QARABAĞA MƏKTUB
ƏZIZIM QARABAĞ,
Sənə bu misraları bir yay gecəsinin
Qapalı küncündən yazıram.
Qollarımın son döyüşə topladığı
gücündən yazıram.
Sən mənim arzularımın üfüqlərindən də o yana
sevdiyimsən,yarımsan-eşimsən.
Səni məndən nə qədər ayrı salsalar da
yenə də yaşamaq eşqimsən.
Adına yazılan mahnıları dinlədikcə
yol yorğunu gözlərini görürəm.
Hər gecə yuxumda şəlalələrinin saçlarını hörürəm.
CANIM QARABAĞ,
Bilirsənmi,
30 ildir qədərim oldun-qəzam oldun.
Hansı günahı işləmişdim ki,
Bu qədər ağır cəzam oldun…
Əgər bu gün dağlar,meşələr dil aç saydı deyərdi ki,
30 illik taleyin ən viranəsi sənədisə,
sevgilərin də ən şahanəsi sənədir..
Saçlarının hər telinə şeirlər, şərqilər yazıldı..
Bilirsənmi, 30 ildə ürəyimdə nə qədər məzar qazıldı?…
GÖZÜM QARABAĞ,
Dünən əllərimdə bir boşluq,
qulağımda küçə lampalarının qanlı öskürəyi,
qəlbimdə talan olmuş ümidlər vardı..
Bu günsə sevinc göz yaşlarından islanmış dəsmalım..
Bir də
Yanımda zülmə meydan oxuyan iki ay-ulduzlu bayraq,
Zirvələr açılır,dumanlar keçir,
Təzə ümidlər göyərir qəlbimdə…
ÖZÜM QARABAĞ,
Duyursanmı, çatırmı sənə ayaq səsim?
qolundakı qandalı, ayağındakı zənciri qıracağam.
barıt qoxuyur nəfəsim..
Mənim qəlbimdəki məhəbbət təkcə nərgiz qoxulu deyil.
Qorxma, Qarabağ, daha mən də qorxmuram,
qovuşmaq ümidi varsa,
ayrılıq qorxulu deyil..
ADİLƏ NƏZƏR
Müstəqil.AZ