinin sədriyəm, layihələrim, konfrans və tədbirlərim olur, şəkillərin çoxunu həmin tədbirlərdən və kitab təqdimatlarından görüntülər təşkil edir.
Həyatımda heç şair görməsəydim, şairi özüm kimi təsəvvür edərdim – yolda gedərkən ağacların gözəlliyinə, fəsillərin təbiətdəki dəyişik rənglərinə, bulağın, çayın axışındakı ahəng və mənaya, dənizin köpürən dalğalarındakı çağırışmalara baxan, sevgini, sevinci, ağrı-acını, kədəri qəlbində duyan, hamının kədərinə toxuna bilən, onu hiss edən biri kimi. Amma bunları əsla ətrafdakılara hiss etdirməyən, içində ağlayıb, içində gülən biri kimi. Mənim şeirlərlə həmahənglik yaradan şəkillərdəki halım şəxsi həyatdakı halım deyil, əksəriyyəti şeir zamanındakı halımın təsvirləridir.
– Bu gəzintilərin son ucu yəqin ki, şeirə çevrilib, ədəbi məhsul kimi oxucuya təqdim olunur.
–Bəli, çox vaxt elə olur. Təbiətə çıxmayan vaxtlarımda daha kədərli, belə demək olarsa pessimist şeirlər yaranır. Təbiət isə insanın ruhunu yeniləyir, eynən ağacları, çiçəkləri yenilədiyi kimi. Bəzən də ilk dəfə getdiyin yerləri anladırsan. Məsələn keçən il Misirə, Qahirə şəhərinə səyahət etmişdim. Misir Piramidaları – Eyhamlar, Firon mumiyalar haqqında düşüncələrimi bir neçə silsilə şeirdə ifadə etdim, – o məkandan çəkilmiş fotoşəkillərlə. Oxucular tərəfindən maraqla qarşılanmışdı və hətta bir neçəsi indiyədək Piramidalar haqqında şeir yazan ilk Azərbaycanlı şair olduğumu qeyd etmişdi. Hesab edirəm ki, həmin şeirlər yaradıcılığımda yeni, fərqli bir ruh olaraq özünü göstərdi.
-Şairlik, şeir yazmaq ədəbiyyatla nəfəs almaqdır. Ədəbiyyatımızın havası necədir, ürək sıxmır ki?
-Ədəbiyyat həyatın güzgüsüdür deyirlər. Bəli, daha çox yaşadığın həyatın güzgüsüdür. Əgər yaşadığımız zaman ürək sıxırsa, ürək açan ədəbiyyatdan danışmağa dəyməz. Otuz illik ağrımız Qarabağ problem, şəhid tabutları, ölümlər-zülümlər azmış kimi, bir də günümüzün bəlası pandemiya, onun yaratdığı sosial problemlər gəldi üstünə. Bunlar əlbəttə ki, ədəbiyyatımızın ana mövzusunu təşkil edir. Necə deyərlər, ədəbiyyatı yaşadanlar ədəbiyyatı yaşayanlardır.
Amma şair hər qaranlıqda bir aydınlıq görməli, tunelin sonunda hətta görünməyən işığı belə görməlidir. Ya da görürmüş kimi təqdim etməlidir, çünki ümidsiz, inamsız ədəbiyyat ümidsiz gələcəyin yaradıcısına çevrilir. Bu isə heç kimə lazım deyil. Bir də ki, şair həyata fərqli baxışı, maddə və maddənin xaricindəki hadisələri fərqli qəbul etməli, fikrində və ruhunda yaratdığı inqilabla, sanki dağları hərəkətə gətirəcək kimi, qorxmaz və sərbəst düşüncəsi ilə digərlərindən seçilməlidir.
– Niyə bəzi yazarlarımız bir-biri ilə yola getmir, bu nə savaşıdır?
-Bu bütün dönəmlərdə olub, amma olmaması gərəkdir. Ziyalıların, xüsusilə ədəbiyyat sahəsindəki ziyalıların savaşına anlam verə bilmirəm. Kənardan izlədiyim qədərilə bu bir ədəbi paxıllıq deyil, ki, biri yaxşı yazır, o biri onu qısqanır. Kaşki belə olaydı. Şəxsi münasibətlər zəminində yaranan inciklikləri ədəbi zəmində düşmənçiliyə gətirib çıxarırlar. Birinin tutduğu vəzifə, mövqe digərinə ağır gəlir. Yazarların bir birinə kəskin mənfi münasibətləri oxucuların da psixologiyasını ciddi anlamda zədələyir. Bəzən tərəf saxlamağını da gözləyənlər olur. İnsanların qızışdırdığı tərəf yenidən hücuma keçir. Və bu savaşın dinamikası yüksəlir. Mən hər kəsi, xüsusilə tanınan, sevilən ədəbiyyat adamlarını bu mövzuda pozitiv olmağa və tərəfləri barışa dəvət etməyə səsləyirəm.
– Ümumiyyətlə indiki şəraitdə ədəbiyyat adamı olub, sözünü, özünü təsdiq etmək mümkündürmü?
– İndiki şəraitdə ədəbiyyatın da qismən siyasətə xidmət etdiyini görürük. Bu xidmətdən dolayı indi “özünü təsdiq edənlər” siyahısına düşənlərin hələ ədəbiyyatın tarixində qalıb-qalmayacağı bəlli deyil. Zamanın süzgəci doğru işlədiyinə görə bunu öncədən demək çətindir. Bir də bu var ki, bu işdə əvvəlki sualda toxunduğumuz məsələ də rol oynayır. Zamanın tələblərinə cavab verən şair həyat, dünya, insan haqqındakı şəxsi düşüncələrini şeirə gətirməyə vaxt tapmır. Bəzən yazdığı yerinə düşmür. Hadisələr elə tez-tez bir-birini əvəzləyir ki, oxucunun marağı gündəlik hadisələrə yönəlik olur. Düşünürəm ki, şair yazdıqları ilə nə qədər ictimai maraqlara cavab verirsə, bir o qədər də kənara çəkilib ədəbiyyat üçün işləməlidir.
– Adilə xanım, bu yaxınlarda Nəsiminin heç yerdə dərc olunmayan qəzəllərindən ibarət kitab dərc etdirdiz, o qəzəlləri toplamaq gərgin əmək tələb edir, yəqin ki asan olmadı.
– Adətən, həmişə bir işə başlamamışdan əvvəl araşdırmalar edirəm. İşə başlayandan sonra artıq nə edəcəyimi bilirəm. Bu mənim iş prinsipimdir. Nəsiminin İraq divanından xəbərdar idim. Hər dəfə bu mövzuda söhbət düşəndə ürək yanğısı ilə danışırdım, ki, niyə tərcümə olunmur. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən iki il dalbadal “Nəsiminin 650 illiyi” və “Nəsimi ili” elan olundu. Bu sahəyə milyonlarla vəsait ayrıldı. Ölkə üzrə bütün şəhər və rayonlarda hər sahədə sayısız konfranslar, tədbirlər, təbliğat işləri həyata keçirildi. Doğrudur, az da olsa Nəsiminin həyat və yaradıcılığı ilə bağlı yeni, dəyərli əsərlər də yarandı, amma bu tədbirlərin əksəriyyəti bir-birinin təkrarı idi. Bu mövzuda QHT-na Dövlət dəstəyi Şurasına təqdim etdiyim layihəyə maliyyə dəstəyi ayrıldı. Və mən arzusunda olduğum bu işi həyata keçirdim. Nəsiminin İraq divanını İrandan gətirdik. Təbii ki, bu əziyyətsiz olmadı… Tərcümə işini öncədən danışdığımız kimi şair-tərcüməçi Dalğa Xatınoğlu etdi. Həm də yüksək səviyyədə. Sonra “İmadəddin Nəsimi – 40 qəzəl” kitabını nəşr etdirdik və qəzəlləri özümüz qiraət etdik. İnanın ki, o layihədən bizə ayrılan əmək haqqını da o işə sərf etdik. Az vəsaitlə çox iş gördük, mənə elə gəlir ki, bu işdə bizə Nəsiminin ruhu da kömək oldu. Bir də zəhmətimiz bahasına belə gözəl nəticə alındı. O layihənin sonunda hesabat tədbirində mənim vəziyyətim şəkillərdən də görünür. Gərgin iş fəaliyyətinin sonunda xəstələndim və sağalmağım bir neçə ay çəkdi.
– Rəssam Sehran Allahverdinin Nəsimi əsəri bu qəzəllərlə həmahənglik yarada bildimi?
– Kitabın üz qapağında yer alan əsər çox söz-söhbətə səbəb oldu. Bu rəsmi çəkməsi üçün rəssam Sehran Allahverdiyə mən müraciət etdim. Bu rəsmin üzərində bir neçə dəfə müzakirələr apardıq. Nədənsə bəziləri Nəsimini bir qəhrəman döyüşçü kimi görmək istəyirdi. Biz isə əksini düşündük. Çox məsləhətləşdik. Axırda Sehran bəylə bir qərara gəldik ki, Nəsimi əsərdə duyduğumuz və qəbul etdiyimiz kimi təqdim olunsun. Nəsimi siyasi savaşlara qatılsa da o bir filosof şairdir, o bir müəllimdir. Elə o əsərdə də belə təsvir olundu. İşıqlı, kamil insan kimi. Ömrü boyunca kamil insan yaratmağı, daha doğrusu insanları kamilləşməyə çağıran, insanın Allah səviyyəsinə ucaldılması, onun aliliyi şairin öz sadə və nurlu simasında əks olundu. Mən bu əsəri çox uğurlu əsər sayıram. Nəsiminin yeni 40 qəzəlini Azərbaycan oxucusuna təqdim etməklə yanaşı bir də, şairin bu şeirlərlə həmahənglik yaradan müəllim, filosof-şair obrazını təqdim etmiş olduq.
– Ədəbiyyatımız, şeirimiz naminə, daha nə söyləmək olar?
–Yaradıcı adamlar maraqlı adamlardır. Təbii ki, doğuşdan yaradıcı adamlardan söhbət gedir. Belə demək mümkünsə ipləri boyunlarında gəzənlərdirlər. Sənəti yaradanlar da onlardır – cəsarətləri, səsləri, sözləri ilə öldürənlər.
Aktyor başqasının təkcə paltarını yox, ruhunu da geyinir, rəssama çox şey deyir ağ bir kətan parçası, heykəltəraş qaya parçasında heç kimin görmədiyini görür, yazıçı romanında yaşadığı və yaşatdığı gerçəkləri xəyallarından yaradır.
Eləcə də şair. Nədir şairin dərdi? Özünü vasitəyə çevirməklə cəmiyyətdən, qayda-qanundan, insanlardan, hətta həqiqi özündən uzaqlaşdıraraq nəyi izah etmək istəyir? Nə eşidir, nə görür? Öz başından, ruhundan, bədəndən və ağlından aralanmadan zamana qarşı gəlmək olarmı? Ruhu narahat olmayan insan şeir yaza bilərmi, ədəbiyyat yarada bilərmi? Yaradıcı adamların hamısı insanlıq naminə ruhu narahatlardır.
Bunlar bir yana.. Son olaraq bunu deyə bilərəm, elə bir zamandan keçirik ki, indiki dövrdə ədəbiyyat yaratmaq çətin məsələdir. Ədəbiyyat yaratmaq üçün beyin və qəlb təmiz olmalıdır. Yaradıcı adamın ideologiyası olmamalıdır. Vətən, torpaq, el-oba, doğmaların itkisi, millətçilik duyğuları və s. insandakı insanlıq sevgisini alıb kin və düşmənçiliyə yönəldir. Bizlər isə istəsək də, istəməsək də bunu yaşamağa məcburuq. İndiki dövrdə bu bizim vətəndaşlıq borcumuzdur. Amma dəqiq bilirəm ki, ədəbiyyatı borc ödəmək üçün yaşayanlar yarada bilməzlər.
Bununla belə arzu edirəm ki, əməyimiz itməsin.. Tanrı bizə yar olsun!
Söhbət etdi: Faiq BALABƏYLİ