AĞ GÜN ELƏ BUYMUŞ, BƏSİMDİR, BƏSİM…

AĞ GÜN ELƏ BUYMUŞ, BƏSİMDİR, BƏSİM…
və yaxud
İLK TƏBRİKİ BİZDƏN QƏBUL ET, QIZIM!
Vasif SÜLEYMAN
Qızım GÜLlərin TACının – Gültacın – mən də varam deyib- bu fani dünyaya gəldiyini gün kimi xatırlayıram. O ərəfə həm də üzücü idi. Biri gedirdi, biri gəlirdi. Atam ağrılara dirəniş göstərirdi ki, gələn nəvəsini görə bilsin. Amma… Aralarında 20 günlük məsafə vardı. Bu 20 gün ölümlə olum arası qədər uzun idi. Gültac gələndə babası 20 gün ki, torpaqla nəfəs-nəfəsə dayanmışdı. Dünyanın üç yetimi üz-üzə idi: DÜNYA, MƏN və QIZIM.
Mən atasız, sən babasız,
dünya balasız, qızım!
Bir kimsə gələndə gəlməz,
dərdsiz, bəlasız, qızım!
İndi hayana baxırsan,
hər tərəfdən qan damır.
Bəlkə ona görə qalıb
çəmən lalasız, qızım!
Sən oyuncaqlarla oyna,
biz ömür-günümüzlə.
Udmağı qaldı məhşərə,
Allah-Taalasız, qızım!
Yaradanın işinə qarışmaq bizim əlimizdə deyildi. Gedənlə gələn hərəsi öz dünyasında yerbəyer olmuşdu. Soyuqdan üşüyən otqlara yavaş-yavaş hənirti hopurdu.
Xoş gəlibsən, bu sevincdən harda var,
Həsrətini çəkməmişəm az, balam!
Sən yoxuydun, soyuyurdu otaqlar,
Gəlişinlə gətirmisən yaz, balam!
Fərqi nədir, yanındayam, eşikdə,
Gecə-gündüz keşikdəyəm, keşikdə.
Sən yatanda mışıl-mışıl beşikdə,
Başın üstdən hərləyirəm duz, balam!
Sən gülümsən, sən dilimsən, tacımsan,
Şirinimsən, şəkərimsən, acımsan.
Sən atamsan, qardaşımsan, bacımsan,
Qənşərində qatlayıram diz, balam!
Mən heyranam ağlar, gülər üzünə,
Həsrətiydik gülüşünə, sözünə.
Mən ölüncə gözün baxsın gözümə,
Məndən sonra yaşayasan yüz, balam!
Sakit keçin, o beşikdə yatan var,
Orda mənim övlad payım, butam var.
Qızım, sənin bir divanə atan var,
Ürəyində nəğmə, dastan, söz, balam!
Mənim gülüm,Gültac balam, qız balam!
Elə bil o zamanlardır. Mən evdən çıxıb işə getmək istəyirəm, qızım GETMƏ deyir.
Gecikən ömrümə gülən çiçəyim,
Bəxtimə açılan yazım, gedimmi…
Sizin yanınızda qalır ürəyim,
Tanrının əlində ruzum, gedimmi…
Çəkilir ürəyim şişə, gedirəm,
Qismətim düşməyə, düşə, gedirəm.
Çörək-duz dalınca işə gedirəm,
A mənim çörəyim-duzum, gedimmi…
Siz olan dünyada neçə ki, varam,
Üzünüz qəm görməz, süfrəniz haram.
Qalsam, yanınızda xəcil olaram,
Gedib-qayıdacam qızım, gedimmi…
Elə bil heç aradan 25 il keçməyib. O, hələ də mənim üçün qönçə, GÜLLƏRİN TACI, arzularımın ən şirinidir. Həmişə öz-özümə düşünmüşəm ki, təki hər ailədə Gültac kimi ağıllı-kamallı bir övlad olsun. Vallah bundan ancaq qürur duymaq olar. Həyatıma o və bacısı qədər etibarlı dost daxil olmayıb. AĞ GÜN deyilən nədirsə, güllərimin yanımda olduqları zaman kəsiyini bilmişəm həmişə:
Siz gələn yolların yorğunu oldum,
Dünya yaman çəkdi sınağa məni.
Güllərim, axır ki, açılıbsınız,
Dost-tanış tutmuşdu qınağa məni.
Ağ gün elə buymuş, bəsimdir, bəsim,
Başınız üstündə eşqim, nəfəsim.
Görən, YARADANA çatarmı səsim,
Götürsün sizlərə sadağa məni.
Bəxtimə gec gələn kərəmə şükür,
Mənə qanadsınız, görənə şükür.
Qızlarım, sizləri verənə şükür,
Yaman öyrətdiniz uçmağa məni.
Həmişəki kimi, ilk təbriki bizdən – məndən, anandan və bacından qəbul elə, mələyim!
Share: