Ağdamda mina problemi ilə bağlı keçirilən Beynəlxalq Forumda panel müzakirələri olub.
xəbər verir ki, vətəndaş cəmiyyəti təmsilçisi Orxan Amaşovun moderatorluğu ilə Forumum panel müzakirələri keçirilib.
Müzakirələrdə ANAMA-nın Metodologiya və qiymətləndirmə şöbəsinin müdiri Adil Aslanov, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, BMTİP eksperti Don Makdonald, siyasi analitik Hamdi Rifai, Türkiyənin Siyasət, İqtisadiyyat və Araşdırmalar Mərkəzinin (SETA) eksperti Mustafa Caner, “Piyada Əleyhinə Minaların Aşkarlanması İnkişafı” İctimai Birliyinin eksperti İtamar Levy, “Minadan Azad Sarayeva” layihəsinin rəhbəri, “Minaaxtaran itlər” Mərkəzinin direktor müavini Mariya Trlin, Humanitar Yardım Fondunun eksperti Mehmet Altıntaş, Mina Məsləhət qrupunun Azərbaycan üzrə direktoru Joanne La Terriere, UNİCEF-in humanitar minatəmizləmə üzrə eksperti Tetiana Kazanzhy və digər ekspertlər minanın törətdiyi qorxulu fəsadlardan, ondan qorunma və maarifləndirmə yollarından bəhs ediblər.
Xarici ekspertlər Ağdamda basdırılan minaların miqyasından dəhşətə gəliblər.
Vurğulanıb ki, dünya ictimaiyyəti Ağdamda, o cümlədən digər işğaldan azad edilmiş ərazilərdə minadan təmizlənmə işlərinin sürətləndirilməsi və yaşayışın bərpa edilməsi üçün əlindən gələni etməlidir.
Daha sonra panel müzakirələri sual-cavab formatında davam edib.
Tədbirin sonunda forum iştirakçıları adından dünya ictimaiyyətinə müraciət səslənib və konfransın xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, iki gün davam edən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Forumda müxtəlif ölkələrdən 10-dan çox xarici ekspert iştirak edib.