Bu gün Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi başa çatıb.
APA xəbər verir ki, məcburi köçkünlərin 13 ailədən (62 nəfər) ibarət növbəti qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” öz doğma yurd-yuvalarına yola salınıb.
Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə 25 ailənin 125 nəfər üzvü Ağalı kəndinə yola salınıb. 12 ailədən (63 nəfər) ibarət birinci köç karvanı sentyabrın 7-də məcburi köçkünlük həyatına son verib. Digər 13 ailə isə sentyabrın 10-da Ağalı kəndinə yola düşüb.
Köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri var.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
“Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə köçürülən 41 ailə (201 nəfər) hər cür şəraitlə təmin olunub. Ümumilikdə isə Ağalı kəndinə altı köç karvanı yola salınıb.
Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir.
Hər biri ailəyə həyətyanı sahəsi olan fərdi ev verilib. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında Dövlət Komitəsinin Repatriasiya Departamentində püşkatma ilə aparılıb.
Qeyd edək ki, işğala qədər bu inzibati ərazi üç kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1 504 nəfər).