ADPU-nun müəllimləri LDU-da payız semestrinin imtahan sessiyasının gedişini izlədi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bir qrup müəllimi bu gün Lənkəran Dövlət Universitetində (LDU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini izləyiblər.Tədbir Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə LDU arasında 2016-cı ildə imzalanmış müqavilənin şərtlərinə əsasən keçirilib.Belə ki, Lənkəran Dövlət Universitetində “Kimya və biologiya müəllimliyi”,”ibtidai sinif müəllimliyi” ixtisasları üzrə keçirilən aralıq və yekun atesstasiyalarda (imtahanlarda) ADPU-nun professor-müəllim heyətinin iştirakının LDU tərəfindən təmin olunması müqavilədə əsas öhdəliklərdən biri kimi nəzərdə tutulmuşdu.
ADPU-nun dosentləri-kimya üzrə fəlsəfə doktoru Mirheydər Abbasov və filologiya üzrə fəlsəfə doktoru Məmmədxan Soltanov bu gün imtahan keçirilən auditoriyalara baş çəkərək imtahanların gedişini əyani izləyiblər.Tələbələr üçün yaradılan şərait, imtahanların gedişi ADPU təmsilçilərini razı salıb.Onlar hər iki ixtisas üzrə keçirilən imtahanlarda biletlərinin tərtibindən, sualların professionalıqla qoyuluşundan razı qaldıqlarını kafedra rəhbərlərinin diqqətinə çatdırıblar.İmtahanların tam obyektiv və şəffaf mühitdə keçirildiyinə əyani şahidlik edən qonaqlar gördüklərindən razı qaldıqlarını bildiriblər.İmtahan gedən auditoriyaların birbaşa vebkameralar tərəfindən izlənməsi, ciddi nəzarət mexanizmi ADPU təmsilçilərində xoş təəsürat yaradıb.
Qeyd edək ki, qonaqlar imtahanlar başa çatdıqdan sonra qiymətləndirmə prosesində də iştirak edəcək, tələbələrin bilik səviyyəsini dəyərləndirə biləcəklər.
ADPU-nun təmsilçiləri izləmə prosesindən sonra Lənkəran Dövlət universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşərək LDU-da imtahan prosesində müşahidə etdiklərindən, tələbələrin biliklərini nümayiş etdirmələri üçün yaradılan şəraitdən razı qaldıqlarını deyərək , imtahanların şəffaf və obyektiv şəkildə keçirildiyini təmin etdiyinə görə LDU rəsmisinə razılıqlarını bildiriblər.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru , professor Cəfər Cəfərov professor-müəllimlərdən ibarət nümayəndə heyəti ilə Lənkəran Dövlət Universitetində olub, tədris prosesinin müasir standartlara uyğun yenilənməsi istiqamətində aparılan çoxşaxəli işlərlə yerində tanışlıqdan sonra gördüklərindən razı qaldığını deyib.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.
Müstəqil.Az