…ağ atlı oğlanını gözləyən şəhid sevgililəri… Bəhram ŞƏMSin şeirləri

…ağ atlı oğlanını gözləyən şəhid sevgililəri… Bəhram ŞƏMSin şeirləri

Sənə xatir

Dəli kimi sevdim səni ,
Eşqin ilə düşdüm dilə .
Vüsalına əl yetmədi ,
Həsrətinlə döndüm külə .
Hava kimi sevdim səni ,
Hər gün çəkdim nəfəsimə ,
Yazıq ürək sığışmadı
Sinəm boyda qəfəsimə .
Nəfəs kimi sevdim səni ,
Səbəb oldun yaşamağa ,
Səni səndən istəməyə ,
Səni məndə daşımağa …
Həyat kimi sevdim səni ,
Şeirlər yazdım adına ,
Belə – belə yuva qurdun
İçimdə xəyal qadına ..
Arzu kimi sevdim səni ,
Hər arzumda arzuladım ,
Səni həm öz qədərimdə ,
Həm ruzumda arzuladım .
Şeir kimi sevdim səni ,
Yazdım səni sətir – sətir ,
Özüm kimi sevdim səni
Sənə xatir , sənə xatir …
03 . 08 . 2021.

Bu sevginin əlindən

Ömrüm qaçhaqaçdadı , ömrüm qovhaqovdadı ,
Elə ,, o ” və ,, mən ” olduq …
,, Siz ” də heç ,, sən ” olmadı ,
Səndən ayrı getməyə başqa qapım qalmadı ,
Xudaya , qurtar məni bu sevginin əlindən …
Mən elə bilərdim ki , kama yetməkdir sevgi …
Nə biləydim qəm yeyib həsrət çəkməkdir sevgi …
O üzdən çıxdı getdi …
Yəqin getməkdir sevgi …
Xudaya , qurtar məni bu sevginin əlindən …
Hər gün yuxularına gələcəyəm, deyərdi ,
Sənsiz yaşamayacam , öləcəyəm, deyərdi …
Səni hər gün daha çox sevəcəyəm deyərdi ,
Xudaya, qurtar məni bu sevginin əlindən …
Bir də baxdım xəyalmış gözlərimin tuşunda ,
Hər şeyimi apardı …
Huşmu qaldı başımda ?!
Sənə pənah gətirdim axır ki , bu yaşımda ,
Xudaya, qurtar məni bu sevginin əlindən …
08 . 08 . 2021.

Sabahın xeyir , dənizim

Bu gecə
nə yaman zülmət gecə oldu ,
ilahi …
Fikrimdə ,
ağlımda azmış kimi
nə yaman düşdüm
bu zülmətin çənginə ??
Nə yaman başımın üstünü aldı
su qabağını kəsən əjdaha kimi ?…
Təklik ,
kimsəsizlik xofu gətirdi
yer üzünə bu gecənin zülməti ,
Bu zülmət
qaçırtdı dünyanın gözlərindən
kipriklərinə enən yuxularını …
Qaşqabağı yer süpürən
küsmüş uşağa
bənzəyir gecə bu gecə …
Örtüb qara çadrasını öz başına ,
Mürgülü gözlərini dikib
dənizin üzərindəki ağ dumana ..
Yol gözləyir hələ də
ağ atlı oğlanını gözləyən
şəhid sevgililəri kimi …
Başqa yazmalı bir şey qalmadı ,
dənizim ,
hər nə yazdımsa yazdım bu gecə …
bir azdan dan yeri söküləcək ,
küləklər , dalğalar ,
balıqlar oyanacaq …
Gecə də
qara çadrasına bürünüb
dərdində qərq ola -ola
yuxuya gedəcək …
Sabahın xeyir , dənizim ,
Gedək bir çay içək …
30 .08 .2021.
Share: