Ağdamın azad olunan ərazisində insan skeletləri tapıldı – Qolları məftillə bağlanıb

Ağdamın azad olunan ərazisində insan skeletləri tapıldı – Qolları məftillə bağlanıb

Ağdam rayonun işğaldan azad olunan ərazilərində insan skeletləri aşkarlanıb.

Müstəqil.AZ APA TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Uzundərə adlanan ərazisində qeydə alınıb. Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikinti texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

Skelet sahiblərinin paltarlı basdırıldığı müəyyən olunub. Hadisə şahidlərinin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

Hadisə yerinə baxış keçirən polis və prokurorluq orqanlarının əməkdaşları hər iki insan sümüyü qalıqlarını ekskumasiya edərək aidiyyatı üzrə tibbi ekspertizaya göndərib. Skeletlərin yaşı və kimliyi məhz araşdırma başa çatdıqdan sonra məlum olacaq.

Qeyd edək ki, Ağdam şəhəri və yeddi km yaxınlığındakı Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub. Bu ərazilər 27 il Ermənistan silahlı qüvvələrinin nəzarətində olub. Bu da o deməkdir ki, bu skeletlər girov düşmüş vətəndaşlara aid ola bilər.

Share: